Abel Məhərrəmovun gizli saxladığı informasiyalar

1073

Rəsmi dövlət qurumlarında olduğu kimi təhsil müəssisələrinin internet səhifələrində də informasiya qıtlığı açıq-aşkar hiss olunur. Universitetlərin “İnformasiya əldə etmək haqqında” qanuna nə dərəcədə əməl etməsini araşdırmaq üçün internet səhifələrində monitorinqlərimizi davam etdiririk. Azərbaycan Dillər Universitetindən sonra qərara gəldik ki, növbəti monitorinqimizi Bakı Dövlət Universitetinin internet səhifəsində (http://bsu.edu.az/) aparaq. 

Monitorinqin nəticələrinə keçmədən öncə qeyd edim ki, Bakı Dövlət Universitetinin internet səhifəsində digər universitetlərlə müqayisədə informasiya bolluğu hiss olunur. Lakin nəzərə alsaq ki, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov rəhbəri olduğu universitetin dünya universitetlərinin reytinq cədvəlində ilk beşyüzlüyə düşməsi üçün ciddi addımlar atıldığını qeyd edir, o zaman universitet internet səhifəsindəki çatışmazlıqları mütləq aradan qaldırmalı və “informasiya əldə etmək haqqında” qanunun tələblərinə əməl olunmalıdır.

Sayta daxil olduğumuz zaman diqqətimizi cəlb edən məqamlardan biri BDU-dakı İnformasiya texnologiyaları mərkəzinin mövcudluğu ilə bağlı oldu. Maraqlıdır ki, bu mərkəzdə nə az, nə çox 39 nəfər çalışır ki, bunlardan da 4 nəfəri fizika-riyaziyyat elmləri namizədidir. Bu qədər işçi potensialı olan mərkəz hər halda istər texniki, istərsə də dizayn baxımından ortalığa daha peşəkar iş qoya bilərdi.

Bakı Dövlət Universitetinin saytında (www.bsu.edu.az) qarşılaşdığımız bəzi çatışmazlıqları təqdim edirik:

* “Rektora suallar” bölməsində “Rektor, akademik Abel Məhərrəmova suallarınızı sual@bsu.az elektron ünvanına göndərə bilərsiniz. Cavablarınız bu səhifədə yerləşdiriləcəkdir.” yazılıb. Göründüyü kimi, istifadəçinin birbaşa sualı ünvanlamaq üçün texniki imkanlar yoxdur, bunun üçün istifadəçi e-mailinə daxil olmalı və məktub yazmalıdır. “Cavablar bu səhifədə yerləşdiriləcək” yazılsa da, nə sualllar yerləşdirilib, nə də cavablar…

* Əsas səhifədə rektor Abel Məhərrəmovun bioqrafiyası və onunla birbaşa ünsiyyət yaratmaq üçün əlaqə vasitələri yoxdur. Rektor haqqında məlumat əldə etmək üçün “Mətbuat şöbəsi” bölməsinə daxil olmaq lazımdır. Sonuncu əmr və sərəncamlar da “Mətbuat şöbəsi”ndə yerləşdirilib. Yenilənmə sonuncu dəfə 14 may 2011-ci ildə olub. Bu tarixdən bu günə kimi heç bir əmr və sərəncam saytda yerləşdirilməyib.

* Mətbuat və informasiya şöbəsinə aid səhifənin rus və ingilis dili bölməsi işlək vəziyyətdə deyil. Bir çox bölmələr digər dillərə tərcümə olunmayıb.

* Bakı Dövlət Universitetinə daha öncə rəhbərlik etmiş şəxslər haqqında müfəssəl məlumatlara rast gəlmədik (yalnız “Mətbuat şöbəsi”nin səhifəsində rektorların adları və doğum–ölüm tarixi ilə bağlı məlumat yerləşdirilib).

* “Bakı Dövlət Universitetinin Poliklinikası” bölməsində də elektron müraciət üçün əlaqə vasitəsi yoxdur. Poliklinikanın hansı şərtlər daxilində xidmət göstərməsi ilə bağlı da məlumat verilmir.

* BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi haqqında bölmə və ümumi məlumatlar olsa da, liseyin rəhbərliyi ilə qarşılıqlı əlaqə saxlamaq üçün texniki imkan yoxdur, həmçinin liseyin e-poçt ünvanı da verilməyib. * Tədris hissəsi ilə əlaqə imkanları yoxdur. “Tədris hissəsi “ bölməsindəki “Əmr və sərəncamlar” linkində yalnız imtahan sessiyasının kecirilməsi haqqında məlumat var, digər sahələrdə olan əmr və sərəncamlar saytda yerləşdirilməyib.

* Bəzi linklərə daxil olduqda baş səhifəyə yenidən qayıtmaq olmur. Bu da istifadədə çətinlik yaradır.

* Həmkarlar İttifaqı Komitəsi haqqında məlumat verilsə də, əlaqə saxlamaq üçün heç bir imkan yoxdur. * “Xarici tələbələr” bölməsindəki “Qəbul qaydaları”, “Beynəlxalq proqramlar”, “Konsul protokol”, ”Əcnəbi vətəndaşların təhsili”, “Əməkdaşliq layihələri” linklərinə birbaşa və düzgün keçidlər verilməyib.

* Universitetdəki laboratoriya və mərkəzlərlə virtual ünsiyyət saxlamaq üçün əlaqə vasitələri yerləşdirilməyib.

* Hər bir fakültənin səhifəsi fərqli dizaynda təqdim olunsa da, səhifələrdə səliqəsizlik açıq-aşkar hiss olunur. Bəzi fakültələrin dekanları və kafedra müdirləri ilə əlaqə saxlamaq üçün e-poçt ünvanlar verilməyib.

* Universitetə getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat vasitələri haqqında məlumatlar yerləşdirilməyib. Nəzərə alsaq ki, universitetdə təhsil alan tələbələrin əksəriyyəti rayonlardan gəlib və xarici tələbələrin də kifayət qədər çox olması bu informasiyanın olmasını zəruri edir.

* Saytda universitetlə bağlı ümumi foto və video bölmələr yoxdur.

* Universitetin strukturunun ümumi sxemi də saytda əks olunmayıb.

* Təhsil müəssisəsinin büdcəsi və onun icrası haqqında bilgi, eyni zamanda büdcədənkənar daxilolmalar və onların istiqamətləri ilə bağlı informasiyalar da əksini tapmayıb.

* Universitetdə işə qəbul olma ilə bağlı qaydalar və boş iş yerləri haqqında da saytda məlumat yerləşdirilməyib.

* Universitet rəhbərliyinin və digər səlahiyyətli şəxslər tərəfindən qəbulla bağlı qaydalar haqqında da heç bir informasiya yoxdur.

* Universitet tərəfindən həyata keçirilmiş tenderlərlə bağlı məlumatlar da gizlin saxlanılır, yəni saytda yerləşdirilməyib.

Eyvaz Qocayev
Qafqazinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər