Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Suhl, Almaniya-Azərbaycan Ticarət Palatasının rəhbəri Tobias Baumann, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə direktoru Sonia Fontaine Sumqayıt Kimya Sənaye Parkında olublar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkının rəhbərliyi ilə görüş zamanı qonaqlara rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının fəaliyyəti, rezidentləri, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılır.
Görüş zamanı nümayəndə heyətinə Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək tədris mərkəzi barədə də məlumat verilib. Bildirilib ki, mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə peşə hazırlığı həyata keçiriləcək. Peşə tədrisinin alman təcrübəsi əsasında inkişafına, gələcəkdə burada alman mütəxəssislərinin bilik və bacarıqlarından geniş istifadə edilməsinə dair müzakirələr aparılıb.
Qonaqların rezidentlərin qeydiyyat proseduru, prioritet sahələr və enerji təchizatı barədə sualları cavablandırılıb. Gələcək əməkdaşlıq perspektivləri və Azərbaycanda yaradılan sənaye parklarına investisiya qoyuluşu imkanları müzakirə olunub.
Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Tabaterra” QSC-nin siqaret fabrikində və İnşaat kimyəviləri zavodunda istehsal prosesi ilə yaxından tanış olublar.