Xəbər verdiyimiz kimi, Yunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 77 şəxsin ölümünə səbəb olan meşə yanğınlarından qaçmaq üçün dənizə sığınanların bir qismi boğulub, xeyli insan isə itkin düşüb.
Yanğın baş verən zaman Afinaya səyahət edən Giannis Labropoulos gördüklərini BBC-ə danışıb:
“20 metr uzağı görmək mümkün deyildi. Bir anda istini yanımızda hiss etdik və yanğın olduğunu gördük. Yanğın çox sürətli yayılmağa başladı və mən gördüklərimə inana bilmirdim”.
Yanğın zamanı Matidə olan George Vokos və ailəsi dənizə tərəf qaçaraq həyatda qalmağı bacarıb:
“Maşınlarımı və evimi itirdim. Ancaq ən dəhşətlisi orada yaşananlardır. İki qadın qucağımda can verdi. Xoşbəxtlikdən mən sağ qala bildim”.
Ancaq dənizə qaçanlardan hamı sağ qala bilməyib. Belə ki, bu yolu seçən yüzlərlə insanı dənizdə yüksək dalğalar qarşılayıb. Odur ki, xeyli insanın dənizdə itkin düşdüyü və boğulanların olduğu bildirilib.
Günel Hacı