“Ötən gün mən də vəkil Şəhla Hümbətova sosial media hesabından 2019-cu ilin yanvar ayından etibarən heç bir cəzaçəkmə müəssisəsinə buraxılmaması barədə məlumatları oxudum. Doğrusu, vəkillik fəaliyyətində hər birimiz bu və ya digər dövlət orqanının əməkdaşlarının qanunsuz hərəkətləri və qanunsuz tələbləri ilə tez-tez rastlaşırıq”.
Bunu e-huquq.az-a açıqlamasında Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı vəkil Şəhla Hümbətovanın fikirlərinə münasibət bildirərkən deyib.
O bildirib ki, cəzaçəkmə müəssisələri də bu sıradan istisna deyil: “Lakin indiyədək belə bir halla rastlaşmamışam ki, hər hansı bir vəkili 5 ay ərzində heç bir cəzaçəkmə müəssisəsinə buraxmasınlar. Belə bir hal varsa, bu tamamilə qanunsuzdur və vəkil mütləq səlahiyyətli məhkəmə orqanına müraciət etməlidir. Eyni zamanda, Vəkillər Kollegiyasına da müraciət olunmalıdır ki, Kollegiya bu barədə müvafiq araşdırma aparsın. Doğrudur, onun yazdığı statusdan görünür ki, 20 may 2019-cu il tarixdə şikayət ərizəsini Kollegiyanın dəftərxanasına təqdim edib. Əgər həqiqətən də təqdim edibsə, bu zaman gözləmək lazım idi ki, Kollegiya müvafiq araşdırma aparsın, yazılı cavab versin. Kollegiyaya müraciət etdikdən 1 həftə sonra, təxminən, 5 ay ərzində ictimailəşdirilməyən bir məsələni birdən-birə ictimailəşdirmək və Vəkillər Kollegiyasını əsas tənqid hədəfinə çevirmək etik deyil”.
A.Qasımlı dövlət orqanlarının hansısa əməkdaşlarının qanunsuz hərəkətlərinə görə Vəkillər Kollegiyasını ittiham etməyin doğru olmadığını vurğulayıb: “Paylaşılan bu statusdan sonra sosial media cəngavərləri vəkilə qarşı qanunsuzluq edən, konkret cəza çəkmə müəssisəsinə, ümumilikdə Penitensiar Xidmətə qarşı bir kəlmə də olsun irad, tənqid yazmayıblar. Mövzunu bilən də, bilməyən də Vəkillər Kollegiyasını daşlamağa başlayıb, ittiham edir”.