44 günlük Vətən Müharibəsinin şanlı səhifəsi – Cəbrayılın azad olunmasından bir il ötür

940

44 hərbi əməliyyat çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları dağıdaraq, silahlı qüvvələrini məhv edərək işğal altındakı torpaqlarımızı azad etdi.

Bu müddət ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər geri qaytarıldı. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri 28 illik həsrətdən sonra 8 noyabr 2020-ci il tarixdə işğaldan azad edildi. Beləliklə, Ermənistan təslim aktına imza atdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

10 noyabr 2020 -ci ildə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları atəşkəs bəyannaməsi imzaladılar.Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, bu bəyanat əslində Ermənistanın hərbi kapitulyasiyasıdır.Kapitulyasiyanın şərtlərinə əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu geri qaytarıldı.

Hər bir rayonun, hər bir şəhərin və kəndin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradırdı, ordumuzun daha da irəli getməyə həvəsləndirirdi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl şəhərinin 27 illik əsarətdən sonra işğaldan azad olunması müjdəsini verməsi xalqımızda xüsusi bir ovqat yaratdı, coşğusuna səbəb oldu. Çünki, Cəbrayıl işğaldan azad olunan ilk şəhərimiz idi. Bu baxımdan 4 oktyabr tarixi 44 günlük Vətən Müharibəsində önəmli gün kimi hər zaman Azərbaycan xalqının yaddaşında olacaq, qürurla bu günü xatırlayacaq.

23 avqust 1993 -cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu bir şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.

Hesablamalara görə işğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda ağır şəraitdə məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki  72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb.

Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu.

2016 -cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan ordusunun nəzarətinə keçdi.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Bundan əlavə,  Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar aparmaq üçün geniş imkanlar yarandı.

16 noyabr 2020 -ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva azad edilmiş Cəbrayıl rayonunda oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyətə malik hadisə idi. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəbrayıl şəhərinin işğaldan azad olunması digər şəhər və kəndlərimizin azad olunmasına böyük imkanlar açdı. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Cəbrayıl rayonu da qısa müddət ərzində bərpa olunacaq və 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu ərazilərdə həyat bərpa olunacaq! Cəbrayıl öz doğma sakinlərinə qovuşacaq. Bu gün, Cəbrayılın işğaldan azad olunduğu gündə şəhidlərimizi hörmətlə anırıq. Bütün bu qələbələr onların canı-qanı bahasına əldə olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Vəzirxan ƏnsərovSumqayıt şəhər Ağsaqqallar Şurasının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər