Ailəmi nə üçün qururam?Ailə həyatı əslində bir məktəbdir. İnsanlar ailə quracağı dövrədək bu məktəb haqqında müəyyən biliklərə malik olsalar da, onu yaşamadan,dərslərində iştirak etmədən tam anlaya bilmirlər. Məhz buna görə də ailə quracaq gənclərə ən vacib məsləhətim :”Ailəni nə üçün qururam?”sualına dəqiq cavab tapsınlar öz daxili aləmlərində. Bəli,bəli. Bu sual sizlərə bəsit gəlməsin. Ailənin sonrakı inkişafı, hətta var olması bu sualla birbaşa bağlıdır.
Çoxdur,düşünülməmiş addım ataraq ailə quran gənclərimiz. Məqsədləri də müxtəlif olur. Bəziləri kənddən şəhərə köç etməyi məhz bu yolla hədəfə alırlar, bəziləri maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün bu yolu seçirlər, bir qismi isə doğma ailəsinin anormal təzyiqindən yaxa qurtarmaq üçün bu yola baş vururlar. Bəziləri isə “Nolsun ki, sevmirəm, ailə qurandan sonra sevərəm də…” prinsipindən yanaşaraq hərəkət edirlər. Bu seçimlərlə,əlbəttə sağlam məqsədlə qurulmuş ailələrdən söhbət gedə bilməz. Belə ailələrin ömrü də az olur və yaxud problemli olur.
Sağlam məqsədlə qurulan ailələrin təməli isə möhkəm olur. Bu təməldə sevgi və nəsil artırma anlamları üstünlük təşkil edirsə, deməli hər şey qaydasında gedecək. Xırda-xuruş problemlər olarsa da,ailənin möhkəm divarlarını sarsıtmayacaq,nə olursa olsun,ailə uçuruma doğru getməyəcək.
Hazırda bəzi “yazar”lar peyda olublar,diqqət mərkəzində qalmaq üçün qəribə tövsiyyələr təqdim edən məqalələri ilə mətbuatda çıxışlar edirlər. Şüarları da özləri kimi qəribədir.”Ailən dözülməzdirsə,boşan,özünü əzdirmə Azərbaycan qadını və ya azadlığa çıx, müstəqil ol, istədiyin kimi yaşa, azadliğı dad və s. ” ilə başlayan və eyni fikirlərlə bitən yazıları ilə yeni ailə qurmuş gənclərin beyinlərini qarışdırır,onları doğru düşüncədən yayındırırlar. Araşdırma aparsanız, bu tipli məqalə sahiblərinin özlərinin qurduğu ailə məqsədi sağlam olmayan məqsədlərə aid olacaq. Onlar üçün ailə öz rahatlıqlarından sonra ikinci plana keçir. Nəticə olaraq boşanmanı çixiş yolu kimi görürlər və tövsiyyə də edirlər. Bununla da hesab edirlər ki,problemləri həll olmuş olur,dünyaları gözəlləşir vəs. Əlbəttə,istisna hallar vardır ki,məsələn,narkomanlıq ,içkiyə qurşanmış ailələrdə həqiqətən də qadınlar üçün dözülməz hallar varsa,onlar bu həyatı davam etdirə bilməzlər. Amma bəzi xırda problemləri,məsələn “yoldaşım mənə atam evinə getməyə icazə vermədi” ,“çox yorğun olduğumu bilib mənə çay gətirmədi” və yaxud “çox istədiyim bir əşyani,geyimi mənə almadı” kimi fikirləri böyüdərək fil boyda edib, həyatı zəhərə döndərmək,etiraf edək ki,gülünc görünür. Bu kimi fikirləri şişirdərək ailə münasibətləri fonunda şəxsi azadlıqlarının boğulmasını qabardırlar və nəticədə eqoist davranışlar meydana çıxır ki,bunlar da ailənin sarsılmasına gətirib çıxarır.
Biz qadınların gücü danılmazdır. O anlamda ki,ailənin,yuvanın qorunmasında daha çox qadınlar çaba göstərirlər.Tarixdən də görürük ki,ilk diplomat xanımımız Sara Xatun gözəl qabiliyyəti ilə,ağlı ilə necə sülh yaradır,barışıq imzalanmasına nail olur. Və hesab edirəm ki,Sara Xatun siyasətdən öncə ailəsini düşünərək,hökmdar oğlu Uzun Həsənə yaxından kömək etməklə məşğul olmuşdur.Çünki əksəriyyət analar da elə bunu edərdilər.
Ümumiyyətlə, Azərbaycan qadını tarix boyu öz ağlı,namusu,qeyrəti,isməti,böyük fədakarlığı,çalışqanlığı,mərdliyi ilə seçilmişdir. Bu xüsusiyyətləri ilə O,xalqının milli dəyərlərinə əsrlər boyunca sadiq qalmışdır.
Əziz oxucular,sizlərə ailə həyatınızda yarana biləcək və ya yaranmış olan xırda problemlərin həlli üçün doğru hesab etdiyim çözüm yolları təqdim edirəm:
1.Pozitiv düşünün. Daha doğrusu pozitiv düşünməyi bir vərdiş halına gətirin. Bu nəinki ailə həyatı qurmuş insanlara,eləcə də Yer üzündə yaşayan bütün insanlar üçün vacibdir. Düşüncələriniz gözləlliklərlə doludursa,belə desək,”beyin bağçanızda alaq otları yerinə daima qulluq görən bir-birindən gözəl çiçəklər bitmişsə”,deməli həyatınızı istədiyiniz şəkildə idarə etməkdə çətinlik çəkməyəcəksiniz.
2.Səbrli olun. Səbr,nəinki xoşagəlməz hadisələri,hətta ciddi xəstəlikləri belə yenməyə qadirdir. Dünyada mütləq xoşbəxt olan cütlər onsuz da yoxdur və ya çox azlıq təşkil edir. Həyat qanunlarına görə bu gün gözdən-könüldən ən çox sevdiyin insan,sabah ən güclü düşməninə çevrilə bilər. Odur ki,zamanla yaşananlar içərisində çıxan xırda qarşıdurmaları yox etmək,müdrik qərarlar çıxarmaq,sənə qarşı yaranmış hücumlara sərt deyil,qadın mülayimliyi ilə cavab vermək və qarşı tərəfə öz sevgini,qayğıkeşliyini,ailəyə bağlılığını nümayiş etdirməkdən yorulmayacaqsan. Azərbaycan qadını ailəsinə hədsiz bağlılığı,övladlarına böyük sevgisi ilə hər zaman tanınmışdır.
3.Karyeranız varsa və ya düşünürsünüzsə,ondan qəti imtina etməyin. Zamanla hər şey yoluna düşəcək. Azca səbrli olub bəzi çətinliklərə tab gətirsəniz,sonrakı uğurlarınız sizi şad edəcək.İş həyatındakı uğurlar ailədəki inkişafa da müsbət təsir göstərəcək.
4.Arzularınızdan imtina etməyin. Onlar sizin daxili dünyanızı əks etdirir. Çox şey sizin özünüzdən asılıdır. Tələsməyin,hər günün öz hökmü var.Axı siz güclülər sırasındasınız.
5.Hər gün mütləq 30 dəqiqə kitab oxuyun. Bu maddə sizə qəribə gələ bilər,amma mənim ən sevdiyim maddədir.Kitablar bizlərə özümüzü anlamağa,öyrənməyə,kəşf etməyə kömək edir.
6.Gün ərzində özünüzə ən azı bir saat zaman ayırın. Bura idman,bədənə qulluq,meditasiya da daxil olmalıdır.
Rəqsanə Yusifzadə