70 il öncə gənc oğlanlar Sumqayıta birdən-birə niyə axışdı?

1996
Sumqayıt 50-ci illərdə qurulurdu. İşləri sürətləndirmək üçün gənclər lazım idi. Enerjili, entuziazm dolu gənclər!
Bölgələrdən gətirmək olardı.
Amma kimya şəhərinə maraq az idi. Bura Bakı qədər cəlbedici deyildi…
Nə etməli?!
Qərara alındı ki, digər sovet ölkələrindən gənc qızların təyinatlarını yeni salınan şəhərə vermək olar. Sonrasını hormonlar həll edəcək… Dünən Sumqayıta gəlməkdən boyun qaçıran gənclər bura axışmağa başladılar. Və beləcə Sumqayıt oldu “gənclər şəhəri”…
Beləliklə, gənclər birləşib enerji ilə, sevgi ilə şəhəri tikməyə başladılar.
Şəhərin sementi sevgi ilə yoğruldu.
Bax, bu gün Sumqayıtın ruhundakı pozitivlik də həmin sevgidən qaynaqlanır.
***
Bakı-Sumqayıt yolunun Sumqayıta yaxın hissəsi necə yaşıllığa çevrildi?
Görmüsünüz də, orda 50-60 yaşlı ağaclar var.
Sumqayıt yeni qurulanda hiss olunurdu ki, kimya zavodlarının ucbatından burada yaşayış məşəqqətli olacaq.
Yalnız sıx yaşıllıq havadakı qazların nisbətini oksigenin xeyrinə dəyişə bilərdi.
Sumqayıt sürətlə yaşılaşdırılmağa başlanıldı. Xüsusilə dənizkənarı parkda çox sıx yaşıllıq salındı.
O vaxt şəhərin gecə həyatı indikindən daha qaynar idi… Sovet ölkələrindən təyinatı Sumqayıt verilmiş gözəl qızlar, iş yeri, karyera və bir az da gözəllik eşqi ilə bölgələrdən Sumqayıta üz tutmuş gənc oğlanlar… Yorulmaq bilməyən gənclər işdən sonra da əylənir, əylənirdilər. Bu əyləncə dolu axşam və gecələrdə yeyib-içib, testosteron hormonun təsiri altında emosionallaşıb, qız üstündə dava-dalaş salanlara da rast gəlinirdi. Bu dava-dalaşlar bəzən faciə ilə bitirdi. Dənizkənarı parkın sıx ağaclıqları “razborka”ların, bıçaqlanmaların ən çox baş verdiyi yerə çevrilmişdi. Xüsusiə gecələr bu ərazilərə nəzarət çətinləşirdi.
Belə halda “raykom” qərara aldı ki, dənizkənarı parkda ağacların seyrəkliyini azaltmaq yaxşı olardı. Və ağacların bir hissəsi parkdan şəhərin çıxışına, bir hissəsi isə Bakı-Sumqayıt yolunun kənarlarına əkildi…
…İndi Sumqayıt 70 yaşına hazırlaşır. 70! Şəhər üçün gənc, insan üçün qocaman yaşdır. Amma adama elə gəlir ki, Sumqayıt şəhər üçün qocaman yaşında da – tutaq ki, 700 yaşında da belə gənc ruhlu, pozitiv, özünəməxsus olacaq!
Veteranları dinləyərək qələmə aldı: 
Vüsal MƏMMƏDOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər