Hər bir xalqı fərqli edən onun özünü dərk etdiyi gündən başlanan tarixi, yaratdığı maddi və mənəvi nailiyyətlərin ifadəsi olan mədəniyyəti ilə ölçülür. Dil, o maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusudur və buna görə də o, hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktorlardan biri sayılır. Dil, sosial hadisədir və buna görədir ki, onu hər bir millətin formalaşmasının ən zəngin və mühüm göstəricisi kimi də qəbul edirlər. Öz qrammatik quruluşuna görə zəngin, fonetik ahəngdarlığına görə qeyri-adi gözəlliyə malik olan ana dilimiz əsrlərdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, min illərin müxtəlif süzgəclərindən alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir.
Azərbaycan xalqı zaman-zaman represiyalara məruz qaldı, dilimizdən istifadə məhdudlaşdırıldı, bəzən həyatımızda geniş yer ala bilmədi. Ancaq Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən dilimizin qayğısına qalmağa başlamış, dil məsələsini qabardanların Sibirə sürgün olunduğu bir vaxtda ana dilimizin bizim üçün həddindən artıq əziz olduğunu vurğulamış, onun uğrunda mübarizə aparmış, 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin növbəti Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili statusu almasına nail olmuş, dilimizin təbiiliyini qoruyub gələcək nəslə çatdırmaq üçün əlindən gələni etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ana dilimizin- Azərbaycan dilinin adını özünə qaytarmış, 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra da dilimizin qorunması və inkişafı ilə bağlı qanunlar qəbul edilmiş, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalanmış, hətta Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Müstəqilliyimizin ilk ilində latın qrafikalı Azərbaycan əlifbasına keçid etsək də, bu qərar kağız üzərində qalmışdır. Ulu Öndərin müvafiq fərmanından sonra ölkədə bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmağa başlandı. Məhz Ümumilli lider Heydər Əliyevin 2001-ci ilin avqust ayının 9-da imzaladığı sərəncama əsasən 1 avqust respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
2003-cü idən Azərbaycana rəhbərlik edən, Ulu Öndərin siyasi və mədəni irsinin davamçısı cənab prezident İlham Əliyevin hakimiyyəti illərində də Azərbaycan dilinin qorunmasına xüsusi həssaslıqla yanaşılmış, bir sıra sərəncamlar, dövlət proqramları həyata keçirilmişdir. “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”- deyə vurğulayan ölkə başçısı 2018-ci il noyabr ayının 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dilimizin inkişafına xidmət edən növbəti fərmanını imzalamışdır.
Bəli, doğrudan da ana dilimizi qorumaq hər birimizin vəzifəsidir. Çünki ana dilimiz dövlət rəmzlərimiz olan himn, bayraq, gerb kimi müqəddəsdir. Bizim varlığımızı sübut edən ən böyük rəmzimizdir. Ana dilimiz bizim qürurumuzdur!
Elvin Əlizadə, YAP Sumqayıt şəhər təşkilatınını əməkdaşı