31 Mart soyqırımı tarixi yaddaşımızdan heç vaxt silinməyəcək

759

Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində “Böyük Ermənistan” xülyası ilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin törətdikləri qırğınlar olub. Həmin günlərdə Bakı quberniyasının digər şəhər və rayonlarında olduğu kimi Bakıda da on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilib, işgəncələrə məruz qalıb. Eyni zamanda yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar dağıdılıb.

Sonrakı dövrlərdə daha da azğınlaşmış erməni millətçiləri öz qeyri-insani əməllərini davam etdirərək Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, İrəvanda və digər bölgələrdə qırğınlar, soyğunçuluqlar, etnik təmizləmələr həyata keçirmişlər. Bu ərazilərdə də dinc əhali kütləvi şəkildə qətlə yetirilmişdir. 1918-ci il martın 30-dan aprelin 3-dək daşnak erməni silahlı birləşmələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 min nəfəri öz torpaqlarından didərgin salmışdır.

Bakı Sovetinin 6 min silahlı döyüşçüsü, o cümlədən Daşnaksütyun Partiyasının 4 minlik silahlı dəstəsi dinc azərbaycanlıların qırğınında iştirak edib. Mart soyqırımı öz qəddarlığı və miqyası ilə təkcə Azərbaycan tarixinin deyil, bəşəriyyət tarixinin ən qanlı faciələrindəndir. Fürsətdən istifadə edən erməni cəlladları dinc əhalini, o cümlədən uşaqları, qocaları və qadınları qılıncdan, süngüdən keçirərək diri-diri yandırılıb.

Ekspertlərin rəyinə əsasən həmin dövrdə Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Şahidlərdən toplanan xatirə və məlumatlara əsasən Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Ümumilikdə Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Quba qırğını zamanı şəhərdə həlak olanların sayı 2900 nəfər, Quba qəzasında ölənlərin ümumi sayı isə 4 min nəfərdən artıq olub.  Soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb və 2750-dən çox ev tamamilə yandırlıb. Tədiqatlar zamanı müəyyən olunub ki, xüsusi qəddarlıqla qətlə yetirilən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb.Bu fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda  qeyd olunurdu:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə martın 31-də ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı faciəsinin araşdırılmasına, həqiqətlərin dünyaya çatdırılmasına başlanılıb. Fərmanın imzalanması mövzu ilə bağlı araşdırmalara təkan verməklə yanaşı, həqiqətin üzə çıxarılması istiqamətində səyləri artırdı. Fərmandan sonra bu tarixin tədqiqi istiqamətində xeyli iş görülmüş, çoxlu əsərlər yazılmış və xarici dillərə tərcümə edilmişdir.

Son illər aparılan araşdırmalar sayəsində xeyli yeni fakt və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar edilib. Aşkar edilmiş tarixi faktlar göstərir ki, 1918-ci ilin mart-aprel aylarında və sonralar erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyası daha geniş, faciə qurbanlarının sayı isə dəfələrlə çox olub.

2007-ci ilin aprel ayında Quba stadionunun təmiri ilə bağlı aparılan qazıntılar nəticəsində kütləvi məzarlıq aşkar edildi. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza və antropoloji araşdırmalar aparıldı. Məlum oldu ki, cəsədlərdən 50-dən çoxu uşaq, 100-dən çoxu isə qadınlara aiddir. Həmin şəxslərin 1918-ci ildə Qubada ermənilər tərəfindən törədilmiş soyqırımının qurbanı olduqları sübuta yetirildi.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə qərar qəbul etdi.

Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı oldu. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Erməni-bolşevik silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Dünyanın gözü qarşısında ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlar, terror aktları təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətlərdir. Bu gün Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, günahsız insanların qanını düşməndən döyüş meydanında almışdır. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır.

Cəlal Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər