Şəhidləri Vətən uğrunda mücadilənin şahidi də adlandırırlar. İkinci Qarabağ müharibəsində də qəhrəman oğullarımız qanları, canları ilə yadellilərə qarşı keçilməz səddə çevrildilər. 30 ilə yaxındır yağı tapdağında inləyən ata-baba yurdlarımızı işğaldan qurtardılar.
44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Anar Qorçuyevdir. Anar 1987-ci il yanvarın 4-də Sumqayıt şəhərində doğulub. 2005-ci ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Universitetinə qəbul olunur. 2009-2010-cu illərdə hərbi xidmət keçir. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar Qorçuyev işlədiyi kollektivlərin hər bir üzvünün hörmət və rəğbətini qazanır. Hərbə olan marağı 2017-ci ildə onun yenidən bu sahəyə yönəlməsinə səbəb olur. Bu ilin iyun ayında leytenant rütbəsi almaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur və təhsilini bitirərək orduda xidmətə başlayır.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda öz tağımı ilə birlikdə ön cəbhəyə yollanır. Oktyabrın 7-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olur. 2015-ci ildə ailə həyatı quran Anarın Ayla adında qızı var.