Sumqayıt Apellyasiya Məhkəməsində Siyəzən Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə təqsirli bilinərək ümumilikdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Ramil Məmmədxanlının hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
APA -nın yerli bürosunun məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Məmmədxanlının apellyasiya şikayəti təmin olunub, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət hökmü çıxarıb. Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə görə dələduzluqla bağlı təyin olunmuş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz olunub. Bu maddəyə görə, R.Məmmədxanlı cəzasını çəkdiyindən məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Məmmədxanlının müdafiəsini Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərid Əlimardanov həyata keçirib.