Bu gün mənim ad günümdür. A
mma öz ad günümdən yox, Azərbaycan mətbuatının ad günündən yazacam. Düz 134 il əvvəl iyulun 22-də Həsən bəy Zərdabi min bir əziyyətə, məhrumiyyətlərə qatlanıb “Əkinçi”nin ilk nömrəsini buraxdı. Bütün var-dövlətini bu qəzetin çap olunması, xalqın maariflənməsi yolunda xərclədi. Və xalqın yuxulu, xumar gözünü az da olsa aça bildi, baxmayaraq ki, həmişə olduğu kimi o vaxt da xalq yatmaq istəyir və onu şirin yuxudan oyadanları sevmirdi.
Həsən bəydən sonra bu yolu davam etdirənlər çox oldu və hər biri şəxsi mənafeyini deyil, millətin mənafeyini düşündü. İslam dininin yayıldığı, təbliğ olunduğu ilk illərdə onu qəbul edib iman gətirənlər necə ələ salınır, təhqir olunurdusa, “Əkinçi” qəzetinin hər nömrəsi işıq üzü görəndə onun ərsəyə gəlməsində əməyi olanlarla yanaşı, onu oxuyub təbliğ edənlər də tənqid və təhqir edilirdilər. İslam insanları bütpərəstlikdən, “Əkinçi” isə mövhumatçılıqdan xilas etmək missiyası daşıyırdı və əzablı yollardan keçərək məqsədinə nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında iştirak edən ziyalıların formalaşmasında “Əkinçi” nin də böyük rolu olmuşdu. Amma təssüf ki, bu günki mətbuatın bir çox nümayəndələri xalqı deyil, öz şəxsi mənafelərini düşünürlər. Həsən bəy Zərdabi var-dövlətini xalqın maariflənməsi məqsədilə xərcləyirdi, müasir qəzetçilərimiz isə qəzeti öz şəxsi məqsədlərini gerçəkləşdirmək üçün “xərcləyirlər”. Jurnalistin nə məzuniyyəti var, nə istirahəti, nə də əmək aləti olan diktofonu. Amma gecə-gündüz işləyir və baş redaktor da onun hesabına əməlli-başlı kef edir.
Ölkədə əmək hüquqlarının pozulmasından, insan hüquqlarının tapdalanmasından tənqidi materiallar hazırlayan jurnalist öz hüquqlarının qonşuluqda nazir kabineti kimi bəzədilmiş.otaqda oturan şəxs tərəfindən hər gün zorlandığını ağlına belə gətirmək istəmir. Təbii ki, bu bütün qəzetlərə və baş redaktorlara aid deyil.
Adətən jurnalist bir informasiya almaq üçün itin sözünü eşidir, aldığı da olur qəpik-quruş.
Bir tərəfdən də bu reket qəzetlər. Hərəsi özünə bir “krışa” tapıb reketlik edir. Mətbuat Şurası da guya mübarizə aparır. Şuranın 180 üzvü var, ölkədə gündəlik və həftəlik nəşr olunan qəzetlərin sayı isə heç 50-ni keçmir. Bəs qalanı kimdir? Fəaliyyət göstərməyən, yaxud ildə, ayda bir dəfə nəşr olunan qəzetin rəhbəri necə Mətbuat Şurasının üzvü olur, başqalarına qiymət verir, anlamıram.
Bəzi bürokratlar informasiyanı da monopoliyaya alıblar və onu ancaq öz yaxınlarına verirlər. Bəzilərinin sinəsi nə qədər açıq, donu nə qədər qısadırsa onun informasiyaya çıxış imkanı da bir o qədər genişdir. Eşitdiyimə görə bəzi məmurları evdə artıq katibəyə deyil, “jurnalistlərə” qısqanmağa başlayıblar. Bu da müasir jurnalistika. Heç jurnalist olmayan adamların cibindən də “xüsusi müxbir” vəsiqəsi çıxır.
Bu yaxınlarda təkər qaraldan biri söz arası həm də jurnalist olduğunu deyəndə Günel Mövludun sözü olmasın, elə bil başıma kvalt vurdular. Dedim bəs hansı qəzetdə? Adını dedi, amma elə əndərabadi bir ad dedi ki, yadımda ancaq “Neqativ hallar, korrupsiya və digər… nə bilim nəyə qarşı mübarizə” sözləri qaldı. “Bəs niyə işdə deyilsən, burda təkər qaraldırsan” soruşanda isə məlum oldu ki, kişi xüsusi müxbirdir, gündəlik işə getməyinə ehtiyac yox imiş. Bu da mətbuat. İndi bu qəzetin müxbiri əgər hansısa məmurun yanına gedib reketlik edə bilirsə, onda o cür məmurun yeri kabinet yox, “moyka”dır.
Belə faktlar çoxdur, biri bardan çıxır, polisə jurnalist vəsiqəsi göstərir, biri küçədə yatır, kimliyini araşdırmaq istəyəndə xüsusi müxbir olduğu məlum olur. Bəziləri də bütün günü televizorda manısların kliplərini reklam edib dj-liklə məşğul olur, soruşana da deyir “jurnalistəm”. Bir sözlə, işsizsənsə, deməli jurnalist işləyə bilərsən. Belələrinə baxanda deyirsən bəs görəsən onda Zərdabi, Mirzə Cəlil, Elmar kim olub? Biz hardan hara gəlmişik?
Mətbuat Şurası yeni yaradılanda hamımız ümid edirdik ki, jurnalistikanın cəmiyyətdə nüfuzu artacaq, amma gör fələk nə saydı. Problemlər hələ də qalır. Jurnalistlər hələ də ən adi, heç bir dövlət sirri olmayan informasiyaları almaqda çətinlik çəkirlər. Reklam bazarı hələ də monopoliyadadır. Mətbuat Şurası jurnalistlərin informasiya almaq hüququnu məhdudlaşdıran məmurların birinin də olsa cəzalandırılmasına nail olmayıb. Tənqidə görə jurnalistlər hələ də məhkəməyə verilir.
Budurmu mətbuatın inkişafı? Əgər bu inkişafdırsa, küçədən keçən gəlib bədənini nümayiş etdirərək televiziyada gic-gic söhbətlər edəcəksə, ya da qəzetdən bir vəsiqə alıb rayonlara “ezamiyyətə” gedəcəksə, buna da milli mətbuatın, jurnalistikanın inkişafı deyiləcəksə, lənət olsun belə inkişafa. Orta məktəbi düz-əməlli bitirə bilməyənlər, adicə “Mənim ailəm” mövzusunda inşa yaza bilməyənlər etirazsız-filansiz özünü jurnalistikaya dürtür və az keçmir elə fövqəladə imkanlar qazanır ki, baxanın ağzı açıq qalır. Əsl jurnalistlər isə hələ də diqqətdən qıraqda qalıb.
Elə insanlar var ki, son 5 ildə bir dənə cümlə də yazmayıb, amma jurnalistikanın adından danışır. Hər təşkilat bir mükafat təsis edir, biri qızıl qələm, digəri vicdanlı qələm paylayır, amma bu gün jurnalistikada qələmdən çox sabun istifadə edilir. Jurnalistika bu gün bir bazardır və kimi diplom satır, kimi də vəsiqə.
İndi də xəbər yayılıb ki, bəs bu gün Mətbuat Şurası Bakı Əyləncə Mərkəzinə 250 nəfəri dəvət edib jurnalistlərə sürpriz edəcək. Bu təzə xəbər deyil ki. Hər il eyni adamlar belə tədbirlərə dəvət olunur, yeyib içib, bir-birinə tərif deyib, dövlət rəsmilərilə ikiəlli görüşüb Milli Mətbuat gününü qeyd edirlər. Sürprizə bax bir…İl uzunu elədikləriniz bəs nə idi?!
Sonda bir məsələni də qeyd edim ki, əgər Zərdabi sağ olsaydı, nə bu günki tədbirə onu dəvət edən olardı, nə də “Media açarı”, “Qızıl qələm” filan verən. Heç Mətbuat Şurasının üzvü də ola bilməzdi, hələ bəlkə qəzetini də reket elan edib özünü də böhtan atmaqda təqsirləndirib verərdilər məhkəməyə. Yaxşı ki, ruhu bizimlədir.
Bayramımız mübarək!
YAZARIN DİGƏR YAZILARI