Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Sumqayıt şəhərində səfərdə olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilə keçirilən görüşdə Azərbaycan ilə Almaniya arasında mövcud əməkdaşlıq əlaqələri, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüş zamanı Zakir Fərəcov qonağa Sumqayıt şəhərinin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, dinamik inkişaf edən şəhərlər sırasında mühüm yer tutur.
Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə qurulmuş qardaşlaşma münasibətləri bu gün də uğurla davam etdirilir. Vurğulanıb ki, bu əlaqələr yalnız şəhərlərarası əməkdaşlıqla məhdudlaşmayaraq, iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də töhfə verir.
Zakir Fərəcov mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyətini qeyd edib.
Almaniya səfiri Ralf Horlemann isə Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edərək Azərbaycanın, eləcə də Sumqayıtın sürətli inkişafını yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.




Müzakirə qapadılmışdır.