Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd edilməsi milli varlığımızı, gücümüzü Yer kürəsinin hər yanına bəyan edən, bütün qitələrdə, mötəbər beynəlxalq təşkilatların önündə, nüfuzlu tədbirlərdə əzəmətlə, vüqarla dalğalanan bayrağımız dünya azərbaycanlılarını azərbaycançılıq məfkurəsi ətrafında birləşdirir.
Dünyanın qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqları bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır.
Müasir anlamda isə bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzidir. İstiqlal və azadlıq mücahidləri Bayraq yolunda qan axıtmağı həyatlarının mənası sanmışlar. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli Qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.
Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə qaldırılmışdır. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.
1991-ci il fevral ayının 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Həmçinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul olundu. Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır.
Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman dövlət atributlarına xüsusi diqqətlə yanaşmışdır. “Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.
Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi… Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.
Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış, həmin ilin dekabrında Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də Azərbaycan respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuş, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Fərəhlə vurğulamalıyıq ki, “Ginnes”in dünya rekordları təşkilatı Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqləyib.
Azərbaycan bayrağı öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, dinini, milliyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini, milli konsepsiyasını, və s. amilləri ehtiva edir.
Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində ərazi bütövlüyümüz təmin olundu, haqq-ədalət öz yerini tapdı, Tarixi Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımızda qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan zəfər bayrağımız əbədi dalğalanacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.
Eminova Sona, Gənclər kitabxanasının müdiri