Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkədə yayıb.
Onun sözlərinə görə, A. Pənahova gecə saatlarında vəfat edib: “Amaliya xanım bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi”.
Qeyd edək ki, xalq artistinin 73 yaşı var idi.
Xatırladaq ki, A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.
Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub.
2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.