Ədəbi guşə-MÜSAHİBƏ

1274

Ənənəvi sualları verməməyi məndən xahiş edən müsahibim qələm dostlarının cəsarətli yazıçı kimi tanıdığı sumqayıtlı xanım Almaz Sahilədir.

–         Almaz xanım, həqiqiəti bu qədər cəsarətlə söyləməyi kimdən öyrənmisiniz?

–         Oxuduğum əsərlərin qəhrəmanlarından.

–         Dönə-dönə oxuduğunuz əsər varmı?

–         Dünya ədəbiyyatını təkararən oxuyuram. H.Cavidi ruhən özümə yaxın bildiyimdən tez-tez onunla “dərdləşirəm”.

–     Hiss olunur ki, qələm dostlarınızın sizə xüsusi bir sevgisi var. Bunun sirri nədədir?

–         Olduğum kimi görünməyimdə.

–      Sizə əzab verən nədir?

–         İnsanların görünməyən tərəflərini görünən tərəflərindən daha aydın görməyim.

–  Nədən zövq alırsınız?

–         Uzun-uzadı növbələrdə dayanaraq insanları müşahidə etməkdən, gecələr yol getməkdən, xəstəyə qulluq göstərməkdən, qəfil qonaq getməkdən və s.

–         Özünüzə ən yaxın dost kimi hesab edirsiniz?

–         Özümü. Amma çox istərdim məni mənimtək duyan fədakar bir dostum olsun.

–         Nə vaxtdan yazırsınız?

–         Özümün çoxlarından fərqli taleyimlə tanış olandan bəri.

–         Həyatınızda xoş təsadüflər çoxmu olub?

–         Elə bil həyatım başdan-ayağa təsadüflər üzərində qurulub.

–         Ötənləri bir də yaşamaq istərdinizmi?

–         Gələnləri yaşamaq dərdi məni götürüb. Onda qala ötənləri yenidən yaşamaq… Mən heç vaxt heç nə üçün təəssüflənməmişəm.

Ən çox nədən qorxursunuz?

–         Soyuqdan və qandan. Laqeydlikdən və anlanılmamaqdan.

Səfərə çıxmağı xoşlayırsınız?

–         Xeyr. Amma içimdə xoş bir səfər arzusu var. Zülmət gecədə uzaqdan gələn işığa tərəf getmək, elə hey getmək. Lakin ona çatmamaq arzusu.

–         Bəs niyə çatmamaq?

–         Elə həyatın sirri bunda, yaşamaq duyğusu da bu sirdədir.

Özünüzü yazıçı hesab edirsinizmi?

–         Mən iliyimə kimi yazıçı olduğumu hiss edirəm.

–      Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz qəhrəman kimdir?

–         Cahandar ağa.

–  Ətrafınızda elə bir insan varmı ki, siz onun simasında bu dövrün Cahandar ağasını yaradasınız?

–         Var.

İLHAMƏ MƏHƏMMƏDQIZI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər