“5 ayda 2 milyondan çox tibbi xidmət göstərilib”

429

“Sumqayıt Tibb Mərkəzində 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyondan çox tibbi xidmət göstərilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov xəstəxanaya mediatur zamanı bildirib.

O qeyd edib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

“2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında isə vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. Beləliklə, ötən ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

Mərkəzin cərrahi işlər üzrə direktor müavini Ramin Qasımov qeyd edib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 2 nömrəli Xəstəxanasında birgünlük cərrahiyyə sisteminin tətbiqinə başlanılıb.

O qeyd edib ki, cərrahiyyədə stasionar yatış xidmətlərindən birgünlük cərrahiyyə (əməliyyatdan sonra evə buraxılma) xidmətlərinə sürətli keçid baş verir: “Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saata qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır.

Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”. R.Qasımov bildirib ki, bir sıra təcili, planlı cərrahi xidmət tələb edən hallarda birgünlük cərrahiyyə xidməti stasionar çarpayılarda doluluğun qarşısını almaqda, xəstələrin erkən normal günlük həyat tərzinə qayıtmaqda fayda verəcək”.

***

Elnur Azadxanov əlavə edib ki, 2 nömrəli Xəstəxanada ilk dəfə bu gün icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb:

“Qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunub. Əməliyyat travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib. Bu tip cərrahi ortopedik əməliyyatların başlanılması endoprotezləşmə üçün digər müəssisələrə yönəldilməni, əməliyyatlar üçün növbələri aradan qaldırmaqla, dövlət müəssisəsində həm Sumqayıt, həm də ətraf rayon, şəhər əhalisinin xidmətə əlçatanlığını təmin edəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər