31 mart soyqırımı – XX əsrin unudulmayacaq faciəsidir

1388

1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən növbəti dəhşətli soyqırımı aktı həyata keçirildi. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə Azərbaycan türkü və digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirildi. Sovetlər dövründə bu faciə bizə unutdurulmağa çalışılsa da, Azərbaycan müstəqilliyini əldə edəndən sonra soyqırımı aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanıb dünya ictimaiyyətinə çatdırıldı.
Əlbəttə bu ermənilərin himayədarlarına arxalanaraq azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı siyasətinin nə əvvəli, nə də axırı idi. 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayaraq 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” elan etmişdir. Azərbaycanda hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. Soyqırımı siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “böyük Ermənistan” dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər. Bunun nəticəsi olaraq Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Təkcə milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli-memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib.
1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Qeyd etmək yerinə düşər ki, son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həllinin vacibliyini önə çəkmişlər.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqdan tapılan insan cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.

Emin Əliyev
YAP Sumqayıt şəhər təşkilatının məsləhtçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər