Sumqayıtda fövqəladə vəziyyət elan olunmasından 25 il keçir
1 Mart 1988-ci il. 25 il əvvəl məhz bu gün Sumqayıtda ermənilər tərəfindən əvvəlcədən hazırlanmış qaşıdurmanın nəticəsi olaraq fövqəladə hal elan edilib.
Publika.Az-ın “Qırmızı xətt” layihəsi1988-ci il Sumqayıt hadisələrindəki qaranlıq məqamları pafosdan, yalançı vətənpərvəlikdən uzaq gün işığına çıxarıb.
İstənilən tarixi hadisənin sirləri, təfərrüatları hər zaman illər ötdükdən sonra daha aydın meydana çıxır. Sumqayıt hadisələri şahidlərin gözü ilə daha aydın görünür. Ermənilərin illərlə uydurduğu və dünyaya bar-bar bağırdığı “faciəni” indi dünya SSRİ-nin xüsusi xidmət orqanlarının Sumqayıtda yaşayan ermənilərin əli ilə təşkil olunduğu artıq beynəlxalq məhkəmələr tərəfindən sübuta yetirilib.
1988-ci ildə Sumqayıtda Xalq Deputatları Sovetinin üzvü olmuş Maya Mamedovanın yadına qalanlar:
-Sumqayıtın ilk sakinlərindən biri kimi deyə bilərəm ki, azərbaycanlılarla ermənilər arasında heç vaxt xüsusi qarşıdurma yaşanmayıb. Sumqayıt beynəlmiləl şəhər idi. Məktəblərdə müəllimlərin sayından tutmuş, aparıcı vəzifələrə qədər azərbaycanlılarla ermənilərin arasında heç bir problem yaşanmayıb. Onların hansısa fonda pul köçürmələri ilə bağlı heç vaxt məlumatımız olmayıb. Maddi vəziyyəti yaxşı olan ermənilərin hamısı “Krunk” fonduna pul köçürmələrini biz çox sonradan öyrəndik. Hadisə baş verməmişədən bir neçə gün qabaq Sumqayıtda qarışıqlıq yaranmışdı. Sumqayıtın əhalisinin bir neçə faizi keçmiş məhbuslar və SSRİ-nin fərqli yerlərindən bura göndərilmiş narkomanlar idi. Sumqayıtda bu hadisələrin yaşanması üçün münbit şərait var idi. Şəhərin müxtəlif yerlərində tonqallar qalanmışdı. Yerli əhalini provokasiyaya çəkmək üçün Ermənistandan Sumqayıta gəlmiş qaçqınları bəhanə gətirirlər. Lakin, hadisələrin xronologiyası bu faktı təsdiqləmir.
“Ermənilərin “Krunk” fonduna pul köçürmələrini sonradan öyrəndik”
-Sumqayıtın ən böyük iş yeri olan Sumqayıt Boru Prokat zavodunun işçiləri bu hadisələrdə böyük canfəşanlıq göstərirdi. Halbuki, zavodun fəhlələrindən tutmuş, rəhbər vəzifələrə qədər bütün işçiləri ermənilər idi. Hadisələr zamanı istifadə edilən dəmir linglərin hamısı həmin zavodda hazırlanmışdı. Hadisələrdən bir neçə həftə sonra özümüzə gəlib təfsilatları yadımıza sala bildik. Sumqayıtdakı hadisələrin təşkilatçısı SSRİ-nin xüsusi xidmət orqanları idisə, həyata keçirənləri “Krunk” təşkilatı ilə əlbir işləyən yerli ermənilər idi. Həmin dəmir lingləri ermənilər “Krunk”a pul köçürməyən ermənilərə qarşı istifadə etdilər.
Deputat olduğum müddətdə heç vaxt ermənilərə qarşı mənfi münasibət göstərən sumqayıtlı görməmişəm. Başımıza gətirilən o qədər dəhşətdən sonra biz yenə də ermənilərə acıyırdıq. Hadisələrdən bir neçə gün sonra mən ermənilərə dəymiş zərəri hesablamaq əmri aldım. Şəxsən özüm ermənilərin yaşadığı mənzillərə getdim. Azərbaycanlı ürəyimin mərhəməti yenə də öz işini gördü. Bir erməni qadının qapısını döydüm. Ona evdən nələrin aparıldığını, dəymiş ziyanı soruşdum. Dedi ki, onun evindən heç nə aparılmayıb. Yeganə dəymiş zərər boynundakı gümüş xaç həmayilin milliyətini müəyyənləşdirə bilmədiyi bir şəxs tərəfindən qoparılıb aparılması olub. Qeydiyyata alanda gümüş həmayili qızıl kimi qeyd etdim. Sumqayıtda azərbaycanlılar tərəfindən heç bir zorakılıq törədilməyib. Yerli əhali erməniləri ermənidən xilas edib evində gizlədirdi.
Hazırda Daşkənddə yaşayan, telejurnalist Aida Eyvazova Sumqayıt hadisələrini belə xatırlayır:
-1988-ci ilin rus KQB-si tərəfindən xüsusi təşkil olunmuş fevral hadisələrindən kiçik bir məqamı xatırlamazdan əvvəl, yaddaşımın uşaqlıq illərinə qayıtmaq istəyirəm. Sumqayıtda 4-cü mikrorayonda “xruşşovka” binada yaşayırdıq. Təkcə bizim blokda 3 erməni ailəsi var idi. Beynəlmiləl bir blokda yaşayırdıq:rus, erməni, azərbaycanlılar. “Can” deyib, “can” eşidərdik. Bizdən bir mərtəbə yuxarıda Artuş Arakelyan ailəsi yaşayırdı. Mənim iki qardaşımla, bu ailənin iki oğlu yaşıd idilər. Və təbii ki, bu dəcəl oğlanlar gah bizdə, gah da Arakelyan ailəsində yığışıb oynayırdılar. Atam ailənin başçısı Artuşa heç vaxt salam verməzdi. Bilmirdik ki, niyə sevmir onu. Ancaq ailənin qadını Asya xalanı, bütün məhəlləmiz sevirdi. Çox hörmətli, abırlı bir qadın idi. Deyirdi ki, atası yunandır. Anamın da, bizim də əzizimiz idi. Bir dəfə də yenə Arakelyangilə qalxmışdıq. Mənim də iki qardaşım orada idi. Ata Arakelyan oğlanları ilə mənim qardaşlarımı güləşdirirdi, və tez-tez də “türkes”, “hayes” deyərdi. O yadımdadır ki, qardaşlarım döyüşdə məğlub olanda o, çox sevinə-sevinə , ürəyi köksündə partlayırmış kimi “Hayes” deyib az qala bağırardı. Bir dəfə atamdan soruşdum ki, Artuş dayı belə bir iş eləyir. Ondan sonra, atam bir dəfə onun qarşısını kəsib nəsə demişdi. Onu bilirəm ki, yaxşıca cavabını vermişdi.
Aradan illər keçmişdi. Biz köhnə məhəlləmizdən, təzə məhəllədə aldığımız mənzilə daşınmışdıq. Bizim blok qonşumuz olan Arakelyanlar da həmin məhəllədə, lakin başqa binada mənzil almışdılar. Biz yenə mehriban qonşuluq münasibətlərində idik.
…1988-ci il 15 fevralı. İndiki kimi yadımdadır. Boz bir fevral ayı idi. Mən Daşkəndə uçmaq üçün yola hazırlaşırdım. Birdən məndən kiçik bacım Sevda əlində dolu bir çanta içəri girib dedi ki, qonşumuz Leyla- bu həmin Leyla idi ki, anası erməni idi- qızı da Qukasyan Slavikə ərə getmişdi. Qukasyan Sumqayıtda böyük bir ticarət mərkəzinin direktorunun oğlu idi. Slavik isə bizim 23 saylı məktəbdə fizika və riyaziyyatdan dərs deyirdi. Çox şıq yaşayırdılar. Qonşulara qarışmırdılar. Kimsə onları, bir xeyir, şər məclisində görməzdi. Nə isə… bacım Sevda dedi ki, Leylagil köçürlər. Təcili paltarlarını satır. Paltarların içərisində xəzdən olan üst geyimləri daha çox idi. Sevda sonra onu da əlavə etdi ki, büllur çılçıraqlarını da satırlar…
“Krunk”a pul köçürmədiyinə görə yandırıb külə döndərdilər”
Məni yola salmağa gələn Asya xala, və başqa qonşular da bu alverdən şübhələnmədik. Kimsə bilmədi ki, bu təlaş nə üçündür. Aradan 2 həftə keçəndən sonra mən Sumqayıtda o hadisələrin baş verdiyini eşitdim. Qukasyan ailəsi itkin düşmüşdü. Onları görən olmadı. Asya xalanın ailəsində isə çox fəlakətlər oldu. Asya xalanın başına çox işgəncələr gətirilmişdi, ərini isə yandırıb külə döndərmişdilər. Anam ağlaya-ağlaya deyirdi ki, onların evinə gələnləri heç kim tanımayıb. Bu adamlar əksəriyyəti erməniyə oxşayırmış.
…Və mən bir dəfə həmin hadisələrin guya “təşkilatçısı ” olan, güllələnmə cəzası alan Əhməd Əhmədovun barəsində yazı hazırlayırdım. O zaman Sumqayıt şəhər prokurorluğunda Əzizağa adlı (üzr istəyiəm ki, indi soyadını unutmuşam) bir hörmətli xüsusilə mühüm işlər müstəntiqi ilə söhbət elədim, o mənə Arakelyan ailəsinin niyə elə faciəyə məruz qaldığının səbəbini dedi. Sən demə, Arakelyan “Krunk” fonduna, Sumqayıtda yaşadığı müddətdə 1 qəpik də olsun pul ödəməyibmiş… buna görə də aqibəti belə oldu.”
Hadisələrin şahidi, Ticarət Nazirliyi Respublika Hesablama Ticarət Mərkəzində Komsomol katibi Elmira Quliyeva:
-Şəhərə fevralın 28-dən 1-nə keçən gecə şəhərə 3 tərəfdən tanklar daxil oldu. Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, zavodlar istiqamətindən və dəniz istiqamətindən gələn tanklar şəhəri əhatəyə aldı. Hadisələrdə günahkar azərbaycanlıları göstərmək gülüncdür. Əliyalın azərbaycanlıların, Sumqayıt sakinlərinin nə ordusu, nə də ki tankı vardı. Hadisələr daha çox 41-ci məhəllə və 3mikrorayon ərazisində baş verirdi. Bu həndəvərdə çoxlu tonqallar qalanmışdı. Hələ də bilmirəm ki, həmin tonqalları kim qalayırdı. Onu dəqiq deyə bilərəm ki. tonqallara qəribə maddə atılmışdı. Bu maddə qəribə təsir göstərirdi. Adamların bəziləri nəfəs alanda uyurdu. Bəziləri isə dəli kimi ətrafdakıların üstünə hücum çəkirdi. Elə o tonqalların başındaca 41-ci məhəllədən yeddi erməni uşağı ermənilər tərəfindən öldürüldü. Vəziyyəti idarə edənlər, cinayətkarlar 25-35 yaş arasında olan sifarişlə işləyən narkoman ermənilər idi. Konkret bir briqada Stavropol şəhərindən gəlmişdi. Heç kimə sirr deyil ki, Stavropolun əhalisinin əksəriyyəti ermənilərdir. Onlar sırf öz erməni millətlərindən qisas üçün gəlmişdilər. Bir gün “təmizləmə” işlərindən sonra həmin sifarişli ermənilər qeybə çəkildi. Onları yeni əsgərliyə gəlmiş rus əsgərləri əvəz elədi. Sumqayıtın sakinləri baş verən hadisələrdə yenə də ürəyiyumşaqlıq göstərirdi. Hamı evindən gənc əsgərlərə yemək, çay gətirirdi. Həmin əsgərlərə də azərbaycanlılar haqqında səhv məlumat vermişdilər. Onlar evlərdən gələn yeməkləri qorxa-qorxa götürdülər. Sonradan gördülər ki, azərbaycanlılar nə qədər alicənab və saf millətdir.
Şəhərdə mart ayının 1-də komendant saatı elan edildi. Komendant saatı 10 gün davam etdi. Bu müddətdə öyrəndik ki, evimizin çörəyini yeyən, günümüzü birgə keçirdiyimiz, heç bir ayrı-seçkilik qoymadığımız ermənilər illərlə “Krunk” adlı təşkilata pul köçürüblər. “Krunk”-a pul köçürməyənlər isə sonra etiraf etdilər ki, köçürənlər həmin pulla MixailQorbaçovdan Qarabağı satın alacaqdılar.
Qanlı gecənin səhəri günü o zaman Sumqayıt şəhər Kommunist Partiyasının katibi küçədə göründü. Onun gözünün altında qançır var idi. Onu keçmiş Lenin küçəsindən Səməd Vurğun, sonra isə Sülh küçəsinə tərəf aparırdılar. Komsomol katibi kütləyə tabe olmağa məcbur idi. İnsanlar psixoz vəziyyətə çatdırılmışdı.
Tam məsuliyyətlə və şahidi olduğum hadisələrdən nəticə çıxararaq deyə bilərəm ki, ermənilər fevralın ortalarında Sumqayıtı tərk etmişdilər. Sumqayıtda yalnız maddi vəziyyətinə görə “Krunk”a pul köçürməmiş erməni ailələri qalmışdı. Onlar da SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş cinayətdə ermənilər tərəfindən öldürülüblər.
“ Həmin adamlar şüarlar səsləndirib mitinq iştirakçılarına spirtli içkilər paylayırdı”
Sumqayıt hadisələrində qaranlıq məqamlar kifayət qədərdir. Şəhər Partiya Komitəsinin birinci katibi Cahangir Müslümzadənin fevralın 27-də başlayan mitinqi sakitləşdirməyə cəhd etməsi, lakin cəhdlərinin uğursuz alınmadığıı deyilir. Mitinqdə Hüseyn Ərəblinski adına Dram Teatrının aktrisası Afaq Bəşirqızı mikrofonla çıxış edərək sakinləri geri çəkilməyə çağırır. Afaq Bəşirqızına 13 və 25 nömrəli orta məktəblərin direktorları da qoşulur. Mitinqi yatırmağa müyəssər ola bilmirlər… Mitinqdə Qafandan köçürülmüş azərbaycanlılar iştirak etməyib. Lakin əhalini Qafanda əziyyət çəkənlərin qisasını almağa çağıranlar var idi. Həmin adamlar şüarlar səsləndirib mitinq iştirakçılarına spirtli içkilər paylayırdı.
25 il keçməsinə baxmayaraq Cahangir Müslümzadə baş verənlərlə bağlı mətbuatda heç vaxt çıxış etməyib. Onun ilkin məhkəmə proseslərində dindirilməsindən başqa mətbuata heç nə məlum deyil.
Uzun müddət Sumqayıt hadisələrini tədqiq etmiş Surxay Hüseynli Publika.Az-a danışıb.
-Sumqayıt hadisələri ilə bağlı istintaqı SSSRİ-nin müxtəlif yerlərindən gəlmiş müstəntiqlər aparırdı. Hadisələrə görə 74 nəfər həbs olundu. Hadisələrdə ittiham olunan, Rusiyada məhkəmənin qərarı ilə güllələnən Əhməd Əhmədovdan başqa bütün ittiham olunanların məhkəmə prosesi Azərbaycanda baş tutdu. Soyğunlarla bağlı istintaqı Azərbaycan Sovet Sosialist Respublikasının Daxili İşlər Nazirliyi, qətllərlə bağlı istintaqı isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi aparırdı.
Məhkəmə prosesləri ilə bağlı demək olar ki, bütün materiallarla tanış olmuşam. Güllələnən Əhməd Əhmədovun məhkəmə prosesinin stenoqramını dəfələrlə oxumuşam. Hadisələr haqda ən böyük təhrifləri isə təbii olaraq Zori Balayan öz məqalələrində işıqlandırırdı.
Şəhərdə mühüm vəzifə tutan insanlar sakinləri sakitləşdirməyə cəhd edirdi. Sonralar hadisələrdə katalizatorluqda ittiham edilən aktrisa Afaq Bəşirqızı insanları geriyə çəkilməyə çağırırdı. Ən dəhşətli məqam isə onda idi ki, sakinləri ermənilərə qarşı meydana çağıran insanlar sonradan ittiham edilmədi. Əksinə, vəzifələrə gətirildi. Fevral ayının ortalarından başlayaraq əhalini meydanlara səsləyən keçmiş Polimer zavodunun direktoru Təvəkkül Məmmədov sonradan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdu. Meydana çağırış edənlərdən biri isə Xıdır Alovlu idi. O zamanlar peşə məktəbinin direktoru idi. Hadisələrin iştirakçılarının çoxu isə həmin peşə məktəbinin uşaqları idi. Xıdır Alovlu hakimiyyət dəyişikliyindən sonra millət vəkili də oldu. Heç bir məhkəmə prosesində isə dindirilmədi.
Hadisələrin iştirakçıları yuxarıda da dediyim kimi peşə məktəbinin şagirdləri, 4-5 sinif oxumuş təhsilsiz və ya tüfeyli həyat keçirən insanlar idi.
Sumqayıt hadisələri ilə bağlı mühüm işlər üzrə müstəntiq Vladimr İvanoviç Kalnıçenko vasitəsi ilə Qalkinə dəfələrklə sual verirdim. İstədiyim cavabları isə ala bilmirdim.
1986-cı ilin dekabrında Qazaxıstanda baş vermiş hadisələrlə bağlı məhkəmə istintaqı materialları, Nursultan Nazarbayevin, Dinmuhamməd Kunayevin, Aleksandr Kolbinin məhkəmədə dindirilməsi, stenoqramlar, həbs olunanların detallı materialları rəsmi formada mətbuata verilib. Bu materialları əldə etmək üçün internetə müraciət etmək yetərlidir. Sumqayıt hadisələrinin qaranlıq yerləri hələ də qalıb. Hətta Qalkin özü də bunu etiraf edirdi.
Sumqayıt hadisələrinə görə şəhərin milis rəisi, eləcə də Cahangir Müslümzadə töhmət aldı. Halbuki o şəhərdə yeni idi. Proseslərdən xəbərsiz idi. İstintaqı aparan prokurorluq nümayəndələrindən isə yeganə sona qədər mübarizə aparan İsmət Qayıbov oldu.
Xalq artisti Afaq Bəşirqızı Sumqayıt hadisələrində ittiham olunaraq istintaqa cəlb edilib. O zaman baş prokuror vəzifəsini icra edən İlyas İsmayılov onu ittihamlardan xilas edib. İlyas İsmayılov hadisələrlə bağlı Publika.Az-a danışarkən bildirib ki, Afaq Bəşirqızını yalan və düşünülmüş ittihamlardan, cinayət məsuliyyətindən həqiqətən də xilas edib. Afaq Bəşirqızı əhalini meydanlara səsləməyib. Əksinə, geriyə çəkilməyə çağırıb. O zaman Rusiyadan Afaq Bəşirqızına güllələnmə istənilib. Bu ittihamdan xilas olmaq üçün Bakıdakı istinta və məhkəmə orqanları yardımçı olub.
P.S.Yazının ardı növbəti “Qırmızı Xətt”də
Günay Muradlı, publika.az