ƏSGƏR ATASI: “LAZIM GƏLSƏ, OĞLUMUN QƏBRİNİ ÜÇ DƏFƏ AÇDIRIB CİNAYƏTİ SÜBUTA YETİRƏCƏM”

874

Sentyabrın 29-da xəstəlikdən vəfat edən əsgər Eldar Novruzovu müalicə etmiş tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlov bir gün sonra jurnalistlərə açıqlamasında bildirib ki, Eldar hərbi xidmətə gəlməzdən əvvəl güclü infeksion xəstəlik keçirib, hərbi xidmət dövründə də həmin xəstəliyi güclənib.

Eldar Novruzov Türkiyəyə – Gülhanə Tibb Akademiyasına aparılarkən, təyyarə yola düşməyə az qalmış keçinib.

Həkim Vasif Adıgözəlovun sözlərinə görə, Eldar Novruzov iyunun 29-da Silahlı Qüvvələr Baş Klinik Hospitalına köçürülən zaman bütün müayinələrdən keçirilib, ona sol tərəfli qaymorid, etmoidid, burun boşluğunun polipi diaqnozu qoyulub: “Xəstəyə müalicə planı hazırlanıb, plan üzrə müalicə aparılıb. Analizlər zamanı şiş tapılmayıb, iltihab prosesi aşkar olunub və əməliyyat təklif edilib. Amma buna nə özü, nə də ailəsi razılıq verdi. Sadəcə, iyulun 7-də burun tənəffüsünün bərpası yönündə əməliyyat aparılıb, tənəffüs yolunu tutan poliplər çıxarılıb.

Əməliyyatdan sonra xəstənin vəziyyətində cüzi düzəliş oldu. Aparılan müayinələr nəticəsində antibiotik müalicə təyin edildi. Amma biz yenə valideynləri xəbərdar etdik ki, radikal əməliyyat aparılmadığı üçün xəstəlik yenidən güclənə bilər. Bu, Eldar məzuniyyətdə olan zaman baş verdi. Sifətində şişkinlik yaranmışdı. İyulun 8-də Mərkəzi Klinik Xəstəxananın mütəxəssisi Burhan Dadaş onu əməliyyat etdi və bu zaman xəstədə vegener xəstəliyi aşkar edildi. Bu, immunitet zəifliyi zamanı meydana çıxan nadir xəstəliklərdən biridir. Bundan sonra müalicələrimiz o yöndə gedirdi. Sonra biz Gülhanə xəstəxanası ilə əlaqə saxlayıb dedik ki, belə bir xəstə göndəririk. Sənədlər də hazırlanmışdı”.

Eldarla birlikdə Bakının hava limanına gedən tibb xidməti polkovnik-leytenantı Elxan Muradovun sözlərinə görə, hava limanında xəstənin təzyiqi düşüb: “Mən xəstənin bu vəziyyətdə təyyarəyə mindirilməsinə qəti şəkildə etiraz etdim. Bu zaman valideynlərinin müqaviməti ilə rastlaşdıq. 5 dəqiqə sürən mübahisədən sonra Eldarı maşına mindirdik. Arterial təzyiqi demək olar ki, hiss olunmurdu. Ona görə 1 milliqram mezakol, kofein və kordiamin vuruldu. İynələrdən sonra xəstə bir az özünə gəldi. Amma yolda hiss edirdim ki, təzyiqi aşağı düşür. Biz metronun “Məşədi Əzizbəyov” stansiyasına çatanda Eldar keçindi”.

Mərhum əsgərin atası Qədir Novruzov “Media forum” saytına açıqlamasında həkimlərin dediklərinə münasibət bildirib:

– Eldar əsgərliyə gedənə qədər idmanla məşğul olub. Bizim yaşadığımız əraziyə gəlib hər kəsi danışdıra bilərsiz. Eldar əsgərliyə qədər heç bir xəstəlik keçirməyib. Əsgər gedən gün 700 nəfər arasında normativi verən 3 uşaqdan biri Eldar olub. Xəstə olan normativi ödəyə bilməzdi. Oğlumun əsgərliyə qədər heç bir infeksion xəstəliyi olmayıb. Onun əvvəllər xəstə olduğunu həkim Vasif Adıgözəlov özünü müdafiə etmək üçün deyir. Eldar anadan olandan heç bir infeksion xəstəlik keçirməyib.

Bircə misal gətirim. Hərbi hissədə tibb məntəqəsinin rəisi oğlumu yanına çağıraraq demişdi ki, göndərək tibb məktəbini oxu, burada həkim yanında işlə. Ancaq oğlum bildirmişdi ki, mən iynədən qorxuram. Yəni oğluma əsgərliyə gedənə qədər bir iynə də vurulmayıb.

Hər kəsin yaşadığı ərazidə tibb kitabçası olur. Bizim yaşadığımız ərazinin poliklinikasında oğlumun tibb kitabçasına baxa bilərsiniz. Əsgərliyə tam sağlam gedib oğlum. Gəlib Sumqayıta yoxlasınlar, oğlum boks, cüdo, başqa idman növləri ilə məşğul olub. Həkimlər nəyə əsaslanıb deyirlər ki, Eldar əsgərliyə getməmişdən xəstə olub?

Silahlı Qüvvələr Baş Klinik Hospitalında həkim Vasif Adıgözəlovun bizə birinci sözü o olub ki, uşaqda şiş xəstəliyi var. Guya hüceyrələrini götürüb analizə göndərib. Səhəri günü bizə bildirdi ki, analizlərin cavabı gəlib, tərtəmizdir. Dedi, sadəcə, əməliyyat edib nəfəs yolunu açmaq lazımdır ki, rahat nəfəs alsın. Bizə ikimərhələli əməliyyat təklif etdi. Dedi ki, birinci mərhələdə nəfəs yolunu açaram, oğlunuz əsgərliyi bitirəndə işlədiyim özəl klinikaya gələr, ikinci əməliyyatı orada edərəm. Biz də razılaşdıq.

İyulun 5-də oğlumu əməliyyat etdi. Əməliyyatdan çıxan zaman bizə bildirdi ki, ikinci əməliyyata ehtiyac yoxdur. İyulun 22-də Eldarın sifəti şişdi. Vasif Adıgözəlov yazdığı müalicədən sonra hər şeyin düzələcəyini bildirdi. Bundan sonra Eldara məzuniyyət verildi və o, hospitaldan çıxdı.

İyulun 29-da Eldarı Vasif Adıgözəlovun yanına apardım ki, sifətinin şişi niyə keçmir. Oğluma resept yazıb bildirdi ki, bu müalicədən sonra şiş çəkiləcək. Müalicəni 4-5 gün etsək də, vəziyyəti getdikcə ağırlaşdı. Avqustun 4-ü Eldarı yenə onun yanına apardım. Səhərisi gündən yenidən hospitalda yatası oldu. Amma yenə sifətinin şişi çəkilmədi.

Türkiyəli həkim Pürhan Dadaş Mərkəzi Klinik Xəstəxanada müayinə zamanı soruşdu Eldarı kim bu günə salıb. Dedi ki, uşağın bu vəziyyətdə olması həkimin səhvidir. Həkimin oğlumu səhv əməliyyat etdiyini, çəpəri deşib infeksiya saldığını bildirdi. Pürhan Dadaş xəstəliyin səbəbini tapmaqdan ötrü oğlumu əməliyyat etdi. Əməliyyat edib çıxanda üç xəstəlikdən şübhələndiyini dedi. Əsas da vegener xəstəliyinin adını çəkdi və oğlumu Türkiyədəki Gülhanə xəstəxanasına aparmağı məsləhət bildi.

Pürhan Dadaş qəti diaqnoz qoymamışdı. Heç kimin haqqı yoxdur desin ki, oğlum vegener xəstəliyinə tutulub. Bütün analizlərin cavabı bizdədir. Eləcə də Vasif Adıgözəlovun götürdüyü analizlərin. O, hər analizin cavabında hər şeyin əla olduğunu bildirirdi. İndi nə oldu ki, Vasif Adıgözəlov oğlumun 3 ildən çox xəstə olduğunu deyir?

Mərhum əsgərin atası Qədir Novruzov daha sonra bunları deyib:

– Sentyabrın 29-na keçən gecə Silahlı Qüvvələr Baş Klinik Hospitalında Eldara morfi adı ilə zəhər vurdular. İynədən sonra oğlum səhərə kimi “ata, ayılmaq istəyirəm, amma ayıla bilmirəm” dedi. Səhər saat 5-də də sistem vurdular. Sistemdən sonra Eldarın ağzından sarı saqqız kimi maye gəlməyə başladı. İynə vurulmamışdan əvvəl oğlumun vəziyyəti yaxşı idi.

Ayın 28-də oğlumun Gülhanəyə göndərilməsi tələbi ilə hospitalın qarşısında aksiya keçirəndə, yolu bağlayanda da ona nəsə vurmuşdular. Biz geri qayıdanda oğlumun ayaqları tutulmuşdu.

Oğlumun ölümünə görə hələ heç kim həbs olunmayıb. Düşünürəm ki, həbs olunan da olmayacaq. Amma lazım gəlsə, oğlumun qəbrini üç dəfə açdırıb cinayəti sübuta yetirəcəm.

“Media forum”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər