60-ın “Sonuncu fəsil”i…

1254

Sıradan insanlar sıradan həyat yaşarlar. Və öz taleyini, öz həyatını yaşamaq çox asan…

İdeyaları, prinsipləri ilə insanları səfərbər etmək, axarı, düzəni dəyişmək, cəmiyyəti istiqamətləndirmək, tarixin və düşüncələrin inkişafına təkan vermək – bu çox çətin olanı isə ancaq müdriklər bacarar. Çünki onlar sıra nəfəri yox, sıranı yaradan, sıranı düzənlərdi, parlaq zəkaları ilə Yer üzünü işıqlandıranlardı.

Birnəfəsə oxuduğum “Sonuncu FƏSİL” kitabında (kitab-albom!) sanki bu cür ağıl və dərrakə sahibləri ilə həmsöhbət oldum…

Qəhrəmanlıq üçün bir an kifayətdir, ləyaqətli insan olmaq üçün isə bəzən bütöv bir ömür bəs eləmir. Haqqında danışdığım elə bu kitab da məhz həmin həqiqəti diqtə edir oxucuya – ləyaqətli insan olmaq hikmətini…

…Və mənə elə gəlir ki, bu kitabı ətə-qana doldurmaq üçün də bütöv bir ömür sərf olunub! Müəllif ömrü boyu “topladığı” və özü ilə gəzdirdiyi “sərvəti”ni, nəhayət, oxucularla bölüşür, sələflərini, dədə-babalarını da xatırlayır, onların “əmanəti”ndən də hər birimizə pay verir…

Ağlımız kəsəndən ata sözü sırğa kimi asılıb qulaqlarımızdan, çətinə, dara düşəndə, lap elə şad günümüzdə də “Bəs onlar buna nə deyərdilər?” düşüncəsi ilə gözlərimizi o “nəsihət sırğası”na zilləmişik. Çünki onlar təkcə, ailənin, nəslin, el-obanın ağsaqqalı, ağbirçəyi kimi böyük deyildilər, həm də kamillik, müdriklik simvolu idilər, sözlərinin hökmü, hikməti, çəkisi, urvatı ilə də böyük idilər. Və dünya var olandan bu “filosof”ların fikirləri zaman və məkan sərhədlərini aşıb, cilalana-cilalana bir dünya incisinə çevrilib. Bir kəlməyə, bir misraya, bir cümləyə sığan o “inci”lər mayak kimi yol göstərmək missiyası ilə bu gün də dünyanı dolaşmaqdadır, dünya durduqca da dolaşacaq…

Milli Məclisin deputatı, tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, Əməkdar jurnalist İmamverdi İsmayılovun “Sonuncu FƏSİL” kitabı da bir söz incisi, bir fikir xəzinəsidır, dibi görünməyən hikmət dənizidir, “oturuşmuş qələm sahibi”nin müdriklik dünyasıdır.

Bu, elə bir kitabdır ki, “…əlinə götürəndə əlin sevinir, baxırsan – gözün sevinir, vərəqləyirsən – qəlbin sevinir”…

****

”İmamverdi İsmayılov” imzası mətbuatda da, Azərbaycan cəmiyyətində də çox parlaq imzadır. Bu imzanı mətbuat “yaradıb”, mətbuat tanıdıb. Bu imza Azərbaycan ictimai-siyasi həyatına da məhz mətbuatdan gəlib və artıq tarixə düşüb. Çünki ədəbi söz xiridarı kimi sahibinin xidmətləri çox böyükdür. Imamverdi İsmayılov fərqli yaradıcılıq dünyası ilə geniş oxucu kütləsini sözünün sehrinə sala bilən yazıçıdır və… beş çağırış dalbadal Milli Məclisin deputatıdır. Bioqrafiyasından ikicə faktı da xatırlatmaq istəyirəm: Zəngilan rayonunda bir qərib yurddaca doğulub, İbiş kişinin övladıdır və… yurd həsrətlidir.

Qələm-kağızı taleyinin yol yoldaşı, jurnalistliyi özünə peşə seçən İmamverdi İsmayılov indiki BDU-nun jurnalistika fakültəsini bitirib. Hələ sovet dövründə mətbu orqanlarının da, jurnalistlərin də barmaqla sayıldığı bir zamanda imzasını təsdiq edib, sayılıb-seçilib. Ölkə mətbuatında bu imzanı əldə çıraq axtarıblar, qəzet-jurnallarda hekayə və povestlərini, publisistik yazılarını intizarla gözləyiblər, o əsərlərin əks-sədası bu gün də dilnən deyilir. Amma o, həmin dövrün, sadəcə sıravi jurnalistlərindən biri olmayıb. Ölkəmizdə təkcə bizim Azərbaycan Televiziyası varkən İmamverdi İsmayılov bu kanalın “Gənclik” Baş redaksiyasının Baş redaktoru olub. Ciddi senzuranın hökmranlıq etdiyi, hətta hər sözün, hər ifadənin belə ələkdən keçirildiyi bir vaxtda, gənc yaşında belə bir mühüm ideoloji mərkəzdə, mötəbər tribunada böyük bir redaksiyaya, yaradıcı kollektivə rəhbərlik etmək, özü də bacarıqla rəhbərlik etmək hər igidin işi deyildi. Əməkdaşlarımız günü bu gün də həmin dövrü böyük sevgi ilə xatırlayır, İmamverdi İsmayılovun peşəkarlığından, idarəçiliyindən, əqidə bütövlüyündən, yaradıcı düşüncəsindən, novatorluğundan, onun təşəbbüsü ilə araya-ərsəyə gələn uğurlu telelayihələrdən, baxımlı verilişlərdən, eləcə də bir insan kimi sadəlik və təvazökarlığından hörmətlə danışırlar. Onun mətbuatdan, televiziyadan əxz elədiyi isə təkcə bu hörmət-izzət olmayıb. Istedadı, TV-dəki mühüm vəzifəsi və təcrübəsi, ətrafındakı zəngin yaradıcı mühit onu yetkinləşdirirb, “siyasi baxışlara malik ziyalı” kimi də formalaşdırıb və mətbuatın “şinel”indən geniş yola çıxarıb, daha da məşhurlaşdırıb…

****

Bu gün “millət vəkili” kimi son dərəcə ciddi, məsuliyyətli bir statusu var. Millətinin dəyərli övladlarındandır, xalqının dostudur. Dürüst əqidəsi, aydın məramı, dəyişməz, “obyektiv azərbaycançı mövqeyi” ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Onun hər çıxışı isə (istər KİV-də, istərsə də hansısa tribunada) sözün zirvəsinə dönür, obrazlı desək, qaranlıq səmada işıq effektinə çevrilir, yaxud dəryada sükut buzunu parçalayır.

Həmkarı, akademik İsa Həbibbəyli Milli Məclisdəki İmamverdi İsmayılovu belə təqdim edir: “İmamverdi İsmayılov Milli Məclisin daxili ictimai mühitində həmişə ön mövqedə dayanır. Onun obyektiv münasibətləri ifadə edən fikirləri, yığcam və sərrast sözləri plenar iclaslardakı müzakirələrin əsas tezislərini tamamlamağa və daha da möhkəmləndirməyə xidmət edir…”

O, çağdaş ədəbiyyatımızda, jurnalistikamızda siyasi publisistikanın ən parlaq nümunələrini yaradan yazıçıdır. Azərbaycanın xilaskarı, qurucusu, “mahir siyasət ustadı” Ulu öndər Heydər Əliyev və onun yetirməsi, siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev haqqında silsilə (və orijinal!) portret oçerklərin müəllifidir. Yazıçının müraciət etdiyi mötəbər mənbəyə hörmət və ehtiramı, güclü məsuliyyət duyğusu, həmçinin özünəməxsus baxış bucağı və səmimiliyi bu məqalələri analoji yazılardan çox fərqləndirir.

İki nümunəni yada salmaq istəyirəm: “Məhək daşı”, “ŞAH və… MAT”. Hər ikisi İmamverdi İsmayılovun siyasi mövzuda qələmə aldığı son dərəcə uğurlu əsərlərdir. Bu əsərlərdə Prezident İlham Əliyevin parlaq obrazı, möhtəşəm portreti yaradılıb – zərgər dəqiqliyi ilə, yüksək bədii incəlik və həssaslıqla, ustadcasına! Onun qısa müddət ərzində müstəqil Azərbaycanın hərtərəfli inkişafı naminə gördüyü misilsiz işlər, qazandığı danılmaz nailiyyətlər özünəməxsus şəkildə təhlil olunub. Təsadüfi deyil ki, “ŞAH və… MAT”, nəinki Azərbaycan, qardaş Türkiyə mətbuatının da diqqətini çəkdi, ölkənin aparıcı KİV-lərində dərc edildi, geniş rezonans doğurdu. Davamlı müşahidələrin nəticəsi kimi yazılan məqalədə İmamverdi İsmayılov haqlı olaraq Prezident İlham Əliyevi “Azərbaycan insanlarının arzularından gəlmiş lider” kimi səciyyələndirir. “Siyasət meydanı – hüdudları bilinməyən, oyun şərtləri, qaydaları doğru-dürüst bəlli olmayan və Dünyanın özü böyüklüyündə Şahmat Taxtasıdır” deyən müəllifin fikrincə: İlham Əliyev siyasət şahmatı arxasında apardığı bütün oyunların ona görə qalib tərəfidir ki, bütün gedişləri dürüstlük meyarına əsaslanır.Səmimidir və özüdür…”

Yazıçı hesab edir ki, bu müdrik “oyunçu” ilə şahmat taxtası arxasında qarşı-qarşıya gələnlər MAT olmağa məhkumdur, çünki dünya adlı böyük şahmat taxtasının:

“…bir tərəfi Azərbaycandan kənardakı dünyadır, burada əllərində qara fiqurlar, düşüncələrində qara niyyətlər, qarşılarında qara planlar dəstə ilə üstümüzə gəlmək istəyənlər oynayır, yerbəyerdən bizə doğru fəndgir gedişlər edilir, kimsəyə boyun əyməyən bu müstəqil gücü sarsıtmaqdan ötrü ağlasığmaz kombinasiyalar qurulur.

Bir tərəfdə isə AZƏRBAYCANDIR!.. Müstəqil və sabit AZƏRBAYCAN!..

Burada xalqın sevgi dolu nəzərləri, etimadı ilə əhatə olunmuş Prezidentimiz diqqətini qarşısındakı ağ fiqurlara, ölkənin və xalqın süd kimi ağ gələcəyinə cəmləyib…”

Yazıçının ustalığı, hünəri bir də ondadır ki, istər “Məhək daşı”, istərsə də “ŞAH və… MAT”, sadəcə məqalə kimi oxunmur, müəllifin fikir və mülahizələri gözlərimizin önündə möhtəşəm kadrlara çevrilir, film təəssüratı yaradır, sanki oxucu ekranda müstəqil Azərbaycan və onun rəhbəri haqqında mükəmməl bir film izləyir…

****

Elə təzəcə işıq üzü görən ”Sonuncu FƏSİL” də təkcə kitab kimi vərəqlənmir, dünya, zaman, ömür, insan həyatı, yaxşılıq-yamanlıq, pislik-xeyirxahlıqdan… bəhs edən dopdolu, maraqlı bir film kimi “baxılır”.

Yazıçı yaddaşının məhsulu olan düşüncələrini incələyir, müdrik kəlamlarını, aforizmlərini mirvari kimi ipə-sapa düzür. Bu kəlamların hər biri, sanki bir həyat lövhəsi, bir həyat dərsi kimi “canlanır”. Az və sərrast sözlə yaradılan bu böyük “həyat mənzərələri”nin dərin fəlsəfəsi oxucunun yaxasını buraxmr, onu cazibəsinə salır. Yazıçı öz düşüncələri ilə düşündürür! Düşündürməyi bacarır! Fikirlərin dahiyanəliyi isə qalın-qalın kitabların ifadə etdiyi məna qədər təsirlidir!

Aforizmlər bir-birini əvəz etdikcə anlayırsan ki, həyat, həqiqətən də, insanın yaşadığı gerçək bir zənginlikdir və bu zənginliyi təkcə dərk etmək yox, ondan ibrət götürmək də lazımdır. Onu da etiraf edirsən ki, ən yaxşı müəllim həyatdır və onun dərslərini qətiyyən buraxmaq, onun dərslərindən “qalmaq” olmaz. Bu mənada, “Sonuncu FƏSİL” müəllifin həyat dərslərindən aldığı “əla” qiymətdir! Kitaba ön söz yazan AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin fikrincə, məhz “…içərisində olduğu mühitə ayıq-sayıq münasibət onun müdrik aforizmlərinin əsas ilham mənbəyidir…”

Təxminən 300 səhifəlik kitab yazıçının işıqlı təfəkkürünün, dərin müşahidə qabiliyyətinin, dopdolu həyat təcrübəsinin, möhkəm yaddaşının və bütöv xarakterinin güzgüsüdür, onun mənəvi-ruhi təmizliyi, zənginliyi bu güzgüdə çox aydın görünür: “Ya Allah” sözü ən böyük duadır!”, “Salam Allahındır, ehtiram sənin!”, “Min şükür” kəlməsini sabaha saxlama!”, “Çörəyini böl, özünü bölmə!”, “Əlini də qaldırma, səsini də – özünü qaldır!”, “Ata bildiyin daşı götür”, “Ağıl  ətraf ağıllı olanda görünər”, “Naümid yerdə ümid axtarmazlar”, “Elin qabağında gedən arxasından ürkməz!”, “Etdiyin yaxşılıqlar rəfə yığılan kitab kimidir: vədəsi yetişəndə oxunacaq”, “Mənim beynimi pul yox, dəyərlər qidalandırır”, “Hər qapını açana ürəyini açma!”, “Şərəfsizdən heç nə gözləmə!”, “Yaxanı əllərə vermə!”, “Çəpərdən boylanan qonşu düz əməl sahibi olmaz”…

Kitab 7 fəslə bölünüb: “Öncə söz yarandı”, “İllər… Fəsillər… İnsanlar…”, “Bu yol hara aparır məni…”, “Bizim ellər yerindəmi?”, “Ölümün vədəsi gələndə…”, “Tanrı hüzurunda…”, “İmanım… Gümanım… İnamım…” Həyatımızda elə bir mövzu yoxdur ki, bu fəsillərdə onunla bağlı aforizmlər, ata sözünə bərabər sözlər olmasın.

İmamverdi İsmayılov hikmətli fikirləri ilə elə böyük hikmətləri də yada salır. Söhbət insandan, insaniyyətdən gedirsə, müəllifin nəzərində: “Bir adam hamı üçün yaxşı ola bilməz, hamı üçün yaxşı olan da yaxşı adam ola bilməz!”.

Yazıçının xoşbəxtlik-bədbəxtlik haqqında fikri də çox sərrastdır: “Xoşbəxtliyin və ya bədbəxtliyin uğrunda vurnuxsan da, bil ki, bu, sənin iradəndən kənar söhbətdir!”.

Bəs yaxşılıq-xeyirxahlıq? Kitabda buna da cavab var: “Savab işin qapısını dualar döyər”, yaxud “Verdiyini unut, aldığını da yaddan çıxarma!”.

Müəllifin pisliyə, yamanlığa münasibəti də olduqca sərrastdır: “Bada verəni bada verəcəklər”.

Dost, dostluq da yazıçının nəzərindən qaçmır: “Çətinimin yarağı, bəzəyimin darağı – dostum mənim – gəl, gəl – ürəyim açıqdır sənə…” Bir ürək dostunu bundan gözəl necə tərif etmək olar?..

Müdrik söz adamının pula baxışı isə təzadlıdır: “Bu dünyada ən şeytansifətli şey puldur – cibdən cibə girir” və bu fikrin təkzibi: “Başın dolu və… cibin də dolu olsa yaxşıdır”, yaxud “Evində 7 oğul olan ana da qazanc gətirənin canına and içir…”. Amma yazıçının bu haçalanmış fikirləri ilə də razılaşmamaq olmur, çünki hər ikisi həqiqətdər!..

İmamverdi İsmayıova görə, həyatda “Ən bahalı şey – VAXTdır”, “Əqrəblər dayana və irəli gedə bilər – geriyə yol yoxdur…”

Şan-şöhrət də unudulmayıb, yazıçı hesab edir ki: “Şöhrət – üfürülmüş şar kimi şişən sabun köpüyüdür, ömrü qısa və aldadıcıdır, partlayıb dağılacaq…”, “Şöhrət, həm də şeytandır…”.

“Sonuncu FƏSİL”dəki kövrək notlar isə oxucunu, elə müəllifin özü qədər duyğulandırır:

“Yollar qovuşanda ümidim artır,

Yollar haçalananda içimdə hər şey… hər şey qırılır.”

“O qərib yurdlarda qalmış atamın qəbrinə yağan yağış mənim göz yaşlarımdır… Allahım, bax, beləcə əlini uzadır mənə…”

“Diriykən qədir bilməyənim, mən öləndən sonra qəbrimə gəlib gülləri düzmə, ürəyimi üzmə…”

“Öləndə üstündə doyunca ağlayacaq insanı kaş əvvəldən tanıyaydın!..”

“Soyuqda, sazaqda iliyim, sümüyüm üşüyəndə gəlib qəbrim üstə bir ağız ağlayarsan, mənim gözü selli-sulu, ağlayan bacım…”

“Əkdiyin ağacın budağı ilə səni döysələr, ən ağır zərbə almış olarsan və yarası da heç zaman sağalmaz…”

Yazıçının daha bir böyüklüyü odur ki, kitabda nəslinin, el-obasının ağsaqqallarından, ağbirçəklərindən, həmçinin taleyinin ona tanıtdığı dünyagörmüş insanlardan da ibrətamiz sitatlar gətirir, onlaın sözünü də ürək genişliyi ilə kitaba köçürür. Heç şübhəsiz, bu, onun sözə və bu sözün müdrik daşıyıcılarına verdiyi dəyərdir, müqəddəs və toxunulmaz dəyər…

“Nənəm ölə bilməyən, ağır can verən insan görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən belə zillət çəkir…”.

“Dədəm deyərdi ki, bala, sən hələ əlinlə it qoruyub arxanla qapı açmamısan…”

“Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər, bala!..”

“Əmim deyərdi ki, sən elə bir nəsildənsən ki, yaxşısından yaxşısı, pisindən pisi yoxdur…”

“Bibim yana-yana deyərdi ki, məni tanıyan qurd yesin, tanımayan yox…”

“Qonşumuz Yəhya kişinin ölüm ayağında arvadına dediyi sözlər indi də yadımdadır: “Yorğan mənim nə sümüyümü, nə də iliyimi isidəcək. Üstümü açıq qoy, bürümə məni, bəlkə, rahat ölə bildim…”

“Bir dostum yaxşı deyir: “Yeznə – əlavə dəyər vergisidir…”

****

Kitabda sözlə çəkilən füsunkar təbiət lövhələri də “göz oxşayır”. Yazıçı bu lövhələri istedadlı rəssam fırçasıyla “kətana köçürür”:

“Şəlalə – dağların və dünyanın ən təmiz hörükləridir…”

“Çəmən şehi – səhərin göz yaşlarıdır, üstündə ehtiyatla gəz-dolan…”

“Ağaclar kökün üstündə, budaqlar ağacın üstündə…”

“Dünyanın ən möhtəşəm sevincini çiçəkləyən ağaclar yaşayır…”

Kitab-albomun bədii, estetik tərtibatı, yüksək poliqrafik nəşri də çox uğurludur.

Qəhrəmanın düşüncələrini çox böyük zövqlə seçilmiş ecazkar təbiət lövhələri, möcuzələrlə dolu dünyamızın və insan ömrünün heyrətamiz anlarını əbədiləşdirən foto-şəkillər müşayiət edir. Əsrarəngizliyi özündə donduran bu görüntülərin hikməti heç də yığcam, lakonuk deyimlərin təsirindən az deyil.

Mətn və foto-şəkillər bir-birini uğurla tamamlayır, sözlə görüntünün vəhdəti, kompozisiyası oxucunu sehrinə salır…

****

…Bu da son – kitabın sonu. Və yazıçının çox ibrətamiz “son nöqtəsi” – 8 yaşlı nəvəsi ilə şəkli və “hikmət xəzinəsi”nə vurduğu yekun: “BİR DEYƏCƏYİM QALDI…”.

“Bu da ikimiz… İkimizin də adı bir, soyadı bir: İmamverdi İsmayılov… Birimiz böyük, birimiz kiçik… Və ikimizin bir yerdə 68 yaşı var: 60 mənim, 8 onun… Elə bu kitabı da ömrümün və nəslimin 8 yaşlı davamçısına – nəvəm İmamverdi İsmayılovun adına bağışlamaq istədim. Bir ömür qocalıb gedirəm… Bir ömür cavanlığa gəlirəm… Təskinlik tapıram ki, adımı, soyumu yaşadan var. Sözümü, söhbətimi yaşadan isə yəqin, elə kitablarım olacaq… Bəlkə də, elə bu son kitabım…”

Yox, bu, son deyil, İmamverdi müəllim, bu, ancaq 60-ın sonudur!

60-ın “Sonuncu FƏSL”İdir!..

“Yetkinlik yaşda, müdriklik başda!” deyən, müdrikliyinin 60 zirvəsində Prezident İlham Əliyevin “Şöhrət” ordeninə layiq gördüyü İmamverdi İsmayılovun 60-a sığan həyat hekayətləridir!..

Bu qarmaqarışıq, bu “əlləm-qəlləm” dünyamızda xoş niyyətə, kamilləşməyə xidmət edən, mənəvi rahatlıq bəxş edən “hikmət xəzinəsi”dir. Azərbaycan ədəbiyyatında yeni sözüdür – dünəni, keçmişi, bu günü gələcəyə daşıyan sözü!..

Və… SÖZ övladının bu “SÖZ”ü, heç şübhəsiz, dərin fəlsəfəsi ilə elə müəllifinin adını da müdriklərin sırasında mütləq gələcəyə “daşıyacaq”!..

Hər kəsə “Özünüzü də qoruyun, sözünüzü də!..” deyən müdrik ziyalının!..

 

FİRUZƏ NADİR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər