AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev “Sumqayıt şəhəri və ona bitişik ərazilərin ekoloji vəziyyətinə antropogen amillərin təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə “Report”a Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məruzədə qeyd edilib ki, Sumqayıt ətrafı ərazilərdə, xüsusilə Bakı-Siyəzən avtomobil yolunda nəqliyyat vasitələri, eləcə də Sumqayıt şəhərindəki stasionar və qeyri-stasionar mənbələrdən atmosferə və torpağa düşən zərərli maddələr üzərində aparılmış ölçmə işlərinin nəticələri və nəqliyyat vasitələrinin yaratdığı səs-küyün insan sağlamlığına təsiri tədqiq edilib.
Məlum olub ki, Sumqayıt şəhərində 3 və 4-cü dərəcəli şəhərdaxili yollarda nəqliyyat vasitələrinin yaratdığı səs-küyün diapazonu təxminən 10 metrdən sonra respublika səhiyyə nazirliyinin məqbul hesab etdiyi səviyyədə – yəni 56 dB olmuşdur. Buradakı Bakı-Siyəzən yolundan keçən avtomobillərin daxiliyanma mühərriklərindən atmosferə atılan tullantıların miqdarı və analiz göstəricilərinə əsasən demək olar ki, bu tullantılar yolun təxminən 100 metrliyinə qədər təsir göstərir.
Aparılmış tədqiqat nəticəsində məlum olub ki, tədqiqat sahəsində atmosferə atılan tullantılar və yaradılan səs-küy yol verilən həddən artıq deyildir. Göstərilən bəzi nöqsanları aradan qaldırmaq məqsədilə həmin ərazilərdə yaşıllıqların salınması və burada mütəmadi monitorinqlərin aparılması məqsədəuyğundur.