40 nəfərlik terrorçu dəstə, “Qara Rahilə”, nənə qatili olan 15 yaşlı qızlar və yaçızıçı deputatın qardaşı

1397

Yola saldığımız il ağır qətllər, zorlama, soyğunçuluq və kriminal avtoritetlərin ələ keçməsi ilə yadda qalıb

Fevral ayında Mingəçevirdə baş vermiş qətl hadisəsi 2012-ci ilin ən dəhşətli hadisələrindən biri hesab oluna bilər. Mİngəçevir şəhəri Nərimanov küçəsində yaşayan Beydullayevlərin evinə oğurluğa girən 23 yaşlı Hüseyn Dadaşov mənzildə olan iki azyaşlı uşaqlardan birinin boğazını üzüb, digərini isə ağır yaralayıb.

12 yaşlı Pərvini qətlə yetirib, 14 yaşlı Pərvanəni ağır yaralayan Dadaşov evdən cəmi 7 manat pul aparıb. H. Dadaşovun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və o ömürlük azadlıqdan məhrum edilib.

Ağılsız soyğunçu və “anam qəbri” ləqəbli cibgir

Fevral ayında Xətai rayon Polis İdarəsinin əməliyatçılarının yaxaladığı 37 yaşlı Azər Hüseynov ilin ən ağılsız soyğunçusu kimi yadda qalıb. Küçə ilə gedən xanımın mobil telefonunu alıb qaçan Hüseynov yerinin müəyənləşdirilməsinə polis əməkdaşlarına özü köməklik göstərib.

Fevral ayı həm də cibgirlərə qarşı aparılan mübarizə ilə yadda qalıb. Sumqayıt polisi “anam qəbri” ləqəbi ilə tanınan cibgir Kamran Məmmədovu yaxalayıb.

Mart ayı Ukrayna vətəndaşı 31 yaşlı Anastasiya Svtaduxun törətdiyi qətl hadisəsi ilə başlayıb. Qazax rayonunda fəaliyyət göstərən “Xan bağı” kafesinin sahibi 52 yaşlı Rövşən Dilbazı ilə yaxın münasibətdə olan Anastasiya ov tüfəngindən açdığı atəşlə 26 yaşlı Qazax rayon sakini Fariz Osmanovu qətlə yetirib, 27 yaşlı Tural Nəsibovu isə ağır yaralayıb. Hadisə adı çəkilən kafedə baş verib. Qətlin baş vermə səbəbləri açıqlanmayıb.

Qısqanclıq cinayətləri və korrupsiya əməlləri

Mart ayında Cəlilabadın Günəşli kəndində də qətl hadisəsi baş verib. Masallının Təklə kənd sakini Almaz Dəmirov sevdiyi, 19 yaşlı Turanə Cəfərovanın Cəlilabadın Günəşli kəndinə ərə getməsini eşidəndə Cəlilabada gələrək qızın boğazına 10 bıçaq zərbəsi vurub. Turanənin həyat yoldaşı Əlizamin Rzayev çağırılmamış qonaqı tərkisilah edərək ona bir neçə bıçaq zərbəsi vurub. Xəstəxanaya yerləşdirilən Almaz Dəmirov sonradan yerini həbsxanaya dəyişməli olub.

Mart ayında Qobu qəsəbə sakini Nazim Rzayev onun 17 yaşlı oğlu Mehdini ölüm həddinə çatdıran 41 yaşlı Dadaş Dadaşovu qisasçılıq zəminində qətlə yetirib. 17 yaşlı Mehdinin 41 yaşlı Dadaşa qumar borcu olub. Dadaş Mehdiyə “pulumu verməsən, atandan istəyəcəm” deyəndə Mehdi özünü asıb. Yeganə oğlunu itirən N. Rzayev oğlunu ölüm həddinə çatdıran Dadaşı “Makarov” tipli tapança ilə güllələyib.

Əjdaha ilində İmişli sakini həmyerlisini qulaqsız qoydu

Aprel ayının ən səs-küylü hadisəsi İmişlinin Hacıalmuradlı kəndində baş verib. Kənd sakini, 22 yaşlı Nizami Rüstəmov münaqişə zəminində həmyerlisi Seyfəddin Əhmədovun qulaqlarının bir hissəsini bıçaqla kəsib.

İlin ən mühüm hadisələrindən biri də aprel-may aylarında baş verib. Belə ki, may ayında Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana həm daxildən, həm də xaricdən təzyiqlər edilməyə başlayıb. Bu təzyiqlər nəticəsində bir qrup ətrafında birləşən şəxslər təxribat xarakterli hərəkətlər etməyə başlayıb.

Lakin Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı nəticəsində bu təxribat xarakterli hərəkətlərin, eyni zamanda terror pıanlarının qarşısı qətiyyətlə alınıb.

MTN Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Balakən, Qax, Qazax və digər rayonlarda keçirdiyi xüsusi əməliyyat nəticəsində Azərbaycanda terror aktı törətməyi planlaşdırılan ümümilikdə 40 nəfərlik dəstənin üzvləri həbs edilib.

Lakin bu əməliyyatlar hüquq-mühafizə orqanları, xüsusi ilə MTN-nin əməkdaşlarının həyatı bahasına gəlib. Qazax və Bakıda keçirilən əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı ağır yaralanıb.

Gəncə şəhərində həyata keçirilən xüsusi əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı ciddi silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər xüsusi təyinatlılara odlu silahlardan atəş açıb və əl qumbarası atılıb. Nəticədə MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev həlak olub, nazirliyin daha 3 əməkdaşı xəsarət alıb. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü yaxalanıb.

Sevgisinə rədd cavabı alan gənc 15 il cəza aldı

May ayında Yasmal rayonunda 18 yaşlı Günel Nəsirova yaşadığı evin qarşısında qətlə yetirilib. Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı qətli Şəki şəhər sakini, 24 yaşlı Pərviz Paşapurun törətdiyi müəyənləşdirilib. Dindirmə hamanı Paşapur 18 yaşlı Güneli onun sevgisini rədd etdiyinə görə vurduğunu deyib. Paşapur məhkəmənin hökmü ilə 15 il cəza alıb.

May ayında yaxalanan Qusarın Kuzum kənd sakini Gülbala Muradov da adına yaraşmayan hərəkət edib. Spirtli içki qəbul edən Gülbala qonşuluqda yaşayan 37 yaşlı Teymur Rəşidovu qətlə yetirib.

Yuxusunu qarışdıran Bakı sakini ağır cinayət törətdi

İyun ayının ən ağır hadisəsi Suraxanı rayon ərazisində baş verib. “Altun” şadlıq sarayının sahibi ilə “Badi kübə” tikinti şirkətinin sahibi arasında yaranan ədavət, baş verən söhbətlərə aydiyyatı olmayan 43 yaşlı Samit Məmmədovun başında çatlayıb. Dələduzluqda şübhəli bilinərək saxlanılan “Altun” şadlıq sarayı sahibinin oğlu Türkel Əsədullazadə, atasını “Badi Kübə” şirkətinin sahibi Ədalət Qəmbərovun tutdurmasından şübhələndiyi üçün sonuncudan qisas almaq qərarına gəlib. T. Əsədullazadənin ov tüfəngindən atdığı güllə Ə. Qəmbərovun yanında duran

43 yaşlı Samit Məmmədovun həyatına son qoyub. Türkelin hədəfi olan Ə. Qəmbərov isə böyründən yaralanıb. O, qəsdən adam öldürmə maddəsi ilə ittiham olunub.

Nərimanov rayon sakini Rəşad Kərimovun iyun ayında yuxusunu qarışdırması ağır cinayət hadisəsi ilə nəticələnib. Yuxuda iki gün sonra öləcəyini görən Rəşad bacısı ilə anasını da özü ilə aparmaq qərarına gəlib. Əli bıçaqlı Rəşad evə daxil olanda evdə yalnız bacısı olub. Bacısını qətlə yetirən Kərimov isti izlərlə yaxalanıb.

3 yaşlı qızı zorlayıb qətlə yetirdi

İyul ayının ən ağır hadisəsi Masallının Lürən kəndində baş verib. Kənd ərazisindən axan Viləş çayından 3 yaşlı Nuray Ağayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Meyiti müayinə edən ekspertlər qızın qəsdən öldürülməsini müəyyənləşdirib. Qətli törətməkdə şübhəli bilinən 18 yaşlı Ramin İsrafilov istintaqçıları anlaqsız olmasına inandırmağa çalışıb. Saxlanılan şəxslə bir məhəllədə yaşayan zərərəkənlər isə saxlanılan şəxsin ağlının yerində olduğunu bildiriblər.

15 yaşlı qızlar nənə qatili oldular

İyul yında Gəncə şəhərində baş verən qətl hadisəsini də ilin ən səs-küylü hadisəsi adlandırmaq olar. Gəncə şəhəri 3 mikrorayon ev 2 mənzil 42 yaşayan 73 yaşlı Zemfira Məmmədova yaşadığı mənzildə qətlə yetirilib. Polis qətli törədənləri müəyyənləşdirəndə gəncəlilər şoka düşüb. 15 yaşlı qızlar nənəni həyatdan bezdikləri üçün öldürdüklərini deyiblər.

Sürücünün tələsməsi 10 nəfərin həyatına son qoydu

Avqust ayının ən ağır cinayət hadisəsi Binəqədi rayon ərazisində baş verib. Ailə münaqişəsi zəmininbə baş verən mübahisə zamanı Seymur Paşayev böyük qardaşı Teyyubu güllələyib. Binəqədi rayon polis idarəsində dindirilən Seymur istintaqçıları atəşin təsadüfən açılmasına inandırmağa çalışıb.

Avqustun daha bir ağır hadisəsi Lökbatan qəsəbəsində baş verib. Ayın 31-də səhər saat 8 radələrində 124 saylı marşrut avtobusu Qaradağ rayon ərazisində dəmir yol xətini keçərkən Ağstafadan Bakıya gələn qatarla toqquşub. Sürücü Fərid Ağayevin tələsməsi 10 nəfərin həyatına son qoyub.

İlin ən qalmaqallı hadisəsi

Sentyabrın 17-də Biləsuvar rayonunda baş verən cinayət də ilin əl qalmaqallı və səs-küylü hadisəsi kimi yadda qalıb. 23 yaşlı rayon sakini Loğman Babayevi qardaşının evində tutan Ruslan Mehrəliyev əlinə bıçaq götürərək, məsələni kökündən həll edib, onun cinsi orqanını kəsib.

Ərindən bezən qadın qatil oldu

Oktyabr ayında Yevlax rayonunda həyat yoldaşı, 30 yaşlı Sərxan Musayevin tez-tez döydüyü 20 yaşlı Şəfa Əlizadə bıçağa əl atmaq məcburiyyətində qalıb. O, Sərxanın həyatına son qoyub. 8 aylıq körpə anası olan Ş. Əlizadə istintaqa verdiyi ifadəsində deyib ki, əri tez-tez spirtli içki qəbul edib onu döyürmüş.

Dekabr ayının ən ağır hadisələrindən biri Lənkəranda qeydə alınıb. Tükəvəli kənd sakini Fuad Kəlbiyev polisə şikayətə gedən həyat yoldaşı Lətafət Ağayevanı vəhşicəsinə qətlə yetirib. Mütəmadi olaraq əri tərəfindən döyülən L. Ağayeva atası və qardaşı ilə birlikdə Lənkəran polisinə yollanırmış.

Göyçay rayonunun Bəydəvəli kəndində isə it üstə düşən mübahisə qan qohumlarını qan düşməninə çevirib. Kənd sakini Əziz Xudiyev əmisi oğlu Nicat Xudiyevi ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Kənd sakinlərinin sözlərinə görə, Nicat Əzizin atası Ağabab ilə it üstündə mübahisə edib.

Kriminal avtoritetlərə həbs yürüşü…

İlin ən səs-küylü olaylarından biri də oktyabrın 19-da Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbə ərazisində yerləşən “Yağmur” restoranında həbsdən yeni çıxmış “Yeraz Nəriman” ləqəbi ilə tanınan kriminal avtoritet Nəriman İbrahimovun azadlığa çıxması qeyd edilirmiş.

Məclisdə Rusiyadan və digər ölkələrdən olan kriminal avtoritetlər iştirak edib. Həmin restoranda kriminal avtoritetlərin zərərsizləşdirilməsi və saxlanılması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Əməliyyat nəticəsində restorandakı avtoritetlər zərərsizləşdirilib və saxlanılıb. Ümumilikdə həmin əməliyyat nəticəsində 30 avtoritetin saxlanılması xəbəri yayılıb.

Qeyd edək ki, bu il Azərbaycanda avtoritetlərin həbs edilməsi ili kimi yadda qalıb. Həbs olunan ilk avtoritet də qadın olub. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları 58 yaşlı Rahilə İsmayılovanı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilərək saxlayıb. Dörd dəfə məhkumluq həyatı yaşayan R. İsmayılovanın kriminal aləmlə geniş əlaqələri var. O, “oğru” aləmində “Qara Rahilə” kimi tanınır.

Kriminal aləmdə Koba Qruzinski kimi tanınan gürcü avtoritet Koba Kvaxadze Bakıda həbs edilib. O, mənzil oğurluqlarında təqsirli bilinir. Gürcüstan vətəndaşlığı olan Kvaxadze 2011-ci ildən Azərbaycan ərazisində axtarışda olub.

Deputatın qardaşı oğlu ağır qətl törətdi

İlin ən səs-küyə səbəb olan qətl hadisələrindən biri də iyulun 17-də Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində qeydə alınıb. Odlu silahdan açılan atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramov döş qəfəsindən və İmişli rayon sakini Səməd Mənsimov qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. R. Bayramov aldığı xəsarətdən orada dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail rayon 8-ci polis bölməsi əməkdaşları qanlı cinayəti deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun törətdiyi müəyyən edilib. /”Teleqraf” qəzeti/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər