8-ci sinif şagirdi “Hell”dən ölüb? - Atası danışdı

1645

Goranboy rayonunda 8-ci sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Sumqayitxeber.com-un Trend-ə istinadən məlumatına görə, rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə “Hell” enerji içkisinin səbəb olduğunu iddia ediblər: “Xəyal Qəhrəmanov idmana gedirdi. Onun yarışa girməzdən əvvəl “Hell” içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı”.

Yeni kənd orta məktəbindən bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: “Bir müddət xəstəxanada yatdı, tromb (damarlarda əmələ gələn qan laxtası) xəstəsi idi. Onun “Hell” içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər “Hell” içənlər var ki…”.

Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün “Hell”lə heç bir əlaqəsinin olmadığını deyib: “Xəyal xəstə idi. Ayaqlarında tromb vardı. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı. Amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. 40 gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdi. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir  də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda “Hell” harada içdi? Analizin cavabı da evdədir”.

Qeyd edək ki, X.Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər