Ağdam – tənəzzüldən tərəqqiyə doğru  

519

Tarix milli qürur, güvənc yerimiz Babəkin hökmü ilə bizlərə sübut etdi ki, “Azadlıq verilmir, yalnız alınır, özü də qan bahasına!”

Bu kəlməni özünün həyat devizinə çevirən qəhrəman oğullarımız 44 günlük Vətən savaşından qalib çıxaraq Azərbaycanın adını dünya hərb tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycanın susmuş qəlbi – Qarabağ yenidən döyünməyə başladı. Üçtərəfli imzalanmış kapitulyasiya aktı birmənalı olaraq bir millət kimi yenilməzliyimizi sübuta yetirmiş oldu. Azərbaycanı daxilində hökm sürən istər iqtisadi-siyasi, istərsə də hərbi böhrandan xilas etmiş böyük siyasətçi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini  rəhbər tutaraq respublikanın dövlət quruculuğunun daha da təkmilləşdirilməsi yolunda inamla addımlayır. Tarixçilər onun hakimiyyət illərini tarixin sürətli inkişaf dövrü adlandırırlar. Əxz etdiyi liderlik keyfiyyətləri, yerində aparılmış uzaqgörən siyasəti sayəsində Azərbaycanın dünyada, dünyanın Azərbaycanda təmsil olunması məqsədi iqtisadi-mədəni islahatlar fonunda öz əksini tapır. Daxili və xarici siyasəti respublikanın milli maraqlarına söykənən ölkə rəhbəri dövlətin keçdiyi keşməkeşli, şərəfli yolu tək cümlədə səciyyələndirərək deyir: “Azərbaycan artıq 30 ildir ki, sabitlik şəraitində əsrə bərabər inkişaf yolu keçir.”

Əlavə  şərhə ehtiyac qalmır. Həqiqətən də Azərbaycanın dünya  arenasındakı nüfuzunu  ölkəmizin ev  sahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlərdən aydın görmək olur. Elə iki gün öncə, 5 oktyabr 2022-ci ildə Milli Şəhərsalma Forumunun  Ağdamda baş tutmasını təqdirəlayiq hesab etmək olar. BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma, Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri”, “Yeni Şəhər Gündəliyi” postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzularının əhatəsində gerçəkləşən forumun erməni vandalizminin qurbanı Ağdamda, yeri gəlmişkən qeyd edim, xarici ekspertlər Ağdamı “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırırlar, baş tutması təsadüfi deyil, ölkə başçısının yerində düşünülmüş siyasətinin bəhrəsidir. Əsas məqsədlərdən biri işğal damğasından azad olmuş Ağdamın, Qarabağın ən böyük şəhərinin terrorizmə qurban getdiyinə dünyanı bir daha şahid çağırmaqdır.

2 mart 1992-ci  ildə  müstəqil  dövlət  olaraq  BMT-yə üzv seçilməsi gərgin bir dövrdə ilk qədəmlərini basan Azərbaycan üçün tarixi bir hadisə sayılsa da, onun Qarabağ  münaqişəsinin həllinə dair imzaladığı  dörd qətnamə kəsərsiz oldu, öz həllini tapmadı. Beynəlxalq hüququn, Çenevrə konvensiyasının kobudcasına pozulması dünya ictimaiyyətini, ələlxüsus, güc dövlətləri əsla narahat etmədi…

Məlumdur ki, “Qarabağın yenidən qurulması və bərpasında bizə rəqib olan tək zamandır ” deyən ölkə başçısı regionda sosial-iqtisadi həyatı dirçəltmək üçün mühüm tapşırıqlar vermişdir. Qarabağın ikinci mədəniyyət ocağı olan Ağdamda açıq səma altında “İşğal muzeyi”nin, “Zəfər muzeyi” nin inşası 27 il düşmən əsarətində qalmış bir şəhərin   ağrı-acısına şahidlik etməklə tarixi reallığı ortaya qoyur. Qeyd edim ki, Qarabağda mövcud olmuş 67 sayda məsciddən 65-i tamamilə dağıdılmışdır. Yerdə qalan 2 məscid, söhbət Şuşa və Ağdamda yerləşən tikililərdən gedir, ermənilərin Milli Ordunun hərəkət mövqelərini izləmək üçün müşahidə məntəqəsi rolunu oynamaqla yanaşı, mənfur düşmənin inək və donuzlarının saxlanc obyekti olmuşdur. Genişmiqyaslı yenidənqurma, bərpa işlərini təcavüzkarların Qarabağ ərazisində yerləşdirdikləri bir milyondan artıq sayda minaların təmizlənməsi  ləngidir. Ruhdan düşməyən insanlar prezidentin bilavasitə rəhbərliyi, iştirakı ilə bu günlərdə Ağdamın Xıdırlı, Sarıcallı, Kəngərli kəndlərinin təməlini qoymuşlar. Ağdam şəhərində min yerlik məktəb istifadəyə hazırlanır. Xəstəxana, yaşayış binalarının tikintisi, Bərdə-Ağdam dəmiryolunun çəkilişi də istisna deyil. Bu Böyük Qayıdış proqramının həlli davamıdır. Bütün bunlara şahid 44 sayda ölkənin 130-dan çox nümayəndəliyinin iştirak etdiyi Milli Şəhərsalma Forumu Azərbaycanın, onun dilbər guşəsi Qarabağın yüksələn xətt üzrə inkişafının göstəricisidir. Diqqətçəkən məqam kimi ölkə başçısının – “Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır” bəyanatı xüsusi qeyd olunmalıdır. Bir sözlə, mübaliğəsiz demək olar ki, “Qarabağ Azərbaycandır – nida” vədinə sadiq qalan müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağda cənnət yaradacağıq” açıqlamasının gəlişi gözəl söz olmadığı aydın görünür.

Sənurə Lazımova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sumqayıtın Tarixi Muzeyinin elmi katibi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər