“Analarının meyitini aparmadılar, dedilər özünüz dəfn edin...” - REPORTAJ

2107

I YAZI

Həyat insana qınamamağı öyrədir. Bir vaxt kimisə atdığı addım, verdiyi qərar üçün qınayırsan, mən heç vaxt bunu eləmərəm – deyirsən, yaxud, düşünürsən. Həyat səni dolandırıb o atdığı addımın, verdiyi qərarın düz astanasına gətirir. O zaman həmin adamın nə yaşadığını, niyə o addımı atdığını çılpaqlığı ilə görürsən, yaşayırsan, anlayırsan. Heç vaxt eləmərəm – dediyini xatırlayıb, bu dəfə özünü qınayırsan. Kimsəni qınamamağı öyrənirsən. Heç vaxt etmərəm – demədən, heç kimi qınamadan oxuyun bu reportajı, lütfən.

İnsan bu addımı atmaq üçün çox bədbəxt olmalıdır. Nə qədər bədbəxt olasan ki, səni dünyaya gətirib qayğını çəkən adamın sənin qayğına ehtiyacı olduğu, dünyadan köçmək ərəfəsində bunu ondan əsirgəyəsən. Onu da, özünü də həyatın bu zövqündən – sevgidən məhrum edəsən. Aparıb qoyasan “Qocalar evi”nə. Qınamıram, amma bədbəxtlikdir, başqa heç nə.

Hər şey astanadan başlayır “Qocalar evi”ndə

Camaat o yerə “Qocalar evi” deyir. Dövlət “Müharibə və əmək əlilləri üçün pansionat” adlandırıb. Bilgəh qəsəbəsində, dəniz kənarında ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən bu pansionatda 235 nəfər ahıl yaşayır, hamısının da yaşı 65-dən yuxarıdır.

Xarici ölkələrdə gənclər valideynlərini aparıb belə müəssisələrə rahatlıqla qoyurlar. Bu, onlarda normaldır. Hesab edirlər ki, onlara orda daha xoşdur. Yəni atalarla oğullar problemi yaşanmır də, hər kəs öz həyatını yaşayır. Bizdə isə normal deyil. Bəlkə nə vaxtsa olacaq, amma hələ belə deyil. Bizim mentalitet belə halları qəbul etmir…

***

Bilgəhdə gözəl hava var. Yayın son ayının dənizdən vuran sərin mehi adamın saçlarını oxşayır. Düşünürəm ki, nə yaxşı ahıllar üçün məhz buranı məkan seçiblər. Xəstəliklərin – təzyiq, şəkər, daha nə – buket formasında “qucaqlarına” verildiyi yaşda onların belə təmiz havaya çox ehtiyacı var. O boyda nisgilin, xiffətin, qüssəsinin içində hava yada düşürsə…

İkibir, üçbir oturub yaşıllığın qoynunda quraşdırılmış çardaqlarda

nərd oynayan, söhbət edən ahılların suallı, həsrətli baxışları altında binaya girib, ikinci mərtəbəyə qalxırıq.

Əslində burda oğlu, qızı, baxanı olmayanlar yaşaya bilər…

Qətibə Əsədova müəssisənin direktorudur. Deyir, bura gəlməyim uzun haqq – hesabdı: “2005-ci ildən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bir neçə uşaq müəssisəsində direktor işləmişəm – Xəzər rayonunda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün internatın, Abşeron rayonu Saray qəsəbəsində Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaq Evinin. Göygöl rayonunda Qızlar çün 8 saylı İnternata rəhbərlik etmişəm”.

2014-cü ilin yanvarından Qətibə xanım burda işləməyə başlayıb.

Maraqlıdır, uşaqlarla işləmək daha rahat idi, yoxsa ahıllarla?

Deyir, hər ikisi çətindi, amma həm də şərəflidir: “Orda çətin tərbiyə olunan, əqli zəif, fiziki qüsurlu uşağı yedirib-içirib yatırırsan, sənətlə maraqlanana sənət öyrədirsən, rəsm çəkmək istəyənin əlindən tutursan, musiqi istəyəni o istiqamətə yönəldirsən. Uşaqlarla işləyəndə çox nailiyyətlərimiz olmuşdu. Çox uşağın istedadını ortaya çıxartmışdıq. Ahıllarla işləməyin də öz qiymətli tərəfləri var”.

Qətibə xanım həmin ahılların həmyaşıdıdır. Buna görə onların dilini daha yaxşı bilər.

Deyir çox kövrəkdilər, hərəsinin bir kaprizi var: “Eləsi var, gərək başını sığallayıb yedirdəsən. Yoxsa yemir. Eləsi var, övladdan, ailədən ayrı çox fikir edir. Ona xüsusi qayğı gərəkdir. Eləsi var, o nisgillə çox yaşamır, tez köçür dünyadan. Bəzisi də bir-iki gün fikir çəkir, sonra alışır burdakı mühitə”.

Müdirə xanım onlara baxmağı öz əməyi hesab etmir. Deyir, dövlətin əməyidir. Dediyinə görə, bir-neçə gün əvvəl Birinci vitse-prezident Mehriban xanım Əliyeva gözlənilmədən, xəbərsiz gəlib bura: “İnanın ki, özüm məzuniyyətdə idim, köməkçi deyir ki, bir də zəng etdilər ki, xanım yaxınlaşır qapıları açın. Ürəyi istəmişdi gəlmişdi. O qədər gözlənilməz olub ki, buket bağlatdıra bilməyib işçilər, həyətdəki çiçəklərdən dərib, ona təqdim ediblər”.

Dövlət yeməyin-içməyin, geyimin, tibbi xidmətlərin hamısını ödəyir burdakı ahılların. Ancaq bura ev olduğu üçün müalicə yox, ilkin yardım alırlar. Müalicələrini Heydər Əliyev Fondu təmin edir. Onlara nəqliyyat da verilib. Qətibə xanım deyir ki, maşını Leyla xanım təşkil edib ki, ürəkləri istəyəndə harasa aparıb-gətirə bilək, yığışıb harasa istirahətə də gedə bilirik.

Bura düşmək üçün hansı şərtlər var? – sualıma isə Qətibə xanım

ürək ağrıdan bir cavab verdi. Deyir əslində, burda ancaq oğlu-qızı, evi, baxanı olmayanlar yaşaya bilər: “Əfsus ki, burda oğlu olan da var, qızı olan da, evi, baxanı olan da. Sadəcə o qədər çətin xarakterləri var ki, heç yerdə qərar tutmurlar, kiminsə yanında yaşaya bilmirlər, gəlib çıxırlar bura. Öz doğmaları ilə yola getmirlər. İndi deyə bilmərəm, bəlkə doğmalarda da təqsir var, amma həyat çətindir. İndi insanlar çörəkpulu arxasındadır, heç övladlarının yanında ola bilmirlər, o ki ola yaşlı valideynlərə vaxt ayırmaq. Heç kimi qınamalı deyil”.

– Diqqət, sevgi görmədiklərindən düşürlər bura.

– Analar heç indi uşaqlarına süd verməyə vaxt tapmırlar, ona görə sevgisizlik yaranır.

– Onların arxasınca gələn olur?

– Xalqımız mərhəmətlidir, gəlirlər, pay gətirirlər. Bunlar da onlar gətirənləri toplayıb saxlayıb övladları yanlarına gələndə verirlər onlara…

Dilləri dönür övladlarından, amma ürəkləri dönmür. Heç dilləri də dönmür. Söhbət etdiyim ata-ananın heç biri övladı haqqında pis danışmadı, yalnız müdafiə elədi.

– Övladları gəlirlərmi barı?

– Gələni də var, gəlməyəni də.

Kimsəsi olmayan biri burda dünyadan köçəndə işçilər özləri onu xüsusi məzarlıqda dəfn edirlər. Hətta doğmaları olanlardan da bəziləri arxasınca gəlib son borcunu yerinə yetirmir, aparıb dəf eləmirlər. Qətibə xanım deyir ki, əslində, hamısının kimisə var:“Xəbər edirik ki, vəziyyət belədir, aparırsan, yoxsa biz dəfn edək? Bir də görürsən, axşama qədər xəbər çıxmır. Bizi gözlədirlər, bir saata deyərik, qoy bacıma deyim, qoy qardaşıma bildirim. Axşama yaxın son dəfə zəng eləyirik, deyir, yaxşı da, aparın dəfn edin özünüz. Hələ minnət də qoyurlar. Ən dözülməzi də odur ki, bəziləri gəlib bunların əlindən təqaüd kartlarını alıb aparıb, özləri xərcləyirlər. Deyəndə ki, gətirin verin özünə, deyir yox, mən ona meyvə alıram, nə alıram. Çox vaxt da yalan deyirlər”.

– Qətibə xanım, bunları eşidəndə adam milləti haqqında bədgüman olur. Bir-iki yaxşı haldan da danışın, heç olmasa. Yaxşı övlad görmüsünüzmü burda?

– Bir dəfə bir oğul gəldi anasını yığışdırıb apardı ki, mən anamsız yaşaya bilmirəm. Üç gün sonra qadın zəng elədi ki, gəlirəm, mən bunlarla qala bilmərəm. Gəldi, çox çəkmədi, rəhmətə getdi.

Qətibə xanıma yaxşı, xoş əhvalat danışın deyə xahiş etdim. Çox fikirləşdi və daha bir nisgilli əhvalat danışdı. Deyir Əminə xanım vardı, bu yaxınlarda dünyasını dəyişdi: “Sovet vaxtı dövlət orqanlarına işləyib, 1100 manat təqaüd alırdı. Bir neçə dil bilirdi, dünyanın hər üzünü görmüş adamdı. Bir qızı olub. Park Bulvarın yanında qızı ilə birgə yaşayırmış. Qızı qəflətən dünyasını dəyişib. İki qız nəvəsi vardı, gətirib bunu qoydular bura. O gedən getdilər, heç zəng də eləmirdilər. Əminə xanım təqaüdünü alıb burdan bir işçiyə verirdi ki, apar bu pulu yarısını o nəvəmə, yarısını da bu biri nəvəmə ver. Bir dəfə o qızlar zəng edib nənələrinə təşəkkür də etmədilər. Qadın gözü yolda dünyasını dəyişdi. Yaxın qohumları gəlib aparıb dəfn etdilər, nəvələri dəfnə də gəlmədilər…

Danışılası çox əhvalatlar var burda. Hərəsi bir insan taleyi… Nisgilli, təsirli, ibrətamiz…

Növbəti yazıda yaşı 80-i keçmiş bir müəllimənin həyatından yazacağıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər