Ailə qatili ola bilərsiniz

627

Misirdə inqilabçılardan biri yeni dünyaya gəlmiş qızına “Facebook” adı verib. Qızın bütöv adı Facebook Camal ə-İbrahimdir.

İnternetin geniş yayıldığı bir dövrdə informasiya əldə etməkdən çox, şəxsi münasibətlərin qurulmasına istifadə olunan sosial şəbəkələr hər gün onlarla insanın aldanmasına səbəb olur. Sosial şəbəkələr içində ən çox reytinqə malik olan Facebook sosial şəbəkəsində azərbaycanlı istifadəçilər günbəgün artmaqdadır. Bu da bəzi ailələrdə birmənalı qarşılanmır və çox vaxt münaqişələrə gətirib çıxarır.Psixoloq Elnur Bayramlının sözlərinə görə, ailələrin münaqişələrinə sosial şəbəkələr bəzən bəhanə olur. “Bu mövzuya birmənalı yanaşmaq olmaz. Boşanma hallarının tək səbəbi sosial şəbəkələr deyil. Əgər cütlükdən hər hansı biri ittiham edirsə ki, digəri internetdə kiminləsə yazışırdı və bu səbəbdən ayrıldıq, bu, doğru olmazdı”, – deyən həmsöhbətimiz sosial şəbəkələri bəhanə edərək ayrılan insanların bu qərarını illərlə üst-üstə yığılmış problemlərinin pik nöqtəsi sayır. Onun sözlərinə görə, zamanla ailədaxili münaqişələr o həddə çatır ki, qarşı tərəf internetdə sadəcə, zaman keçirsə belə, bu, böyük söz-söhbətə gətirib çıxarır. Son 2 ay ərzində Facebook sosial şəbəkəsində Azərbaycandan olan istifadəçilərin sayı 3% və ya 27 min artaraq 900 min nəfəri ötüb. Bu da onu göstərir ki, insanlarin böyük bir qismi sosial şəbəkələrə meyllidir.

E.Bayramlı bildirir ki, internetdən istifadə əslində o qədər də təhlükəli hal deyil, amma istifadəsi sadəcə, informasiya toplamaq üçün olarsa: “İnternetdən istifadə insanları fərdiləşdirir. Canlı ünsiyyətdən bir çox hallarda çəkindirir. Ailədə cinayət törədən tərəflərin psixoloji narahatçılığı hüquqların bərabərsizliyi və “kişi bunu belə etdi, mən də əvəzində belə edəcəm” düşüncəsi də ailədaxili ziddiyyətlərin qanlı sonluqla bitməsinə gətirib çıxara bilər”.

Müsahibimizin dediyinə görə, internet insanı bir növ real dünyadan ayırıb virtual dünyaya sürükləyir. Bunun nəticəsində tərəflər bir-birinə kifayət qədər zaman ayırmır ki, bu da özlüyündə ailədaxili problemlərə gətirib çıxarır.

Ailə hüququ üzrə ixtisaslaşmış ABŞ-ın Vəkillər Akademiyasının təqdim etdiyi tədqiqatın nəticələrinə əsasən “Facebook” sosial şəbəkəsi ölkədə hər beş boşanmadan birinə səbəb olur. Boşanma üzrə ölkənin tanınmış vəkillərinin 81%-i öz praktikalarında ailədaxili problemlərin yaranmasında sosial şəbəkələrin, xüsusilə Facebook-un (66%) adının çəkildiyini bildiriblər.
Psixoloq qeyd edir ki, bəzən ilk baxışda sadə görünən şəbəkədaxili “dost” ünsiyyəti inkişaf edərək xəyanətlərə, xüsusilə gənc ailələrdə ciddi problemlərə, boşanmalara səbəb olur: “Sosial şəbəkələr ilk baxışdan təhlükəsiz görünür, lakin zaman keçdikcə insanda aludəçilik yaradır. Kiçik tanışlıqlar sonradan münasibətə çevrilər ki, bu da ailənin dağılmasına ən böyük səbəb ola bilər. Düşüncəsizcəsinə istifadə olunan hər şey, hətta internet insana ziyan gətirir, ailə dağıdır, gəncləri yanlış insanlarla tanışdırır, neçə dəfə şahidi olduğumuz hallardan biri – gənc qızları virtual aləmin sehrinə salır”.
Hüquqşünas Abbas Quliyevin sözlərinə görə, ailədaxili münaqişələrin həlli yollarından qaçmaq və xüsusən sosial şəbəkənin yaratdığı problemlərlə boşanmaq Azərbaycanda ən çox müşahidə olunan haldır: “Ailə kiçik bir dövlət, kişi onun başçısıdır. Azərbaycanlı ailələrdə bu qaydadır. Bəzən bu qayda həm kişi, həm də qadın tərəfindən pozulur ki, bu da problemlər yaradır. Ailə adlı kiçik dövlətin qanunvericisi kişi, icraedicisi qadındır. Ailəli insanların sosial şəbəkələrdən istifadə etməsi birmənalı qarşılanmır. Ailələrdə qarşılıqlı inam, sevgi, hörmət olmasa, “Facebook” olmadan da dağılacaq. Yox, əgər sadalanan bu hallar varsa, o ailəyə “Facebook” faciəsi daxil ola bilməyəcək. Boşanmaların böyük bir qismini tək sosial şəbəkələrə yükləmək düzgün deyil. Şəbəkələr çox hallarda ailənin qurtarmasına bir bəhanə olur”.
A.Quliyevin bildirdiyinə görə, sosial şəbəkələrdə oturan insanların məqsədləri də fərqli olur ki, hər şey bu məqsəddən asılıdır: “Sosial şəbəkələrdəki insanların əksəriyyəti ya iş adamlarıdır, ya subay insanlar. İş adamları iş əlaqələrini qurmaq, subaylar isə ciddi maraq, yaxud hansısa marağa qulluq edən şəxslə tanış olmaq məqsədi ilə istifadə edir. Lazım olmadıqda sadəcə əyləncə üçün sosial şəbəkə istifadəçisi olmaq ailə münasibətlərinə birbaşa təsir edir”.
Yeri gəlmişkən, sosial şəbəkələr o qədər alışqanlıq yaradır ki, artıq insanlar bundan ad kimi istifadə etməkdən də çəkinmir. Məsələn, Misirdə inqilabçılardan biri yeni dünyaya gəlmiş qızına “Facebook” adı verib. Qızın bütöv adı Facebook Camal ə-İbrahimdir.
Ekspress.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər