Aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşı dayanır

1124

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın onu sevdiyi qədər onun da xalqını sevdiyini bir daha sübut etdi.

Tarixə nəzər salsaq müstəqilliyin ilk illərində rəhbərliyin səriştəsizliyi nəticəsində tez-tez hakimiyyət dəyişiklikləri yaşayan Azərbaycanda vəziyyət getdikcə kəskinləşirdi, torpaqlarımız ermənilər tərəfindən işğal olunurdu, separatizm meylləri güclənirdi. İctimai-siyasi həyatda hökm sürən qeyri-sabitlik və ölkə rəhbərliyində xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizə ağır zərbələr vururdu.

Bu vəziyyət 1993-cü il iyunun 15-dək davam etdi. Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra cəmiyyətdə köklü dəyişikliklər baş verdi. Heydər Əliyev parlamentə Sədr seçilərkən verdiyi bəyanatla müstəqil dövlətçiliyimizin inkişaf konsepsiyasını və yollarını sistemli şəkildə açıqladı. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.

O, tezliklə ölkədə qanunçuluğun bütün sahələrdə möhkəmlənməsini təmin etməyə, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmağa, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə nail oldu. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm prezidentimizin respublikamızı gətirdiyi bugünkü vəziyyət sübut edir ki, doğrudan da bu siyasət, yəni mərkəzində sadə azərbaycan vətəndaşları dayanan İlham Əliyev siyasəti xalqın həyatı üçün, insanların yaşayıb-yaratması, rifahı üçün ən düzgün siyasətdir.

Məhz bu yanaşmanı əsas götürməklə ötən illər ərzində siyasi proseslərə istər açıq, istərsə də dolayı şəkildə təsir göstərməyə cəhd edən çeşidli qrupların, ayrı-ayrı şəxslərin fəaliyyətini müşahidə və təhlil edərək, gəldiyim qənaət  budur ki, milli mənafelərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərək dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplar, daha doğrusu xəyanətkar qüvvələrin ən böyük problemlərindən biri reallığı dərk etməmələridir. Reallıq isə bundan ibarətdir ki,  insanlar  haqq səsini qaldıran vaxt lider olmaq asandı. Meydana yığışmış kütlənin qarşısında çıxış etmək ondan da asandı. Əsl siyasətçi üçün real vəziyyət indi yaranıb. Siyasi opponentlərimiz real vəziyyətin siyasətçiləri deyillər. Siyasi dividentlərini bitirmiş bu adamlar yenə də özlərinə məxsus cəsarətsizlik nümayiş etdirməkdədirlər. Xalq ağı-qaradan aydın seçir, real olmayan vədlərə inanmır. Bir sözlə bu adamlar siyasi iradəsini, reputasiyasını,xalqın etimadını çoxdan itiriblər.

Prezident İlham Əliyevin həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda büdcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltməsi, iqtisadi liberallaşmanı sürətləndirməsi, siyasi plüralizmin daha da genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul edilməsi xalqın seçiminin düzgünlüyünü bir daha sübut etdi.

Möhtərəm Prezidentimizin imzaladığı yeni sosial paket ümumilikdə 2 milyondan çox insanı əhatə etməkləhəm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Dövlətimizin başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar bir daha sübut etdi ki, bugün Azərbaycan dövlətinin sükanında xalqını sevən, bütün siyasətini xalqının rifahının, sosial vəziyyətinin daha da yaxşılaşmasına yönəldən Azərbaycan Prezidenti dayanır.

Ramiz Hüseynov , YAP Sumqayıt şəhər Təşkilatının sədri 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər