“Bu günə qədər vaksinasiya prosesinin uğurla davam etdirilməsi, hələlik risk qrupundan olan əhali kütləsinin peyvənd olunması çox mühüm əhəmiyyət kəsb edir”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
O bildirib ki, xüsusən ilkin mərhələdə tibb işçilərinin, növbəti mərhələlərdə isə 50 və 65 yaşdan yuxarı əhali qrupunun peyvənd olunması yoluxma riskli insanların immunitetinin aktiv şəkildə formalaşmasına kömək edəcək:
“Bildiyiniz kimi, tibb işçilərinin artıq revaksinasiyası başlayıb. İkinci mərhələdə olan vaksinasiya prosesinin həyata keçirilməsi artıq tam immunitet qazanmış böyük bir statistik sayın əldə olunmasına gətirib çıxaracaq. Yəni immunitet qazanmış vətəndaşlarımızın sayının çox olması onların xəstələnmə sayının azalmasına və bu proses nəticəsində yoluxma zəncirinin qırılmasına gətirib çıxarır. Bir məqamı da nəzərə almalıyıq. Artıq müəyyən zaman kəsiyində həm aktiv şəkildə xəstəlik keçirərək immunitet qazanmış insanların müəyyən sayının formalaşması, virus əlamətləri müşahidə olunmadan xəstəlik keçirən insanların sayı, o cümlədən vaksinasiyanın prosesdəki önəmli rolu yoluxma zəncirinin böyük bir qisminin qırılmasına gətirib çıxarıb”.
Deputat onu da vurğulayıb ki, koronavirusla bağlı hər gün açıqlanan statistik rəqəmlərdəki müsbət dinamika effektli karantin tədbirlərinin nəticəsi kimi qiymətləndirilə bilər: “İnsanların öz sağlamlığına, gigiyenasına daha çox diqqət yönəltməsi yoluxmaların sayının azalmasını bir qədər də intensivləşdirəcək. Bütün bu yaranmış tablo və statistik məlumatlar onu göstərir ki, biz tədricən yoluxma sayında azalmış rəqəmlərin dayanıqlı hala gəlməsinin şahidi olacağıq. Əhaliyə çağırış etmək istəyirəm ki, vaksinasiya prosesində bundan sonra da aktiv iştirak etsinlər. Vaksinləşmə ilə bağlı görülən tədbirlərdə hər bir şəxsin fəal iştirak etməsi, öz sağlamlığını qorumasında mühüm bir vasitədir. Vaksinasiya sayəsində biz koronavirus kimi bəşəriyyəti narahat edən, dünya ölkələri qarşısında çox böyük bir müşkülə çevrilmiş ciddi xəstəliklə uğurla mübarizə aparacağıq. Sonda ölkə olaraq, virusa qarşı dövlətlə birgə mübarizə aparan cəmiyyət olaraq hər birimiz uğur qazanacağıq”.