Ağlar günlərinin biri də gəldi, vətən!
Deyəcəksən ki, heç başqa günlər gözümün yaşı quruyurmu?
Bilirəm, qurumur. Sənə yer üzündən silinən Xocalının soyqırımını deyirəm.
O xocalı ki, müsibətinə göz yaşı bəs eləmədi, ürəklər tab gətirmədi, qanlar damarlardaca dondu.
“Ana” çağıran, “Allah” haraylayan nə qocaya, nə cavana, nə də növbahar körpəyə həyan oldular.
Xocalıda yedi minlik əhaliyə aman verməyəndə, nəslimiz, kökümüz tanklar altında torpaq kimi şumlananda, qarın-çovğunun sazağında meşələrdə diri-diri məzarlara gömüləndə, oğullarının düşmən qəbri üstündə başları kəsiləndə, qızlarının ismətinə təcavüz ediləndə və artıq Xocalı olmuyanda imperiya əlindən su içən başbilənlərin Xocalıdan xəbər verirdi : “Xocalı hələ təslim olmayıb, Xocalı döyüşür”
İstəyirdilər ki, bu misli görünməyən soyqırımı ört-basdır etsinlər, dünya eşitməsin qanına qəltan olan və hələ özü də bundan bixəbər olan Azərbaycanın fəryadını.
1992-ci ilin fevralı. 25-dən 26-na keçən gecə. Azərbaycanın Xocalı şəhəri məhz bu vaxtı erməni cəlladları tərəfindən MDB qoşunlarının 366-cı alayının köməyi ilə yerlə yeksan edildi. Şəhər sakinlərinə amansız divan tutuldu. Qocalar, qadınlar, uşaqlar yerindəcə güllələndi, əsirlərin dırnaqları, gözləri çıxardıldı. Kişilərin dərisi soyuldu, qulaqları kəsildi. Bu adamların yeganə “günahı” o idi ki, azərbaycanlıydılar, azəri türkü idilər.
Bu dəfə zamanın özünü çarmıxa çəkdi diriliş bayquşları.
Sizi qınamıram ay Xocalılar. Sizi başınızda şimşək oynadı, sizin başınızda dumanlar oldu. Millətin dağ boyda fəlakətinə gözünün ucuyla dönüb baxmayan, nazlanıb gözünü yumanlar oldu!
26 fevral gecəsi Xocalıda başları kəsilib, dərisi soyulanların ruhu xatirinə əl verin bir birinizə. 20 yanvarda cəsədləri didilən şəhidlərimizin adlarına tapınıb birləşin. Yalvarırıq sizə ulu tarixi olan bu xalqı düşmən qabağında xəcil etməyin. Yoxsa ruhlar bizi bağışlamaz. Yoxsa bu müsibəti Allah da götürməz. Eşidirsinizmi? Allah da götürməz bu günahları…