44 günün qəhrəmanlıq dastanı – Ordun varsa yurdun var!

733

Ötən ilin payızından başlayaraq təkcə Azərbaycanda deyil, bəlkə də bütün dünyada haqqında ən çox bəhs edilənlərdən biri, bəlkə də birincisi Azərbaycanın Müzəffər Ordusudur desək, yəqin ki, səhv etmərik. Cəmi 44 günlük savaşda tarixdə bənzərinə nadir hallarda rast gəlinən sürətli hücum və qələbə nümunəsi nümayiş etdirən Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq nümunələri ilə adından uzun illər bəhs etdirəcəkdir.

26 İyun yaradılışının 103-cü ildönümünü Azərbaycan Ordusu qalib ordu kimi, dünyanın ən güclülərindən biri kimi qeyd etdi. Ordumuz təkcə qalibiyyəti ilə deyil, bu qalibiyyətlə bölgənin taleyini dəyişən, dünyanın müharibələr tarixinə yeniliklər gətirən və müasir hərbi sistemi tamamilə dəyişməyə məcbur edən bir faktor kimi də adını tarixə qızıl hərflərlə yazdırdı.

Bu gün öz gücünü, qüdrətini düşmənə layiqincə sübut edən Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə çox çətinliklərlə yaradılsa da, həmin dövrdə də düşmənə layiqli cavab verməyi bacarıb.

Cümhuriyyətin ilk günləri: Milli Ordu quruculuğu

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra onun fəaliyyətinin başlıca istiqamətlərindən biri milli ordunun yaradılması idi. Silahlı qüvvələrinyaradılmasına Cümhuriyyətin elan edildiyi ilk gündən başlanmışdı.

Yeni yaradılacaq ordunun əsasını Müsəlman Korpusu təşkil edirdi və mövcud birləşmə ilk Azərbaycan rəsmi Ordusunun bünövrəsi oldu. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov bəy Sultanov hərbi nazir təsdiq edilmişdi.

Lakin ilk kabinə tez buraxıldığına görə, Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olundu. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.

Bununla da bu günlərdə 103 illiyini qeyd etdiyimiz Milli Ordumuzun yaranma günü 26 İyun kimi tarixə düşdü.

Yeni yaranan orduda həm quruculuq işləri aparılır, həm də eyni zamanda Stepan Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələri ilə Gəncə istiqamətində fəal döyüş əməliyyatları aparılırdı. Azərbaycan Ordusu, belə demək olarsa, yarandığı gündən savaşlarda formalaşmağa başladı.

Nuru paşa ilə yanaşı, Milli Ordu quruculuğunda Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov kimi təcrübəli generallar da iştirak edirdilər. Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirilir, bu məqsədlə Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə məktəbinin fəaliyyəti yenidən qurulur və onun statusu artırılaraq gizirlər məktəbinə çevrilir.

Təəsüflə qeyd etmək lazımdır ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə ölkənin müstəqilliyinə və milli mənafelərə xidmət edən ordu quruculuğu prosesi də yarımçıq qaldı. 1920-ci il aprel işğalından dərhal sonra Cümhuriyyət ordusunun hissələri ləğv edildi, Milli Ordu üçün yaradılmış maddi-texniki baza isə yeni bolşevik hökuməti tərəfindən talan olundu.

Ulu Öndər və müstəqil Azərbaycanda ordu quruculuğu

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük işlərin bünövrəsini qoyub və onu inkişaf etdirib.

Müasir Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin çoxsahəli fəaliyyətinin bəhrələrindən biridir. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan  Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Yalnız  ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra  bu proses onun sayəsində yenidən həyata keçirilməyə başlandı.

Ümummilli liderin təşəbbüsü ilə Bakıda milli hərbi kadrların hazırlanması məqsədinə xidmət edən Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Təsadüfi deyil ki,  C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

Sonralar Ulu Öndər özü bu barədə danışarkən deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.

Müzəffər Ali Baş komandan – Qalib Ordu

Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşdı. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Günü-gündən güclənən, təkmilləşən Azərbaycan Ordusunun qarşısında müqəddəs bir vəzifə dayanırdı: Ermənistanın işğaı altında olan torpaqları azad etmək. Ali Baş Komandan ordu rəhbərliyi ilə bağlı son görüşündə bu barədə deyir: “Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.

Müstəqilliyimizin yenidən bərpa olunmasının 30-cu ilində Azərbaycan Silahlı Qüvvələri yaranma ildönümünü Qalib Ordu kimi qeyd etmək xoşbəxtliyini xalqımıza yaşatdı. Dünyanın super gücləri hesab edilən dövlətlərin orduları belə Azərbaycan Ordusunun savaşa daxil etdiyi yenilikləri öyrənmək və tətbiq etmək istiqamətində araşdırmalar aparırlar.

Uzun illər Prezident İlham Əliyevin addım-addım, gərgin siyasi priyomlarla apardığı uzaqgörən siyasəti Azərbaycan əsgəri onun Ali Komandanlığı ilə möhtəşəm qələbə ilə nəticələndirdi. Əlbəttə, bu, o anlama gəlmir ki, Ordumuz torpaqlarımızı azad etdi və bununla da vəzifəsini yekunlaşdırdı. Əksinə, ərazilərimizi azad etməklə həm də bölgədəki geosiyasi vəziyyəti dəyişdi və indi Azərbaycan təkcə bölgədə deyil, regionda və qitədə güclü ölkə statusu ilə proseslərə daha başqa prizmadan yanaşmalıdır.

Müzəffər Ali Baş Komandan İlam Əliyev məhz bu amilləri nəzərdə tutaraq deyib: “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi”.

Dövlət başçısı iyunun 26-da ordumuzun mənsubları ilə görüşündə bu günədək görülən işləri və qarşıda duran böyük hədəfləri nəzərdə tutaraq qeyd edib: “Biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır”.

Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Hal-hazırda Azərbaycan Ordusu dünyanın iri dövlətlərinin orduları ilə müqayisə edilir ki, bu da ordumuzun qüdrətini bir daha təsdiqləyir.

Ucal Qasımov, “Məslək” qəzetinin redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər