2021-ci il Azərbaycanın iqtisadi həyatında mühüm hadisələrlə yadda qalacaq

1598

2021-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri bütövlükdə 2021-ci illə bağlı nikbin proqnozlar verməyə əsas verir.

2021-ci il dövlət büdcəsinin əsas prioritetləri Vətən müharibəsindən sonra ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizin bərpası, iqtisadi artımın təmin olunmasıdır. 2021-ci ildə dövlət büdcəsi xərclərinin 28,5 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci ilə nisbətən isə 5,9 faiz çoxdur.

2021-ci ilin ilk 5 ayı mühüm hadisələrlə yadda qaldı. Ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək açılışlar baş tutdu, önəmli layihələr reallaşdırıldı. Beynəlxalq iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyev 2021-ci ilin ilk ayında Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoydu, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını etdi. Yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyuldu, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı oldu.

“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq. Son 3 ildə Azərbaycana hər il 5–10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu müəssisələrdən biri də  “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Yəni, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

2021-ci ildə yadda qalan mühüm hadisələrdən biri də Sumqayıt şəhərində “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı oldu. “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.

Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Ölkə başçısı açılış zamanı bildirdi ki, bu müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının çox böyük əhəmiyyəti var, ilk növbədə, Sumqayıt şəhərinin inkişafı üçün. Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir.

Prezident İlham Əliyev: “Bu müəssisənin təməlini 2017-ci ildə mən özüm şəxsən qoymuşam və şadam ki, artıq 100 milyon avro dəyərində bu böyük layihə həyata keçdi və bizi vərəqə şüşələrin idxalından azad edəcək. Bu, o deməkdir ki, valyuta qalacaq ölkəmizdə, yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək”.

Bununla yanaşı 2021-ci ildə Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak etdi, Ağdam Sənaye Parkının təməlini qoydu. Ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı 2021-ci ildə daha da inkişaf edir

Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaradır. İki ölkə arasında keçirilən işgüzar tədbirlər çoxşaxəli biznes əməkdaşlığını genişləndirərək yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

Azərbaycandakı əlverişli biznes mühitindən faydalanan Türkiyə şirkətlərinin sayı hər il artmaqdadır. Bu şirkətlər əsasən sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və rabitə sahələrində fəaliyyət göstərir. Hazırda Azərbaycanda qardaş qardaş ölkədən 4200-dən çox şirkət fəaliyyət göstərir. Türkiyə Azərbaycanın qeyri-neft sektorunun ən böyük sərmayəçisidir. Eyni zamanda Azərbaycanın ən çox investisiya qoyduğu ölkə qardaş Türkiyədir.

Regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrini uğurla həyata keçirən Azərbaycan və Türkiyə mühüm nəqliyyat-logistika mərkəzlərinə çevrilib.

Bölgədə yeni reallıqların ortaya çıxması ilə əlaqədar olaraq nəqliyyat və infrastruktur daxil olmaqla iqtisadiyyatın bütün sahələrində qardaş Türkiyə ilə yeni əməkdaşlıq perspektivləri açılır.

30 may 2021-ci ildə Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən əməkdaşlığın strateji əhəmiyyətini və iqtisadi sahələrin qarşılıqlı əlaqələndirilməsinin vacibliyini vurğuladı.

Ölkə başçısı görüş zamanı bildirdi ki, İkinci Qarabağ savaşından sonra üzərində çalışılan Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək.

İdarəetmə infrastrukturunun yaxşılaşdırılması  ölkə iqtisadiyyatının inkişafa öz töhfəsini verəcək

İdarəetmə infrastrukturunun yaxşılaşdırılması və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafının əsas göstəricilərindəndir.

Bu baxımdan bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan İqtisadiyyat Nazirliyinin yeni binası əslində ölkəmizin iqtisadi sahədəki iddialarını və mövcud potensialını göstərir.

Sözsüz ki, Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişafın və iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması,  investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı və digər sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən İqtisadiyyat Nazirliyinin yeni binasının açılışı Azərbaycanın bölgədəki lider ölkə statusuna daha bir təsdiqidir.

Hümbət Quliyev, Sumqayıt Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər