PFL-in Azərbaycan futboluna gətirdiyi müsbət məqamlar arasında oyun sonrası mətbuat konfranslarının keçirilməsini xüsusi fərqləndirərdim. Təəssüf ki, çalışdırıcılar getdikcə bu mühüm tədbirin əhəmiyyətini heçə endirir, mətbuat konfransları şablon sözlərin təkrarlandığı meydana çevrilir. Əslində media nümayəndələri qarşısına çıxan məşqçilər belə davranışları ilə elə özlərini ifşa edirlər. Bu iradım xüsusən yerli məşqçilərə aiddir. Düzdü, həmişə yerliləri gəlmələrdən üstün tutmağa çalışıram, çox vaxt özümüzküləri əcnəbilərin ayağına vermirəm. Amma bəzi məqamlar var ki, adam ədalət hisslərinə yenik düşür. Kaxaber Tsxadadzeni nahaq yerə savadlı mütəxəssis hesab etmirlər. Gürcü çalışdırıcı komandasının qələbə qazanıb-qazanmamasından asılı olmayaraq jurnalistlərin önünə yaxşı əhval-ruhiyyədə çıxır, meydanda baş verənləri çox dəqiqliklə analiz edir, taktiki gedişlərə düzgün izah verməkdən əlavə öz səhvlərini etiraf etməkdən çəkinmir. Yetər ki, Kaxanın komandası hakimlər tərəfindən sıxışdırılmasın, yaxud futbolçularından kiməsə kənar şəxslər tərəfindən hücum olunmasın. Çalışdırıcı belə olaylara qarşı çox həssadır. Ötən mövsüm “Bakı”yla qalmaqallı oyundan və bu yaxınlarda Rəşad Sadıqovun qardaşının səbəb olduğu münaqişədən sonra Tsxadadze jurnalistlərin önünə çıxmaqdan imtina etmişdi. Xatırladığım qədəriylə qalan bütün hallara “bankirlərin” çalışdırıcısını sual atəşinə tutmağa imkanımız olub. Sual atəşi kəlməsini boşuna işlətmirəm. Əksər məşqçilərin oyun sonrası konfranslarda danışığına, uydurduğu bəhanələrə qulaq asanda adamın sual verməyə həvəsi qalmır. Təsnifat mərhələsində baş tutan “Neftçi”-“İnter” qarşılaşmasında “xalq komandası”na məğlub olan qonaqların ayağına demək olar ki, top dəyməmişdi. Nə qədər təəccüblü olsa da, Tsxadadze jurnalistlərin qarşısında komandası üçün utandırıcı olan bu faktı etiraf etmiş, hətta həmkarlarımızın israrını görüb “nə eşitmək istəyirsiz? Böyükağa Hacıyevin məni məğlub etməsini? Hə, mən məğlub oldum!” deməkdən çəkinməmişdi. Bu mənada qələm əhli ilə açıq ünsiyyət qurduğuna, həm komandasının, həm də rəqibin oyunu haqda düzgün analizə söykənən izahlarına və ən əsası cəsarətli açıqlamalarına görə Böyükağa Hacıyevi də fərqləndirmək olar. Sadəcə, Böyükağa müəllimin personası hamımıza yaxşı tanış olduğu üçün bu yazımda ondan ətraflı bəhs etməyim artıq olardı. Hədəfim jurnalistləri yola verməyə çalışan, çeynənmiş sözləri təkrarlamaqdan usanmayan, uğursuzluqlardan sonra bəhanələrin arxasına sığınanlardır. Bu problemə toxunmağa “Turan”ın çalışdırıcısı Əfqan Talıbovun “Rəvan”la oyundakı darmadağına izah verməsini oxuyandan sonra qərar verdim. Tovuz klubunun maddi vəziyyəti hər kəsə məlumdur. Futbolçuları aylarla maaş almayan, doğma rayonundan qaçaq düşən komandanın qələbə qazanması çətin məsələdir. Elə məhz bu səbəbdən məğlubiyyətə görə adamın Əfqan bəyi qınamağa dili gəlmir. Yetər ki, çalışdırıcı özü də bəhanələrlə baş aldatmağa belə aşkar meyllər göstərməsin. Klubun vitse-prezidenti Namiq Məstənovun Salif Ballonu “dəli” adlandırması “Turan”ın futbolçulara olan münasibətinin göstəricisidir. Şəxsən mən belə ağır şərtlər altında hələ də Tovuz təmsilçisində oynayan futbolçuların fədakarlığını alqışlayıram. Amma hər şeyin bir təhəri var. Qış fasiləsindən sonrakı ilk oyundakı məğlubiyyəti Talıbov yetirmələrinin süni örtükdə çətinlik çəkməsiylə əlaqələndirmişdi. Tale elə gətirdi ki, artıq süni örtüklü “Dalğa Arena” “Turan”ın doğma meydanına çevrilib. Hər gün belə örtükdə məşq edən, oyunlar keçirən Əfqan bəyin komandası yenə də məğlub olur. Deməli, meydan bəhanəymiş. Amma etiraf etməyin bu qədər çətin olduğuna inanmazdım. “Turan”ın çalışdırıcısının “Rəvan”a ağır yenilgidən sonra PFL-in rəsmi saytında yer alan açıqlamalarına diqqət yetirək: “…belə məğlubiyyət olmaz. Asəf Qədiri ilk hissədən sonra ayağındakı ağrı səbəbindən əvəzlənməsini istədi. O başa düşmür ki, ağrısı olsa da sona kimi bu oyunu oynamalı idi. Mövsümsonunda 5-6 futbolçu ilə yollarımız ayırıb əvəzinə gənc oyunçuları cəlb edəcəyik”. Görəsən, ayağını zədələyən Asəf Qədiri nəyə görə gələcək karyerasını riskə ataraq oyuna davam etməliydi? Özünə peşəkar deyən bir məşqçinin futbolçusu haqda fərari obrazı yaratmaqla məsuliyyətdən yaxasını kənara çəkməsinə, yumşaq desəm, təəssüflənirəm. Bu necə yanaşmadı? Adam özünü şikəst eləməlidir ki, “Turan” böyükhesabla məğlub olmasın? Yəqin ki, Talıbov özü futbolçu olanda ayağı ağrıyanda da əvəzlənmədən oyuna davam edirmiş, indi başqalarından belə qəhrəmanlıq gözləyirik. Asəf oyundan çıxmasaydı “Turan” qapısında 6 qol görməyəcəkdi? Əfqan adının mənası igid, döyüşkən deməkdir. Bunu nəzərə alıb gələn dəfə adınıza layiq açıqlamalar verin, Əfqan bəy. Yaxşı olardı ki, son qarşılaşmada səkkiz legioner futbolçunun xidmətindən yararlanan komandanızın biabırçılığına başqa bəhanələrlə izah verəydiniz.
Amal Abuşov