21-26 sentyabr 2011-ci il tarixləri arasında Ukraniyanın Odessa şəhərində Avropanın ən böyük tələbə və gənclər təşkilatı olan Avropa Tələbələr Forumunun təşkilatçılığı ilə Regional Şəbəkələşmə Toplantısı keçirilmişdir. Sözügedən toplantıda Avropanın bir sıra ölkələrindən tələbələr bir araya gələrək “gənclərin ictimai həyatda fəallığı” mövzusunda müzakirələr aparmışlar. Bu tədbirdə Azərbaycanı AEGEE-Sumqayıt İctimai Birliyi 4 nəfər nümayəndə ilə təmsil edirdilər.
Toplantı çərçivəsində təşkil edilən Mədəniyyətlər gecəsində Azərbaycan layiqli şəkildə təmsil edildi. Beləki Azərbaycan gecəsində AEGEE-Sumqayıt İctimai Birliyinin nümayəndələri himnlə açılış edərək milli geyimlərdə naz eləmə və vokaliz mahnıları altında rəqs etmişlər. Daha sonra milli mətbəximizin tacı olan plov, dovğa, kükü, şəkərbura, paxlava, qoğal, çərəz və halvadan ibarət Azərbaycan süfrəsi açılmışdır. Həmçinin səfər çərçivəsində “Ukraynadakı Azərbaycanlı Gənclərin Birliyi”nin idarə heyəti ilə görüşlər keçirilmiş, birgə əməkdaşlıq haqqında müzakirələr aparılmışdır.
Qeyd edilməlidir ki, AEGEE (Association des Etats Generaux des Etudiants de l’Europe), yəni Avropa Tələbələr Forumu dünyanın ən böyük tələbə assosiasiyasıdır. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. AEGEE-Sumqayıt İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin ən gənc üzvlərindən biridir. Azərbaycanı Avropanın bir hissəsi hesab edən AEGEE-Sumqayıt Avropa və Azərbaycan gəncləri arasında olan əməkdaşlığı, münasibətləri və inteqrasiyanın genişlənməsinin tərəfdarıdır.
Azər Məhərrəmov, “AEGEE-Sumqayıt” İctimai Birliyinin sədri