– Yox, kal iyinə…
Hamımızın sevə-sevə izlədiyi “Uşaqlığın son gecəsi” filmindəki məhşur dialoq dillər əzbərinə çevrilib. Həmin epizodda iş icraçısı ət kombinatının tikintisində işləmək üçün gələn cavanların üzünə baxıb, belə bir sual ünvanlayır. Hazırcavab Murad da kişini pərt edəcək cavab verir. Deməli, hələ 1968-ci ildə Azərbaycan gəncləri özlərinə həyat yolu seçərkən “ət iyi verən” iş yeri axtarırmışlar. Filimin süjet xəttindən belə məlum olur ki, Muradla Rüstəm dövrünün gənclərinə baxanda istisna imiş. Ümumiyyətlə, hər bir bədii əsərdə, kinoda və teatrda əsas məqsəd insanlara düzgün yolu göstərmək, mənəvi-əxlaqi zənginliyin yüksəldilməsi olur. Heyf ki, bizim cəmiyyətdə belə ibrətamiz məsələlərdən dərs çıxaranların sayı o qədər də çox deyil. Mən iddia etmirəm ki, hazırki dövrdə gənclərimizin arasında Murad və Rüstəm kimilər ümumiyyətlə yoxdular. Amma nə qədər acınacaqlı olsa da “ət iyini” mənəvi dəyərlərdən üstün tutanlar, həyatda hər şeyi pulla ölçənlər, haramla halalı ayırd edə bilməyənlər həddindən artıqdır. Xüsusən də, futbolçularıın arasında belələri üstünlük təşkil edir. Cəmisi 2-3 mövsüm bundan əvvəl “Qarabağ”ın heyətində Elvin Məmmədov, Rauf Əliyev, Əfran İsmayılov parlamağa başlayanda ürəyimiz fərəh hissiylə dolur, gözlərimiz yaşarır, tezliklə Avropa klublarında azərbaycanlı gənclərin də görünəcəyinə inanmağa başlayırdıq. Hanı o gənclər? Hər üçü “Bakı”nın heyətindədilər. Bu isə o deməkdir ki, onlar ən azından bu ilki avrokubok mövsümünü boşa verəcəklər. Ən azından daha bir il Azərbaycanın hüdudlarından kənara çıxmayacaqlar, onların legioner həyatı yaşamaq şansları haqda müzakirələr aparmayacayıq. Özüm-özümə gülməyim tutur, guya onların hansınınsa ürəyindən Avropada legioner olmaq keçir ki?! Əfran İsmayılovun yeni klubunun formasında şəklinə və açıqlamalarına baxdım. “Bakı”da yeni hədəflərə çatacağından, komandasına xeyir verəcəyindən, xoşbəxtlikdən və sair danışıb. İnandırım sizi, hələ qışda “Neftçi” onu heyətinə qatmaq qərarından son anda vaz keçməsəydi, eyni sözləri həmin vaxt futbolçunun dilindən “ağ qaralar” haqqında eşidəcəkdik. Belələri üçün formanın, komandanın iddialarının heç bir fərqi yoxdur. Əsas odur pulu daha çox versinlər. Elvin Məmmədov da iki il bundan əvvəl eyni sözləri deyə-deyə “Qarabağ”ı “Bakı”ya dəyişmişdi. Nə oldu, Elvin ötən zaman ərzində hansı xarüqələri yaratdı? Rauf Əliyevin guya “Qarabağ”da sıxıldığı, buna görə qol vura bilmədiyi deyilirdi. Çempionatın ikinci dövrəsində Rauf qollarını sıralayıb, “zolaqlıları” zirvələrə daşıdımı? Cavid Hüseynov Lənkəranda topu boş qapıya vura bilmədi, komandasının finala və avrokuboklara gedən yolunu bağladı. Həmin Cavid guya Adanada komandadan getməməsi üçün ona yalvardıqlarını iddia edirdi. A kişi, türklər dəli-zaddı boş qapıya qol vurmağı bacarmayan futbolçuya pul versinlər?! Həqiqətən də “Bakı”nın transfer siyasətinə təəccüblənməmək mümkün deyil. Zeynal Məmmədov hansı göstəricilərə görə futbolçu transfer edir? Deyəsən, məqsəd öz komandasını gücləndirmək yox, yenə də rəqibləri zəiflətmək prinsipidir. Uniston Parksın Lənkəranı paytaxta dəyişməsi zamanı olduğu kimi. Bütün Azərbaycan Əfran İsmayılovun son bir il ərzindən meydana candərdi çıxdığına, topu ram edib, hərəkət etməyə çətinlik çəkməsinə şahid idi. Elə bütün bunları Zeynal bəy özü də görüb. Yəqin, cənab Məmmədov düşünür ki, Əfran super istedadlı futbolçudur, sadəcə köhnə klubunda aldığından bir qədər artıq pul verməklə onun “pasını” töküb, mühərrikini sürətləndirmək mümkün olacaq. Heç inandırıcı deyil. Məgər, Parks, Rauf, Elvin və daha neçə-neçə belə nümunələr dərs çıxarmaq üçün yetərsizdir? Artıq indidən təxmin etmək olar ki, “Böyük “Bakı”-2012” layihəsi heç 2014-cü ildə də reallaşmayacaq. Niyəsini soruşanlar üçün izah edim. Diqqət yetirdizsə, Bandoviç az qala hər imkandaca əlinin altındakı futbolçulardan narazılığını dilə gətirir, heyəti özünün formalaşdırmadığına görə uğursuzluqlarda məsuliyyət payının olmadığını iddia edirdi. Bundan sonra gələcək yeni məşqçinin də eyni məntiqin köməyinə arxalanmaq üçün kifayət qədər əsası var. Hələ bilinmir ki, “Bakı”nı yeni mövsümdə kim çalışdıracaq, amma Zeynal Məmmədov transferə başlayıb. Bəlkə, yeni gələn çalışdırıcı Əfranın mövqeyinə özünün tanıdığı futbolçunu gətirmək istəyəcək? Üstəlik, adam İsmayılovun son bir il ərzində oynadığı qarşılaşmaların disklərini izləyib, “məndən belə futbolçularla çempionluq qazanmağımı necə tələb edirsiz?” sualını da klub rəsmilərinə ünvanlaya bilər. Onda nə cavab verəcəksiz? Ortada kifayət qədər tutarlı fakt – “Bakı”nın son mövsümdəki fiaskoya bərabər uğursuz nəticələri – var ki, buna əsasən yeni gələn çalışdırıcı klubun transfer siyasəyini bəyənməyib, bütün səlahiyyətin özünə verilməsini tələb eləsin. Əks halda yeni mövsüm eynilə bu ilki ssenarilər təkrarlanacaq. Məşqçinin yaxasında yapışıb, nəticə tələb edəndə “sizin qurduğunun komandayla bundan artığına nail olmaq mümkünsüzdür” deyəcək. Yəqin ki, onda “Bakı”dan qovduğunuz Əfranla Rauf da “Sumqayıt”a keçib, bala-bala başlarını girləyəcəklər.
Amal Abuşov