Acgözlük də xəstəlikdir, yaltaqlıq da…

1845

Sahilə İbrahimova

Ötən il əvvəl olmadığı qədər həkimə getdim. Bədənində rahatsızlıq hiss eləyən kimi həkimə qaçan adamlardan oldum. Ağciyər rentgenini yoxlayan həkim öskürək nə vaxt başlayıb soruşdu, dünən günorta dedim. Qadın xeyli təəccübləndi, məni təriflədi, bizdə illərlə öskürən, ciyərini yoxlatmağı ağlından keçirməyən adamlar var dedi. Qısası, beyin MRT-sindən tutmuş, qulaq həkiminə qədər getdim, bədənimdəki xalların inkişaf tempini, nə vaxtsa podaqra ola bilmə ehtimalını və s. yoxlatdırdım. 

Az qala bütün həkimlər sağlam olduğumu, müəyyən ağrıların stressdən yarandığını dedi. Əvvəl bu diaqnoz(suzluğu)u sevmədim. Stress nədi axı, xəstəlik deyin müalicə edək, bu nə abstrakt yanaşmadı…

Sonra stress haqqında oxumağa başladım. Beyinlə, hormonlarla bağlı tibbi-sosial monoqrafiyalarla tanış oldum, verilişlərə, müsahibələrə baxdım. Deyim ki, bu arada həkim olmadığım üçün yenidən təəssüfləndim. Çünki dünyanın məhz tibb üzərindən daha yaxşı yerə çata biləcəyi qənaətindəyəm. Bəzi xəstəliklərin xarakteristikasında xəstə qaraqabaq, aqressiv, emosional və s. ola bilər tərifləri yazılırdı. İnsan üçün eyib sayıla biləcək mənəvi tərəflər xəstəlikdən qaynaqlanırsa, adamları necə qınayaq?..

“Xəstəsən?” Tez-tez mübahisə edən tərəflərdən biri o birindən soruşur. Bu, olduqca yerində verilmiş sual imiş. Aşırı qəzəb, kin, hücum xəstəlik əlamətidi. Həm də sadalananlar təkcə psixi deyil, fiziki xəstəliyin də simptomu ola bilir. Acgözlük də xəstəlikdi, başqasının haqqını yemək də, riyakarlıq da, yaltaqlıq da.

Tez-tez bizim xalq qaraqabaqdı, metroya girirsən hamı üzünə sanki qəzəblə baxır deyirlər. Görünür, toplum olaraq xəstəyik. Və bu xəstəlik stressdəndi. Bəs stress nədi? Oxuduqlarımdan qısaca belə qənaətə qəldim; stress istədiyini gerçəkləşdirə bilməyəndə, yaxud əksinə, nəyisə etməyə məcbur qalanda yaranır. İstənilən yeni bilgi də stress yarada bilər, öyrəşdiyin şeyi itirmək də.

Hərdən hirslənə bilməmək stressə səbəb olur. Alimlər müəyyən atavizmlərin insanı qeyri-adekvat addımlar atmağa məcbur elədiyini deyir. Məsələn, əcdadlarımız pusquda durub ovlamağa heyvan axtarır, tapanda bağırıb bir-birlərini çağırırdılar. Yüksək notlarda toplu nəğmələr oxuyurdular (nəğmə demək mümkünsə), bir-birlərinə çatmaq üçün uzaq məsafələr qaçırdılar. İndi insanlar ofislərdə bacardıqca sakit tərpənməli, fikirlərini az qala pıçıltı ilə bildirməlidirlər. Böyük şirkətlər işçilərinə “emosional bilgi, hisslərin idarəolunması” təlimləri keçir, onları bacardıqca “sakitləşdirməyə” çalışır. Bu siyasət dövlətlərin də əsas strategiyasıdı. Dövlətlər ta qədimdən adamlarını sakitləşməyə, minnətdar olmağa, “böyük”lərə hörmətə çağıran fəlsəfi-dini cərəyanları dəstəkləyib, inkişaf etdirib.

Təmkinli olmaq, aqressiyadan uzaqlaşmaq yaxşı şeydi. Bəs, atavizmləri, instinktə bənzəyən reaksiyaları nə edək? Araşdırmaçılar təbii ehtiyaclarını ödəməyə imkan yaratmaqla insanı sağaltmaq mümkündü deyirlər. Təbii ehtiyaclar konstitusiyamızda da əsk olunur. İnsanın hüquq və azadlıqlarını qorumaqla onu sağlam yaşatmaq mümkündü.

İnsan yaşamaq hüququndan, azadlıq hüququndan, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqət hüququndan, seçki, siyasi partiyalarda birləşmək, dövlətin idarə olunmasında iştirak etmək, dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək, müraciət etmək, və s bu kimi onlarla, yüzlərlə hüquqdan istifadə edə bilməklə “sakitləşə”, sağlam ola bilər.

Ölkəmizdə hər an insanların kiçik və ya böyük həcmdə hüquqları pozulur. İnsanlar təbii sayıla biləcək istəklərini gerçəkləşdirə bilmirlər. Bu, stress yaradır, adamı xəstələndirir.

Getdiyim xəstəxanalar ağzına qədər xəstə ilə dolu olurdu. Əllərində böyük-böyük rentgen, MRT çəkimləri gəzən bu adamlara acımamaq olmur. Bəzilərinin evinin əşyasını, nişan üzüyünü, həyətində qalan sonuncu heyvanını satıb həkimə gəldiyi o qədər bəlli idi ki… Bu adamların əksəriyyəti bu ayın gəliri gələn aya qədər bəs edəcəkmi stressi ilə yaşayıb-ölürlər. Məruz qaldıqları haqsızlıqlar, maddi-mənəvi çətinliklərdir onları xəstələndirən. Tanıdığım ali təhsilli bir kitabxanaçı yüz əlli manat maaş alır. Və onun kimi vətəndaşların tibbi sığortadan yararlana bilməsi yaxın gələcəkdə müzakirəyə çıxarılacaq mövzular siyahısında deyil.

Sivil toplumlar müalicəyə ədalətdən başlayır. Özünə və ətrafına qarşı ədalətli yanaşma görən insan(lar) sağalır. Bu səbəbdən sivil toplumlar vətəndaşlarına sərbəst toplaşmaq, tənqid etmək, seçmək-seçilmək… səsini ucaltmaq imkanı yaradır. Demokratiya bu səbəbdən rəqibsiz sistemdi. Heç bir quruluş onun qədər xalqı sağlam edə bilmir.

Bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, sağlam olaq. Sırf özümlə bağlı deyə bilərəm ki, gücüm qurtarmışdı. İnsanların “İşin gücün necədi?” sualı da olduqca müdrik məna gizləyirmiş özündə. İşlə gücümün balansı pozulmuşdu.

Güclü olaq!

Qafqazinfo

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər