Əfsanə dolu qədim və müasir şəhər

1365

Vüsal Məmmədov İstanbul səfəri barədə təəssüratlarını yazır

 

İstanbul. Haqqında romanlar, şeirlər yazılan, mahnılar oxunan, musiqilər bəstələnən, filmlər çəkilən, əfsanələr qoşulan bu şəhər həqiqətən də əfsanə dolu bir şəhərdir, əfsanələr şəhəridir. Şəhərin ən gur yerlərində hər tipdə, hər üslubda, hər əhval-ruhiyyədə insan görə bilərsən.

 

Gülərüz personal

İstanbulun turist şəhəri olması orada oturuşmuş turizm mədəniyyətinin formalaşmasına səbəb olub. Yerli əhalinin tolerantlığı, əksəriyyətinin ingilis dilində ən azı başa düşüb, elementar danışıq imkanlarına sahib olması təsadüfən formalaşmayıb. Türk uşaqların danışıq, natiqlik bacarıqları, ünsiyyət zamanı özünü göstərən keyfiyyətlərinin də fərqinə varmamış deyilsiniz yəqin ki. Bunu İstanbulda olarkən özümüz üçün bir daha dəqiqləşdirdim. «Fotomuzu çəkərsinizmi?» sualıma 13-14 yaşlı türk azyaşlı «Tabi, efendim» deyərək cavab verdi, təşəkkürümüzə isə «Rica ederim, efendim. İstanbulumuza hoş geldiniz» sözləri ilə qarşılıq bildirdi.

Turist axını xidmət sektorunda da keyfiyyəti yüksəldib. Xüsusilə restoran sektorunda bu fərq hiss olunur. Təklif olunan yemək və içki çeşidləri bir yana, bütün bunların yüksək profesionallıqla təqdim olunması insana xüsusilə zövq verir.

 

Bizans qalaları, tramvaylar və bostanlar

İstanbulun böyük bir hissəsində qədim qalalar uzanır. İstanbulun 1453-cü ildə türklər tərəfindən fəth olunmasından öncə inşa olunmuş bu qalalara türklər toxunmayıb, tarixin yadigarı kimi qoruyub saxlayıblar. Səfərimiz boyu yanımızdan ayrılmayan, bizə qədim və müasir İstanbulu tanıdan Sumqayıt Türk Özəl Liseyinin müdiri Ahmet Camalan bildirdi ki, 5,5 km uzunluğunda olan bu qala divarları dünyanın ən uzun qala divarlarından biri sayılır. Türklər deyir ki, İstanbulun fəthini yunanlar bu gün də həzm edə bilmir.

Bizdən – bakılı və sumqayıtlılardan fərqli olaraq istanbullular tramvaylardan imtina etməyiblər. Ekoloji baxımdan daha səmərəli olan bu nəqliyyat vasitəsindən yerli əhali və qonaqlar məmnuniyyətlə yararlanırlar. Bu nəqliyyat sistemində sərnişinlər kart sistemindən istifadə edirlər. Tramvaylar görkəmcə gözəl, səliqəli və bizim köhnələrlə müqayisədə daha müasir və yığcam görünürdülər.

Və İstanbul bostanları barədə. Açığı, şəhərin heç də ucqarı olmayan, şosse yolunun kənarlarında, Bizans qala divarları həndəvərində bağ-bostanlara rast gələcəyimizi gözləmirdim. Amma fakt budur ki, müasir və gözəl İstanbulda yerli bələdiyyə əhalisinin şəxsi təsərrüfatına da həssas yanaşır, şəhər əhalisi əkib-becərir – özü də dağ başında yox, elə şəhərin içində…

 

Dənizkənarı bulvarda şənbə-bazar piknikləri

İstanbulda dəniz sahili boyunca ucsuz-bucaqsız bulvar uzanıb gedir. Və bu ərazilər sonsuz sayda kafe, çayxana və restoranlarla doldurulmayıb. Belə məkanların sayı olduqca azdır. Bulvar boyu uzanan yaşıllıqlar yerli sakinlərin və qonaqların ixtiyarındadır. Xüsusilə şənbə və bazar günləri burda – elə yerdəcə süfrə açaraq yeyib-içən, kabab çəkən ailələr yəqin ki, yüzlərlə olur. Bulvar ərazisində müxtəlif idman meydançaları, atraksionlar uşaq və gənclər üçün buranı əyləncəli edir. Özü də bizdən fərqli olaraq burada nə meydança, nə də atraksionlar ödənişli deyil. Yerli bələdiyyə bütün istismar xərclərini özü qarşılayır.

 

«O zaman Turqut Özal qoymadı ki, Türkiyə Azərbaycana yardım etsin. Dedi ki…»

Türklərlə söhbətlərimiz zamanı hiss edirdik ki, qardaş ölkə dediyimiz ölkədə bizlərə, Azərbaycana münasibət olduqca istidir. İstanbuldakı məscidlərdən birinin həyətində söhbətləşdiyimiz 70-75 yaşlı, xarici görkəmi ilə dindar olduğu bilinən ağsaqqal ölkəmiz barədə, Türkiyə-Azərbaycan münasibətləri haqqında, eləcə də Qarabağ münaqişəsi ilə bağlı maraqlı fikirlər söylədi:

– Azərbaycan Sovet hakimiyyətinin nəzarəti altında olanda dini xalqın əlindən almışdılar sanki. İndi müstəqillik var, ölkəmiz daha sərbəstdir. Xalq islama daha çox yaxınlaşıb, bildiyimiz qədəri ilə.

Qarabağ münaqişəsinin həlli, məncə, mili iqtisadiyyatın dirçəlməsindən asılıdır. Avropa Azərbaycanı, onun güclü iqtisadiyyatını özünə çəkmək istəsə, Ermənistanın qırtlağından tutacaq. 90-cı illərdə Turqut Özal qoymadı ki, Türkiyə Azərbaycana yardım etsin. Dedi ki, onlar şiədirlər, İrana yaxındırlar. Ancaq Türkiyə Qarabağın işğalına mane ola bilərdi, olmadı.

Hər halda, bu, bizim rastlaşdığımız yalnız bir türkün fikri idi. Fakt odur ki, Türkiyə və Azərbaycan bütün varlığıyla bir-birinin yanındadır.

 

Bir az da tarix dərsi

«İstanbulu fəth edən komandanın əsgərləri nə gözəl əsgərlər»

Belə bir deyim var: Quran Məkkədə endi, İstanbulda yazıldı, Misirdə oxundu. Bu deyim Quranın Misirdə gözəl tələffüzlə oxunmasından dolayı yaranıb. İstanbul isə gözəl xəttlə yazan xəttatların şəhəri imiş o zamanlar.

Tarixçilər deyir ki, İslamın yayılmağa başladığı ilk illərdə xeyli sayda ərəb sərkərdəsi İstanbulu fəth etməyə can atıb, ancaq buna nail olmayıb. Məhəmməd Peyğəmbərin «İstanbulu fəth edən komandanın əsgərləri nə gözəl əsgərlər» sözü isə bir çox ərəb sərkərdələrinin İstanbulu fəth etməyə həvəsləndirib, ancaq…

Peyğəmbər əfəndimizin Məkkədən Mədinəyə köç edərkən, 622-ci ildə 7 ay evində qonaq qaldığı Ebu Eyyub el-Ensari (əsl adı Halid bin Zeyd) də belə sərkərdələrdən idi. Ancaq o da İstanbulun (O vaxtkı Konstantinapolun) fəthini görə bilməmişdi. Halid bin Zeyd vəfat edərkən özünün mümkün qədər İstanbulun qala divarlarına yaxın bir yerdə dəfn olunmasını istəmişdi: «Məni İstanbulun qala divarlarına yaxın bir yerdə dəfn edin ki, İstanbulu fəth edən sərkərdənin və onun əsgərlərinin qılınc səslərini eşidim».

Halid bin Zeydin dəfn olunduğu təxmin olunan yer bu gün istanbulluların sevimli ziyarət yeridir. Onun qəbri və ətrafında yerləşən məscidə hər gün xeyli sayda insan ziyarətə və ibadətə gəlir.

…Sonralar, çox sonralar – XV əsrdə bu xoşbəxtlik Fatih Sultan Mehmetə qismət oldu. O dənizdən və qurudan olmaqla Konstantinapola mükəmməl hücum planı qurdu və bu şəhəri Osmanlının paytaxtına və İstanbula çevirdi.

Artıq yüz illərdir ki, İstanbul nəinki Türkiyənin, bütün türk dünyasının sevimli şəhəri, fəxr yeridir.

Mən də səni çox sevdim, İstanbul. Yenidən görüşmək ümidi ilə…

 

P.S. Səfərə görə «Çağ-Öyrətim» şirkətlər qrupuna, səfər boyu diqqətinə görə Sumqayıt Özəl Türk Liseynin müdiri Ahmet Camalana və «Zaman» qəzetinin əməkdaşı Ceyhun Məmmədova təşəkkürlər. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər