80 İLLİK ÖMÜR ÇIRPINTILARI

1337

Həyat mübarizədir! Mübarizə dedikdə əzab-əziyyətlərdən keçib möhkəmlənən, kamillik zirvəsinə ucalan məfkurəvi insan siması gözlərimiz önündə canlanır. İnsanın ən ali keyfiyyəti onun dözümlüyü və sərt əngəllərə qarşı qalib gəlməsidir. Rəhimli, ədalətli və etibarlı insan olan Möhübbət Fərman oğlu Məhərrəmovun     80 illik ömür karvanında nail olduğu nə varsa, hamısına Tanrı yardımçı olmuşdur.  Tanrı tərəfindən yer üzünə göndərilən həkim-əczaçı Möhübbət Məhərrəmov əməksevərliyi, xeyirxahlığı, fədakarlığı, mübarizliyi ilə sayılıb seçilir. Ötən günlərə boylandıqca hər nəfəsində  bu günü ilə şükr edib sabahını dualar içində açan və ömrünün 80 illik mənalı akkordlarını geridə qoyan dəyərli ziyalı  1940-cı ilin avqust ayının 23-də dünyaya göz açdığı Qubadlı rayonunun Məmərli kəndini yenidən görmək arzusu ilə yaşayır. Uzun illər öncə böyüklərimdən adını və xoş məramlı əməllərini eşidib tanıdığım Sumqayıt Aptek-415 Açıq Tipli Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Möhübbət Məhərrəmovla hər müsahibəmdə gözlərindəki kədəri aydın sezmişəm. Bu dəfə də belə oldu…

Öz düşüncələrimdə səbəbini arasam da qarşımdakı bu nurani, cəfakeş insan gözlərindən süzülən yaş damcıları ilə kədər notlarını açıqlayırdı:

… İnsan keçmişsiz və gələcəksiz yaşaya bilməz. Əsl insan qarşısındakı adamın kim olmasından asılı olmayaraq təmənnasız onu anlamalı, mərhəmət göstərməlidir. Bu insanlığı mən hələ uşaqlıqda ulularımdan, məni böyüdüb boya-başa çatdıran valideynlərimdən öyrənmişəm. Onlar məndə öyüd-nəsihətləri ilə doğma torpağa, Vətənə sonsuz məhəbbət yaradıblar. Təəssüf edirəm ki, artıq 27 ildir ki elimə-obama həsrət qalmışam. Nə ulularımın qəbirlərini ziyarət edə bilirəm, nə də doğma kəndimin bulaq suyundan içib, isti təndir çörəyindən yeyə bilirəm. Vaxtsız həyatdan köçən Arzu qızımın dərdi mənim ən sağalmaz yerimdir. İşğal altında olan torpaqlarımızın tezliklə geri alınacağına əminəm, amma bala dərdinin sağalacağına yox…

– Məhəbbət həkim,  orta məktəbi Qubadlının Hal kəndində bitirib, həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmusunuz. 1962-ci ildə əczaçılıq ixtisasına yiyələnib taleyinizi Sumqayıt şəhəri ilə bağlamısınız.  Bu günə qədər itirdikləriniz də olub, qazandıqlarınız da. Bu gün sizin tərbiyəli, savadlı və Vətənini qəlbən sevən, onun ərazi bütövlüyü uğrunda mübarizə aparan üç övladınız və on nəvəniz var. Onlar 71-ci baharını yaşayan Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri ilə tanınır, nüfuz qazanırlar. Siz özünüz məhz bu xidmətlərə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmusunuz.

İlk dəfə əmək fəaliyyətinə başladığınız günü necə xatırlayırsınız?

– 1962-ci il avqust ayının 1-də Sumqayıtdakı 265 saylı aptekdə reseptar kimi ilk dəfə işə başlamışam. Həmin gündən mənim əmək cəbhəmdə uğurlar bir-birini əvəz etməyə başladı. Həm kollektivə tez öyrəşdim, həm də işə. Sonralar elə bu şəhərdə 182, 300, 440, 415 saylı apteklərdə çalışmışam. Hal-hazırda Sumqayıt Aptek-415 Açıq Tipli Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədriyəm.

     – Sumqayıta gəlişinizdən peşiman deyilsiniz ki?

– Əsla! O vaxt bu şəhərin on bir yaşı var idi. Hər tərəfdə tikinti, quruculuq işləri gedirdi. Gənc şəhər gəncləri ağuşuna alıb onları bir-birinə doğmalaşdırırdı. Əli qabarlı fəhlələrin zəhmətilə ucalan Sumqayıt bu gün öz əmək qəhrəmanları, ziyalı insanları ilə tanınır və fəxr edir. Gözlərim önündə böyüyən doğma Sumqayıtın inkişaf mərhələsində əməyi olan hər kəsin sevinci böyükdür. Çünki 70 yaşını haqlamış Sumqayıt bu gün dünyanın ən gözəl şəhərlərindən biri sayılır. Son beş ildə müasirləşən bu şəhərdəki gözəlliklərin  ideya müəllifi, əsl memarı bacarıqlı rəhbər, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Qurucular şəhərin tarixi yaddaşında əbədi iz qoyur, qurub-yaradan belə insanların əməyi həmişə yüksək dəyərləndirilir. Gənclər şəhərinin  iri sənaye şəhərlərindən  biri kimi tanınmasında məhz ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı danılmazdır.

Möhübbət Məhərrəmovun qəlbinin dərinliyindəki hər bir sızıltı, kədər və hədsiz sevinc 80 illik ömrünün çırpıntılarıdır. Səhiyyənin inkişafındakı əvəzsiz xidmətlərinə görə dövlətimiz tərəfindən indiyədək müxtəlif təltiflərə layiq görülmüşdür. Belə ki, İki Çağırış Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin deputatı olmuş, SSRİ Səhiyyə Nazirliyinin 29 aprel  1986-cı il tarixli 132 H nömrəli əmri ilə “Səhiyyə Əlaçısı”döş nişanı ilə təltif olunmuş, 1990-cı ildə provizor təşkili sənədi üzrə “Ali dərəcə”, 2005-ci ildən “Əmək veteranı” adı, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı, 2014-cü ildə “H.Z.Tağıyev adına orden”, 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” almışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bəli, qazanılan hər bir uğur şərəfli ömrünün çox hissəsini arxada qoyan, dövlətə sədaqətli olan bir ziyalının zəhmətinin bəhrəsidir. Möhübbət həkimin ömür xəritəsindəki cizgilərdən söz açan onun üzündə və titrək əllərindəki qırışlar, bəyaz saçlar və gözlərindən yağan həyat eşqi yetirmələrinin ömrünə nur çiləyir.

Sınaqlarla dolu olan həyatın keşməkeşli yollarında kimi büdrəyir, kimi isə böyük inamlarla sabaha doğru irəliləməkdə davam edir. İnsanlardan bu günədək faydalı məsləhətlərini, xeyirxahlığını əsirgəməyən Sumqayıtın sayılıb-seçilən şəxsiyyətlərindən olan kamil insan Möhübbət Məhərrəmova 80 illik yubileyində bahar təravətli günlər, uzun ömür, cansağlığı arzulayırıq.

 

RƏNA  İMANOVA

AJB-nin üzvü   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər