Azərbaycanda hansı məhsulların bahalaşacağı, hansıların ucuzlaşacağı açıqlandı
Ukraynaya hücumdan sonra kəskin sanksiyalarla üzləşən Rusiya valyuta gəlirləri əldə etmək üçün ixrac imkanlarını normallaşdırmağa çalışır. Beynəlxalq yükdaşıma şirkətlərinin Rusiya mənşəli, bu ölkəyə yönəlik yükləri daşımaqdan imtina etməsi fonunda şimal qonşumuz ixrac imkanı olan ərazilərə maksimum çox məhsul satmağa çalışır.
Bir neçə gün əvvəl Rusiya Gömrük Tarifi və Qeyri-Tarif Tənzimlənməsi üzrə Alt Komitə Rusiya Federasiyasından Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına 2022-ci il avqustun 31-dək müvəqqəti qadağa tətbiq edilməsi barədə qərarı təsdiqləyib. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Avrasiya İqtisadi İttifaqı ölkələrinə, həmçinin şəkər və xam şəkərin ittifaqdan kənara ixracına da qadağa qoyulub. Bu qərardan sonra Avrasiya İqtisadi İttifaqı ölkələri əvvəlki kimi asanlıqla güzəştli şərtlərlə Rusiyadan buğda və meslin, çovdar, arpa, qarğıdalı əldə edə bilməyəcəklər. Rusiya Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, Aİİ ölkələri cari mövsümdə rüsumsuz rejimdə lazımi həcmdə taxıl alıblar.
Rusiya Taxıl İxracatçıları İttifaqının idarə heyətinin sədri Eduard Zernin mətbuata açıqlamasında bildirib ki, Aİİ-dəki tərəfdaşlar “çoxdan əsaslandırılmış taxıl həcmlərini alıblar”. Zernin onu da qeyd edib ki, Qazaxıstan və Qırğızıstan Rusiya Federasiyası tərəfindən ixrac kvotası tətbiq edildikdən sonra taxıl alışının həcmini kəskin şəkildə artırıblar. Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut mətbuata bildirib ki, Qazaxıstan nəzərdə tutulduğundan 2,5 milyon ton artıq buğda alıb. O hesab edir ki, Rusiya taxılı “daxili Qazaxıstan tranziti ilə başqa bazarlara”, Aİİ üzvü olmayan Özbəkistana gedir.
Qeyd edək ki, Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının 30 faizə yaxınını təmin edirlər. Müharibə hər iki ölkədən buğda ixracının azalmasına gətirib çıxarıb. Bu, bütün dünyada müzakirə olunur. “The Guardian”ın yazdığına görə, Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək. Nəşr qeyd edir ki, Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. “Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”, – mütəxəssis izah edib.
Qəzet xatırladıb ki, bütün dünyada ərzaq qiymətləri Ukraynada vəziyyətin gərginləşməsindən əvvəl də artıb. Səbəb kimi iqlim böhranı və koronavirus pandemiyası göstərilir. İndi bu amillər Ukraynada əkin mövsümünün pozulması və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa riskini əlavə edib. Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. Eyni zamanda Qara dəniz regionundan buğda tədarükünün 40 faizi ərzaq qiymətlərinin artıq kəskin bahalaşdığı Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, davam edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin artmasına və aclığa səbəb ola bilər: “Bu, qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoya və geosiyasi gərginliyi artıra bilər. Nəticələr onsuz da ailələrini dolandırmaqda çətinlik çəkənlər üçün xüsusilə ağır olacaq”.
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Dünya Bankı qlobal əmtəə bazarlarında fevralın sonuna qiymətləri açıqlayıb: “Ötən ilin eyni dövrü ilə müqayisədə kömür 2.2 dəfə, neft 2.2 dəfə, gübrələr orta hesabla 2 dəfə, mal əti 35 faiz, toyuq əti 69 faiz, pambıq 53 faiz, alüminum 55 faiz, mis 18 faiz bahalaşıb. Son 40 ildə dünya əmtəə bazarı belə təlatüm görməyib. Ukraynaya hərbi müdaxilənin uzanacağı təqdirdə bazarlarda kəskin qiymət volatillyi davam edəcək”.
Ekspertə görə, çox kəskin qlobal inflyasiya dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır: “Aparıcı iqtisadiyyatlarda makroqtisadi sabitliyin pozulması, inkişaf etməkdə olan ölkələrdə onsuz da geniş miqyasda olan yoxsulluğun daha da artması təkcə qlobal iqtisadi deyil, həmçinin siyasi sabitlik üçün saatlı bombaya çevrilir. Ən riskli tərəfi odur ki, inflyasiyanı cilovlamaq üçün monetar siyasətin effektivliyini azaldır, hədəflənəndən daha çox sərtləşmə və monetar daralmanı qaçılmaz edir. Bu isə monetar alətlərlə real sektorda iqtisadi fəallığı dəstəkləmək imkanlarını məhdudlaşdırır, işsizliyin artması riskini yüksəldir. Yəni makroiqtisadi riskləri yüksəkdir”.
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri kifayət qədər ağırdır: “Biz Rusiyada dərin tənəzzül gözləyirik və bu kəskin azalma artıq öz təsirini göstərməkdədir. Rubl xeyli ucuzlaşıb… Real gəlirlər azalıb. Rusiya əhalisinin alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə azalıb… Biz artıq Rusiyanın defoltunu gözlənilməz hadisə kimi görmürük. Rusiyanın borcuna xidmət etmək üçün pulu var, lakin ona çıxış əldə edə bilmir. Məni daha çox narahat edən Ukrayna və Rusiyadan kənara çıxan nəticələrin olmasıdır. Ən çox Rusiya və Ukraynanın bilavasitə qonşuları, Orta Asiya respublikaları, Qafqaz, Moldova narahatdır, çünki onların Rusiya və Ukrayna ilə dünya ölkələri ilə müqayisədə daha çox ticarət əlaqələri var. Beləliklə, yaxın qonşulardan əlavə, bizi çox narahat edən iki qrup ölkə var. Birinci qrup, COVİD-in yaratdığı iqtisadi böhrandan hələ çıxmamış ölkələrdir, onlar üçün bu şok xüsusilə ağrılıdır. İkinci qrup isə Rusiyadan enerji idxalından daha çox asılı olan ölkələrdir, çünki orada təsir istehlak, eləcə də inflyasiya daha çox nəzərə çarpacaq”.
İqtisadçı-alim Qubad İbadoğlunun fikrincə, Ukraynadakı müharibənin mənfi təsirləri inflyasiyanın yüksək olduğu ölkələrdə daha güclü olacaq: “Azərbaycan MDB dövlətləri arasında qiymətlərin səviyyəsi ən çox artan ölkədir. Ukrayna (ticarət dövriyyəsində 7-ci) və Rusiya (ticarət dövriyyəsində 3-cü) Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Azərbaycandan Ukraynaya 452,449 milyon dollar mal göndərilib, Ukraynadan Azərbaycana 470,024 milyon dollar mal gətirilib. Rusiyaya gəlincə, ötən il bu ölkəyə 920,819 milyon dollarlıq mal göndərilib, Rusiyadan Azərbaycana isə 2 milyard 74 milyon dollarlıq mal gətirilib. Ukrayna ilə ticarət əlaqələrində mal pozisiyası üzrə tütün məmulatı və siqaretlər, ərzaq məhsulları, dərman ləvazimatları üstünlük təşkil edir. Rusiyaya gəlincə, ötən il Rusiayadan Azərbaycana 293 milyon 235 min dollar məbləğində və ya 1 milyon 350 min ton həcmində buğda, bundan əlavə, 100 milyon dollar məbləğində uzununa doğranmış meşə materialları, 46 milyon dollarlıq bitki yağları gətirilib. Deməli, bu üç məhsul Rusiyadan idxalın 20 faizindən çoxunu təşkil edir”.
İqtisadçı-alimin fikrincə, Rusiya və Ukrayna ilə ticarət əlaqələrində yaranmış çətinlik ucbatından Azərbaycanda qiymət bahalaşması daha çox ərzaq məhsullarında, o sıradan bitki yağlarında, çörək və un məmulatlarında, dərman preparatlarında, siqaretdə və tütün məmulatlarında müşahidə olunacaq”.
R.Ağayev də qeyd edir ki, Azərbaycanın Rusiyadan idxalının üçdə biri ərzaq, üçdə ikisi qeyri-ərzaq mallarıdır: “Əlavə olaraq, Azərbaycanın ümumi qida idxalının da 30 faizdən çoxu məhz Rusiyanın payına düşür – yəni qida idxalında Rusiyadan ciddi asılılığımız var. Bahalaşma riskinə gələndə, rublun kəskin dəyər itirməsi bu riski xeyli azaltdı. Ukraynaya hərbi müdaxilənin davam etdiyi 15 gündən artıq dövrdə rubl manat qarşısında 45 faizə yaxın dəyər itirib. Ölkədə inflyasiya tempinin rublun dəyər itkisindən geri qaldığı halda, bahalanma riski yoxdur. Əksinə, Rusiya mallarının manat ifadəsində daha ucuz idxalı baş verəcək. Lakin bundan sonrakı mərhələdə Rusiyada inflyasiya tempi rublun dəyərdən düşmə tempini üstələsə, o halda Rusiyadan idxalın bahalanması qaçılmaz olacaq”.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,9 faiz yüksəlib. Bu zaman ən yüksək bahalaşma qida məhsullarında qeydə alınıb. Bu məhsullar fevralda yanvarla müqayisədə 2,2 faiz, əvvəlki ilin fevralı ilə müqayisədə 17,5 faiz bahalaşıb.
İnflyasiyanın yüksək olması şəraitində əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb. Belə ki, 2022-ci ilin yanvar-fevralında ölkə üzrə pərakəndə ticarət şəbəkələrində əhaliyə ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 2,9 faiz çox – 3 milyard 433,8 milyon manatlıq ərzaq məhsulları satılıb. Bu müddətdə ərzaq inflyasiyasının 17,5 faiz olduğunu nəzərə alsaq, əhalinin aldığı ərzağın real ifadədə 14 faizdən çox azaldığını söyləyə bilərik.
Onu da qeyd edək Azərbaycan hökuməti Rusiyaya qarşı sanksiyaların ölkəyə təsirlərini qiymətləndirməyə başlayıb. Bu haqda Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib: “Rusiya qonşu dövlət olduğu üçün ora tətbiq olunan sanksiyaların bizə də müəyyən təsirləri olacaq”.
O qeyd edib ki, həmin təsirlərin nə qədər və hansı müddətdə olacağını bilmək isə zaman məsələsidir: “Bu prosesləri ətraflı və dərindən monitorinq və qiymətləndirmə edirik”.(Report)