Maya təqviminə əsasən, bu il dekabrın 21-də dünyanın sonu olduğu barədə xəbərlər medianın gündəmindən düşmür. Dünyanın məhv olacağı barədə xəbərləri təkzib edən ABŞ Amerika və Böyük Britaniya hökumətlərinin həmin gün üçün xüsusi plan hazırladıqları, dekabrın 21-də həmin ölkələrdə hərbi vəziyyətin elan olunacağı, ərzaq ehtiyatının toplanacağı, əhaliyə ərzaq talonlarının paylanacağını iddia edənlər var.
Ancaq Mayya təqviminə görə yalnız iki məkan, qiyamət günü zərər görməyəcək. Həmin bu yerlər isə, Fransadakı Buqaraç və Türkiyədəki Şirincə kəndləridir.
***
Əhalisi 200 nəfər olan Buqaraç Fransanın cənubunda, Andorra və İspaniyaya sərhədləri yaxınlığında yerləşir. Bir müddət əvvəl burada UNO bazası yerləşdiyi barədə iddia da ortaya atılıb. Yadplanetlilərin həmin gün kəndə gələcəyi və oradakı insanları xilas edəcəkləri barədə inanc da geniş yayılıb.
Türkiyədə İzmirin Səlcuq rayonunun Şirincə kəndinin əhalisi isə 600 nəfərdir. Səfalı dağlıq ərazidə yerləşən Şirincə kəndinin əhalisi son illər əsasən yay turizmi hesabına dolanışığını təmin edir, populyar yay turizm məkanlarındandır. Turistlər yay aylarında adətən bu kəndə gəlib, gözəl yerlərini gəzib, məşhurlaşan şərabının dadına baxırlar.
***
Ancaq Maya təqvimi, o cümlədən Səlcuq Məryəm Ana Evinin bu kəndin yaxınlığında yerləşməsi səbəbindən xristian toplumunun bir kəsimi İsa peyğəmbərin dekabrın 21-də səmadan bu kəndə enəcəyinə inanır. Yay aylarında bu kəndə gələn xristian turistlər adətən, həm də Səlcuq Məryəm Ana Evinə baş çəkirlər. Ümumiyyətlə, Şirincə kəndində qurulan turizm infrastrukturu eyni vaxtda 450 turistə xidmət etməyə hesablanıb. Qış aylarında isə adətən bu kənddə turist gözə dəyməyib. Amma indi vəziyyət başqadır…
Artıq indidən Şirincə kəndi “turist hücumu”na məruz qalıb. Bəlkə də bu, bir az yumşaq ifadədir. Dekabrın 21-də bu kənddə 30-150 min arasında turistin olacağı proqnozlaşdırılır. Əksər turizm şirkətləri turistlərin sayının 100 min nəfəri keçəcəyinə əmindir. ABŞ-ın turizm şirkətləri neçə vaxtdır Şirincəyə, özü də tək gedişli turist biletləri satmağa belə başlayıb. Kənddə yay aylarında bir turistin bir gün gecələməsi 60 dollara başa gəlirdisə, indidən bu qiymət 1800 dollara çatıb. Şirincə əhalisi xüsusi olaraq 6 min butulka “Qiymət Günü”-nü şərabı da hazırlayıb. O cümlədən kənddə ənənəvi olaraq bitkilərdən hazırlanan yeməklər də “Qiyamət Günü” menüsünə daxil edilib.
Yay aylarında turistlərin hesabına yaxşı qazanc əldə edən Şirincə əhalisinin əksəriyyəti “Qiyamət Günü” hesabına bu sərt qış günündə də yaxşıca qazanacaqlarını düşünürlər. Lakin kənd bələdiyyəsi indidən narahatdır. 450 turist çoxdan 1800 dollara özləri üçün yer tutub, kənddəki Qonaq Evində (HOTEL Sirince Evleri) yer qalmayıb…
***
“Mistik Konakları” turizm firmasının sahibi Engin Vatan da bunu təsdiqləyib. Şirincədə 18 ildir ki, turizm sektorunda çalışan İbrahim Kataç 21 dekabr məsələsinin kəndin dünyada tanıdılması baxımından yaxşı reklam olduğunu, ancaq məsələnin getdikcə çılğınlıq həddinə çatdığını düşünür. O, hesab edir ki, dekabrın 21-də kənddə 100 mindən çox insanın olması elə bu kəndin özü üçün bir Qiymət Gününə çevriləcək. Kənddəki Qonaq Evində çalışan Aykut Yaşa hətta 100 min yox, 50 min insan gəlsə belə, kəndin infrastrukturunun bu yükü qaldıra bilməyəcəyini vurğulayıb. İcra nümayəndəliyi, bələdiyyə tədbirlər görməyə çalışır. İlk növbədə də tualet problemini həll etməyə çalışırlar. Elə 2 tualeti olan Qonaq Evi də ilk növbədə tualet dərdini çəkir, 20 səyyar tualet sifariş verilsə də, bunun da yetərli olmayacağından ehtiyat edilir.
Yeri gəlmişkən, aparılan sorğudan məlum olur ki, Şirincə kəndinin əhalisinin çox az hissəsi dekabrın 21-də qiyamət qopacağına inanır, əksəriyyət buna inanmır.
Ramiz Mikayıloğlu, Lent.az