Bu günlərdə Sumqayıt Dövlət Universitetinin dəvəti ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universitetinin tədris işləri üzrə prorektoru, professor Loretta Palmer SDU-nun professor-müəllim heyətinə mühazirə və seminarlar keçmək üçün şəhərimizdə idi. Xanım Palmerlə müsahibəmizdə amerikalı professor bir çox maraqlı məqamlara toxunub.
– İlk dəfədir ki, Azərbaycandasınız. İlk səfərin təəssüratları necədir: ölkəmizi bəyəndinizmi?
– Ölkəniz çox gözəldir. Ancaq mən fikirləşirəm ki, hər bir ölkəni gözəl edən onun insanlarıdır. Azərbaycan bu baxımdan da çox gözəldir. Bu universitetdə çox qayğıkeş müəllimlərə, təhsilə maraqlı olan tələbələrə rast gəldim. Biz burda bir çox ideya və təcrübələrimizi bölüşdük.
– ABŞ-la Azərbaycan arasında hansı oxşarlıqlar və fərqləri gördünüz?
– Universitetləri müqayisə etsək, təhsil ocaqlarımız arasında bənzərliklər çoxdur. İnsanları və yeməkləri burda çox bəyəndik. Adətən hər hansı bir ölkəyə səfərə gələndə görürsən ki, bütün insanlar eynidir, eyni qayğılarla yaşayır. Yeganə problem inteqrasiya və insanların bir-birini tanıması ilə bağlıdır. Məsələn, biz öz ştatımızda deyəndə ki, Azərbaycana gedəcəyik, onlar sizin ölkənizi tanımırdılar. Eynən azərbaycanlılar soruşurlar ki, Yuta haradır, harada yerləşir?
Xanım Loretta Palmerin həyat yoldaşı professor Allen Palmer: Universitetləri müqayisə etsək, üç əsas məqamı qeyd etmək lazımdır. Birincisi, universitetin texniki təchizat məsələsidir. İkincisi, həmin texnologiyalar əsasında tədris prosesinin necə qurulması məsələsidir. Üçüncüsü, – bu, bizim ölkədə daha çox yayılıb: Tələbələrin bir universitetdən başqasına keçidi. Bununla biz imkan qazanırıq ki, başqa universitetlərə nələr əldə etdiyimizi göstərək. Biz ABŞ-da tələbələri həm də istehlakçı kimi qəbul edirik. Eyni zamanda tələbələr müəllimlərin fəaliyyətinə qiymət verirlər. Doğrudur, bəzən bir sıra fakültələrdə bunu bəyənmirlər, ancaq bu sistem qorunur.
– Xanım Palmer, siz Sumqayıt Dövlət Universitetində iki həftə ərzində təlimlər apardınız. Səfər təəssüratları barədə əlavə suallarımız olacaq, ancaq bilmək istərdik ki, bu təlimlər hansı proqram çərçivəsində həyata keçirilirdi və nələri, hansı mövzuları əhatə edirdi?
– Bu təlimlər ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı çərçivəsində reallaşdırılırdı. İki həftə ərzində davam edən təlim proqramında “Təhsilin qiymətləndirilməsi” mövzusunda silsilə xarakterli 6 mühazirə və seminar təşkil olundu. Ümumilikdə bu proqram 4 istiqaməti əhatə edir: 2 istiqamət xarici ölkələrdən mütəxəssis və tələbələrin ABŞ-a təhsil və təcrübə mübadiləsi üçün gəlməsini nəzərdə tutur. Digər iki istiqamət isə ABŞ vətəndaşlarının başqa ölkələrə eyni məqsədlə göndərilməsi üçündür.
– ABŞ-da sizə veriləcək “Hansı ölkəyə getmişdiniz?” sualına nə cavab hazırlamısınız? Azərbaycandan, Sumqayıtdan və Sumqayıt Dövlət Universitetindən hansı təəssüratlarla ayrılırsınız?
– Cavab verəcəyik ki, Azərbaycan elə bizim Yuta ştatı kimidir. İnsanlar da eynidir, havası da eynidir – gah isti olur, gah soyuq. Eyni situasiyadır: müəllimlər öyrətmək istəyirlər, tələbələr də öyrənmək istəyirlər.
– Siz 6 övlad valideynisiniz. Müəllimlik və professorluqla valideynlik bir arada çətin olmur ki?
– Bu baxımdan əvvəllər çox çətin idi bizim üçün. Mən məktəbə gedib dərs deməyə başlayanda, yalnız bakalavr dərəcəsi almışdım. Professor Alen Palmer onda artıq doktorluq işini müdafiə etmişdi. Mən uşaqlarla məşğul idim, Alen Palmer isə pedaqoji fəaliyyəti ilə. Mən fəlsəfə doktoru dissertasiyamı ancaq 50 yaşımda müdafiə etmişəm və bundan sonra sanki ikinci həyatım başlayıb. Ümumiyyətlə, biz böyük ailə tərəfdarıyıq. Əgər məndən soruşsalar ki, mənim həyatımda ən çətin nə olub – dissertasiya müdafiə etmək, pedaqoji fəaliyyət, yoxsa uşaqları böyütmək. Yəqin ki, sonuncunu seçərdim.
– Böyük ailə tərəfdarı olmanız da şərqlilərə bənzərlik var.
– Bəli, elədir. Onu da deyim ki, biz ailəmizdə təhsilə xüsusi diqqət yetirmişik. Övladlarımızın hamısının bakalavr, magistr və doktorluq dərəcələri var.
– Sizi yenidən Azərbaycanda gözləyəkmi?
– Çox istəyərdik ki, bir daha Azərbaycana qayıdaq.
– Nəhayət, söhbətimizi azərbaycanlılar üçün ağrılı bir məsələyə sizin münasibətinizi öyrənərək bitirmək istərdim. Dağlıq Qarabağ münaqişəsi barədə nə düşünürsünüz?
– Biz ümumiyyətlə, bir çox ölkələrdə olmuşuq ki, onlar müharibədən sonrakı dövrlərini yaşayırlar. Bizim münasibətimiz bu cürdür ki, biz getdiyimiz ölkələrdə imkanlarımız daxilində insanlara yardım etmək, dəstək olmaq istəyirik. Ancaq siyasi mövqe göstərmək istəmirik – çünki bizim səfər məqsədimiz bu deyil. Biz insanlarda müharibənin buraxdığı izləri – ağrını hiss edir, ona yanırıq. Universitetin rektoru professor Nadir Qəhrəmanov, eləcə də bizim bu layihənin koordinatoru Nigar İsgəndərova da Qarabağ münaqişəsi, torpaqlarınızın işğalı barədə bizə xeyli məlumat veriblər. Şəhidlər Xiyabanında olarkən də ürəyimiz çox ağrıdı.
Hazırladılar: Nigar İsgəndərova və Vüsal Məmmədov
Foto: Kərimağa Ağayev