Ramin Musayevin qəzetimizin çərşənbə axşamı dərc olunan sayına verdiyi müsahibəni maraqla oxudum. PFL prezidentinin cavablarında səmimi olub, olmadığını bilmərəm. Ramin müəllimin barəsində lətifəyə bənzəyən xeyli məzəli əhvalatlar eşitmişəm. Üstəlik, 3 il əvvəl AFFA-nın binasında onun iştirakıyla qeyri-rəsmi bir toplantının iştirakçısı olmuşam. Odur ki, Həbibin tikanlı suallarına cavab verərkən PFL prezidentinin ən azı səmimi olmağa çalışdığına şübhə etmirəm. Müsahibənin ən maraqlı məqamı kolxoz sədrinə oxşamasıyla bağlı sual-cavabıdır. Həbibin fantaziyası həmişəki kimi özünü göstərib. Həmin mövzunu davam etdirib, PFL prezidentinin kolxoz sədrinə bənzəyib-bənzəməməsini müzakirə etmək arzusunda deyiləm. Müsahibəni oxuyarkən hər kəsin təsəvvürlərindən bir anlıq Ramin Musayevin timsalında əkin sahələrini “Uaz” markalı maşında gəzən zəhmli kişinin obrazı keçib. Özüm də kənddə böyüdüyümdən yaddaşımı qurdalayanda belə sima mənə yad deyil. Amma yox, Ramin Musayev elə PFL prezidenti görəvinə daha uyğundur. Keçmiş polis işçisi, “Neftçi”nin sabiq vitse-prezidenti Azərbaycan premyer-liqasının təşkilinə və keçirilməsinə cavabdeh olan qurumun başçısı kimi ideal variantdır. Bu sözlərimi başqa yerə yozmaq istəyənlərin tapılacağını təxmin etsəm də, səmimiyyətimə şübhə etməyənlərin sırasının daha geniş olduğuna əminəm. Bizim futbolumuzun mürəkkəb siyasi-ictimayi, fiziki-kimyəvi şəraitinə az-çox bələd olanlar vəziyyətin nə qədər mürəkkəb olduğunu yaxşı bilirlər. Az qala hər çempionluğa iddialı klubun arxasında bir nazir, bir oliqarx dayanıb. Hamsının da ölkə prezidentinə birbaşa çıxışı, şikayət çatdırmaq imkanı var. Azərbaycanda yazılmamış qanunların yazılanları istənilən an üstələyə bildiyini də nəzərə alsaq bu oliqarxların pul buraxdığı komandaların yarışdığı premyer-liqanı təşkil etməyin, loru dildə desəm çempionatı qansız-qadasız yol verməyin nə qədər çətin olduğunu özünüz üçün aydınlaşdıra bilərsiz. Bunun üzərinə Stalinin repressiya maşınından keçmiş respublikada ədalət hisslərini itirməyən, vicdanı təmiz insan tapıb futbol fitini etibar etməyin nə qədər məsuliyyət tələb etdiyini də əlavə edə bilərik. Mən xalqımızın dəyərli oğullarını təhqir etmək fikrində deyiləm. Amma futbol elə sahədir ki, hər valideyn övladını bu idman növündə hakimlik etməyə yönəltməyi arzulamır. Digər yandan ən vicdanlı hakimin belə Azərbaycanın mürəkkəb kriminal durumunu göz önünə alıb, idarəçiliyindən narazı qalan klubların psixoloji təsirindən çəkinməsi də mümkün ehtimallardan biridir. Bütün bunları bir yerə toplayanda milli çempionatımızın hansı şərtlər altında var olduğunu görürük. İstənilən qalmaqaldan sonra isə hədəfdəki isim yenə Ramin Musayev olur. Yazılarımı daima izləyənlər bilir ki, indiyə qədər PFL prezidenti haqqında daha çox tənqidi ruhlu yazıların müəllifiyəm. Həm şəxsən cənab Musayevin, həm də onun israrla müdafiə etdiyi Hakimlər Komitəsinin ünvanına dəfələrlərlə haqlı tənqidləri oxucularımla bölüşmüşəm. Amma necə deyərlər “yüz dəfə imama ağlayanda bir dəfə də yezidə ağlamaq lazımdır”. Yəqin siz də eşitmisiz ki, hansısa müxalif fikirli şəxs hazırki hakimiyyətin ünvanına tənqid səsləndirəndə iqtidara rəğbət bəsləyənlər “axı, Azərbaycanda prezident olmağa layiq başqa siyasətçi yoxdu” arqumentini irəli sürürlər. Belələrinin nə qədər haqlı olub, olmamasını araşdırmaq bizim işimiz deyil. Fakt odur ki, bu gün üçün bizim futbol təsərrüfatında Musayevin işini ondan yaxşı görəcək ikinci futbol adamı yoxdur. Ramin Musayev futbolun qayda-qanunu o qədər də yaxşı bilməsə də, rəhbərlik etdiyi qurumun və premyer-liqanın nizamnaməni dəfələrlə pozsa da kiminsə adını ona alternativ olaraq çəkməyə, hansısa digər futbol funksionerinin Peşəkar Futbol Liqasına ondan yaxşı prezidentlik edəcəyinə inana bilmirəm. Diqqət yetirin, son dövrlər Musayevə ən radikal müxalifətdə dayananlardan birincisi Babək Quliyev idi. Həmin Babək Quliyevin “Xəzər Lənkəran”a idman direktoru təyin olunanda necə açıqlamalar verdiyi, az qala cənub klubunun idarəçilik sistemini kökündən dəyişdirmək arzusunda olduğunu xatırlayırıq. Bu günsə hörmətli Babək bəyin fəaliyyət dairəsi Lənkəranda və Bakıda azərkeşlərlə görüşlər keçirməklə məhdudlaşır. İş o yerə çatdı ki, komandaya yeni baş məşqçi təyin olunan günlərdə baş tutan rəsmi tədbirlərin heç birində Babək Quliyev rəyasətdə yer alıb, mətbuat nümayəndələrinin önünə çıxarılmadı. “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşakın Babək Quliyevin komandanın məşqi zamanı ikitərəfli oyunlarda hakimliyini belə bəyənməməsi də heç kəsə sirr deyil. Hörmətli Babək bəyin nə hakimliyinə, nə də qətiyyətli insan olmasına zərrə qədər şübhə etmirəm. Amma fakt odur ki, onun kimi radikal birisi belə adicə bir klubda məruz qaldığı zərbələrə adekvat cavab verə bilmir, ikinci dərəcələ rollara razılaşmalı olur. Yəni, Azərbaycan futbolunda çox şeyi demək, tənqid etmək olar. Amma reallığın diqtəsi başqadı. Belə məqamları göz önünə alanda, Ramin Musayevə müxalifətdə olan, yaxud olmayan istənilən funksionerinin PFL-ə rəhbərlik edəcəyi halda çempionatımız daha bərbad günə qalacağından qorxmağa başlayıram. Ümid edirəm ki, bu yazımı Ramin Musayevin özü oxumayacaq. Yoxsa, onu “alternativsiz adam” adlandırdığımızı görüb, “özündən razılıq” xəstəliyinə mübtəla olar.
Amal Abuşov, “Futbol +” qəzeti