Xalqımızın 30 ildən bəri səbirsizliklə gözlədiyi, bütün varlığı ilə can atdığı, düşmən tapdağından azad etmək üçün uğrunda şəhidlər verdiyi, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş komandanımızın rəhbərliyi və qəhrəman ordumuzun qanı-canı ilə əldə etdiyi möhtəşəm qələbəmizdən sonra, Qarabağımızda misli görünməyən bərpa- quruculuq işlərinə başlanılıb.
Ölkə prezident cənab İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərə tez-tez səfər etməsi, burada tikintisinə və bərpa işlərinə başlanan hər bir obyektin, yol infrastrukturunun, yaşiliq zonalarının yenidən qurulmasını öz diqqət mərkəzində saxlaması, erməni işğalandan azad olunmuş torpaqlarımızda, düşmənin amansız təcavüzünə məzruz qalmış ərazilərdə çox qısa zaman kəsiyində əsl cənnət yaradılacağından xəbər verir. Fizulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə, Qubadlıda başlanan bərpa-quruculuq işləri, Zəngilanda “ağıllı kənd” in təməlinin qoyulması, Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada inanılmaz sürətlə gedən bərpa-quruculuq işləri, damarlarında azərbaycanlı qanı axan hər kəsi kövrək göz yaşları içərisində sevincə qərq edən möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi və nəhayət 28 may – Respublika Günündə “Qarabağın giriş qapısı” olan Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması uzun illərdir həsrətlə gözlədiyimiz, arzusunda olduğumuz gercəklik və xoş reallıqdır.
Dövlətimizin başçısının 28 may – Respublika gününü Ağdamda və Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə qeyd etməsinin çox böyük rəmzi mənası vardır. Cənab prezidentimiz qeyd etdiyi kimi, bu bir daha müstəqilliyimizin nə qədər güclü olmasından xəbər verir. Güclü və müstəqil siyasət aparan Azərbaycan torpaqlarımızı işğalçılardan azad edərək, tarixi missiyanı şərəflə yerinə yetirdi. Dövlət başçısı öz çıxışlarında daim bildirmişdi ki, torpaqlarımız azad olunandan sonra burada gözəl şərait yaradılacaq. Ağdam şəhərinin Baş Planının təqdim olunması və bu planla Ağdam rayonunun tanınmış şəxslərinin tanış olaraq, öz fikirlərini bildirmələri bir daha təsdiq edir ki, Ölkə başçısının rəhbərliyi ilə qurulacaq Ağdam bütün dünya üçün örnək olacaqdır.
2021-ci ilin 28 may – Respublika Günü azad edilmiş torpaqlarda birinci Baş Planın təsdiqlənməsi ilə tarixi gündür. Yaxın gələcəkdə Şuşa şəhərinin Baş Planı də təsdiqlənəcək. Füzuli, Cəbrayıl və digər şəhərlərin də Baş Planları üzərində işlər aparılır.
Müharibədən sonra Ağdama ikinci dəfə səfər edən Prezident İlham Əliyev mərasimindəki çıxışında bildirmişdir: “Ağdamda Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.”
Lakin Xalqımızın birliyi, Silahlı Qüvvələrimizin rəşadəti, qəhrəmanlığı sayəsində düşmən öz layiqli cavabını aldı, İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır.
28 may 2021-ci il tarixində Ağdam şəhəri üçün böyük önəm daşıyan, 140 illik tarixi olan 1 saylı məktəbin təməlinin qoyulması, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisinin nəzərdə tutulması, Bərdə-Ağdam avtomobil yolunun təməlinin qoyulması və artıq yaxın gələcəkdə yol istismara verilməsinin planlaşdırılması, 125 hektarlıq böyük meşə sahəsinin və Süni gölün yaradılmasının layihələndirilməsi, İşğal muzeyi və Zəfər muzeyi konsepsiyasının təməlinin qoyulması Ağdamın sürətli bərpası və yenidənqurulması nəticəsində müasir və gözəl gələcəyinin carcısıdır.
Gələcəkdə Qarabağ zonası “yaşıl enerji” zonası olacaq və bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaqdır. Və nəhayət burada iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının təməlinin qoyulması əlverişli strateji-coğrafi mövqeyə malik olan Ağdamın gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə geniş imkanlar yaradacaqdır.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sözləri ilə desək: Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.
Aygün Zülfüqarlı, Tərəqqi medallı jurnalist, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü
Ağdam yenidən qurulur – bütün dünya üçün örnək olacaq
•
1037