Azərbaycanda ən çox alış-veriş edilən supermarketlərin adları məlum olub.
FED.az xəbər verir ki, bu “Business Insight International Research Group”un “İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı” məlum olub. Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.
Eləcə də bax: Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdir? – SİYAHI, MARAQLI FAKTLAR
Sorğuda məlum olub ki, alıcıların 62%-i gündəlik tələbat mallarını supermarketlərdən, 31,2% kiçik məhəllələrdə yerləşən marketlərdən, 6,8% isə bazarlardan alır.
Araşdırma göstərir ki, ölkənin, xüsusilə də paytaxtın pərakəndə satış bazarında fəalliğı ilə seçilən “Araz” və “Bravo” marketləri olub. Sorğu nəticələri göstərir ki, ən çox alış-veriş edilən supermarketlər sırasında məhz bu iki şirkət liderlik edir.
Nəticələr göstərir ki, “Araz” supermarketlər şəbəkəsinin daha geniş olması “Araz”-ın seçimində əsas səbəbdir. İlk üçlüyü “Bazar Store” qapayır, 4-cü yeri isə “Oba” marketlər şəbəkəsi tutur.
Ən az alış-veriş edilən supermarket şəbəkələri isə “Kinqsmart”, “Bolmart” və “Mega Store” olub.
Vətəndaşlar supermarket seçimlərinin nəyə əsaslandığını da bildiriblər və burada maraqlı nəticələr var.
Belə ki, sorğuda iştirak edənlərin 43,6%-i supermarketi qiymətə görə, deyil, məhz evə yaxın olmasına görə seçdiklərini bildiriblər.
Səs vermədə iştirak edənlərin 27%-i supermarketi qiymətinə görə, 26,2%-i isə məhsulların keyyfiyyətinə görə seçdiklərini bildiriblər.
Vətəndaşların supermarket seçimində heç fikir vermədikləri məsələ isə parkinq olub. Cəmi 0,4% respondent supermarketi məhz parkinqinə görə seçdiyini bildirib. Hərçənd, bu göstərici, sorğuda iştirak edənlər arasında avtomobil sahiblərinin az olması ilə də bağlı ola bilər.