“90+ sual-cavab”

978

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular fanklubun üzvləri, şəhərin fəalları, media nümayəndələri ilə görüş keçirib.

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular fanklubun üzvləri, şəhərin fəalları, media nümayəndələri ilə görüş keçirib. “Azərikimya” İstehsalat Birliyinin akt zalında baş tutan tədbiri giriş sözü ilə klubun prezidenti Kamran Quliyev açıb. Qonaqları salamlayan klub rəhbəri media nümayəndələrini əməkdaşlığa çağırıb: “Klubun prezidenti olaraq, bütün qonaqlarımızı salamlayıram. İlk növbədə, zalda çoxluq təşkil edən mətbuat nümayəndələri üçün maraqlı ideya səsləndirmək istəyirəm. Klubumuzun həyatında mətbuat önəmli yerlərdən birini tutur. “Sumqayıt” Futbol Klubu olaraq, mətbuatla əməkdaşlığa hazırıq. Təklif edəcəyiniz layihələri müzakirə edib həyata keçirməyə hazırıq”.
Kamran Quliyev daha sonra 2011/2012 mövsümünün yekunları ilə bağlı məlumat verib: “Ötən ilin iyul ayında almaniyalı mütəxəssis Bernhard Raabla müqavilə imzaladıq. Ümumilikdə götürsək, 2011/2012 mövsümü nəticə etibarı ilə bizim üçün uğursuz yekunlaşdı. Lakin biz Raabın işindən razı idik. Ən azından Premyer Liqa təcrübəsi görməyən futbolçularımız tezliklə milli komandalara dəvət almağa başladı. Onun sayəsində, Bədavi Hüseynov, Abdulla Abatsiyev, Orxan Əliyev, Murad Ağayev, Hacı Əhmədov, Slavik Alxasov, Murad Səttarlı, Kamil Nurəhmədov, Tərlan Quliyev kimi futbolçular böyük təcrübə qazandı.
Ötən il klubumuz, ölkədə böyük nüfuza sahib olan bir neçə şirkətlə əməkdaşlıq etdi. “Paşa Həyat Sığorta”, “Aqua Vita”, “Spektr Travel”, “Access Bank” və “Azenco” şirkətləri ilə partnyorluq müqavilələri imzaladıq. Arxada qalan mövsümdə klubumuz kifayət layihələr həyata keçirdi. İl ərzində KİV, fanatlar, şəhərin fəalları, ictimai təşkilatlarla xeyli xeyriyyə tədbirlərində iştirak etdik. Ötən mövsüm bir neçə futbol turnirləri də keçirdik. Məsələn, fevral ayında təşkil etdiyimiz “Sumqayıt Kuboku”nda üç yaş qrupu 1998-1999, 2000-2001 və 2002-2003-ci il təvəllüdlü futbolçular qalib adı uğrunda mübarizə apardı. Turnirdə ümumilikdə 600-dən artıq futbolçu iştirak etdi. İlin sonunda isə “Access Bank”la “Access Bank Məktəbli Turniri”nin keçirilməsi ilə bağlı layihə hazırladıq. İnşallah tez bir zamanda həmin turnir start götürəcək”.
Klub rəhbərinin çıxışından sonra zala təşrif buyurmuş qonaqlar “Sumqayıt” Futbol Klubunun ötən mövsümdə və cari mövsümdə vurduğu qollardan ibarət videoçarxı izləyib.
Ardınca “Sumqayıt” FK-nun baş məşqçisi Bernhard Raab, futbolçular Samir Abasov, Ceyhun Sultanov, Sabiq Allahquliyev, Pərdis Fərcad-Azad və Ramil Həşimzadə media nümayəndələrinin sullarını cavablandırdı. Görüş zamanı baş məşqçi Bernhard Raab klubda görülən işlər, komandanın Premyer Liqada cari mövsümdəki çıxışından, ölkə futbolunun inkişafı və gələcək planlardan danışıb. Kapitanımız Samir Abasov isə Sumqayıt futbolu ilə bağlı bəzi maraqlı məqamlara toxunub. Hazırkı heyətin daha güclü olduğunu deyən millimizin sabiq futbolçusu komandanın cari mövsümdə uğurlu çıxışına inandığını bildirib. Jurnalistələrin suallarını cavablandıran yarımmüdafiəçimiz Ceyhun Sultanov isə gənc futbolçulara bəzi məsləhətlər verib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər