“Apreldə Mübarizin yatdığı otağa girib ona söz verdim” – Gizli qəhrəmanla MÜSAHİBƏ (FOTOLAR)

1429
“Mübariz İbrahimovun xidmət etdiyi postdan düşmənin üzərinə getdim. Getməzdən öncə Mübariz İbrahimovun yatdığı otağa girib onun ruhuna ehtiramımı bildirdim, söz verdim. Mən heç vaxt Vətən yolunda şəhid olmaqdan çəkinməmişəm. Öz-özlüyümdə Mübarizə onun kimi sona qədər gedəcəyim sözünü verərək, irəliyə doğru hərəkətə başladım”.

 

“Cəbhədən yaxşı xəbərlərin gəlməsi müalicəmə müsbət təsir edirdi. Bir sözlə şəhid olmaq qismət olmadı. Amma hələ qarşıda bizi daha böyük zəfərlər gözləyir. Mən o döyüşləri səbirsizliklə gözləyirəm. Və tam səmimiyyətimlə deyirəm mən Vətən uğrunda şəhid olmağa hazıram və həmin şərəfli günü hər an gözləyirəm”.

Onun bir amalı olur, komandirinin tapşırığını yerinə yetirsin və Vətən uğrunda canından keçsin. Mayor Musayev döyüş tapşırığını yerinə yetirir, lakin özünün təbirincə desək qəhrəman döyüşçüyə şəhidlik zirvəsi qismət olmur… Əvəzində isə yaralandığı Talış yüksəkliyində qalib döyüşçü kimi adı hərb tarixinə yazılır. Necə deyərlər hazırda həmin zirvələrdə Vətən keşiyini çəkir.

Ordu.az-ın budəfəki müsahibi gizli qəhrəmanlarımızdan olan, Azərbaycan Ordusunun mayoru Rauf Musayevdir. 

– Komandir, istərdim müsahibəyə özünüz haqda məlumatdan başlayaq…

– Mən Musayev Rauf Şahin oğlu, 1985-ci il mart ayının 11-də Ağstafa rayon Poylu kəndində anadan olmuşam. Orta məktəbə doğulduğum kənddə yollanmışam. Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbini bitirdikdən sonra, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşam. 2006-ci ildə hərbi məktəbi əla qiymətlərlə bitirib, ilk hərbi rütbəmi alaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olmuşam. 2007-ci ildən etibarən Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində xidmətə başlamışam. Müxtəlif istiqamətlərdə xidmət aparmışam. Xidmətimin ilk illərində dəfələrlə qüsursuz xidmətimə görə fərqlənmişəm. Hazırda Azərbaycan Ordusunun mayoru kimi şərəfli xidmət yolumu davam etdirirəm…

– Orta məktəbi əla qiymətlərlə bitirmisiniz. Siz həkim, müəllim, mühəndis və s. sahələr üzrə də təhsil ala bilərdiniz. Necə oldu ki, hərbiçi olmaq qərarını qəbul etdiniz?

– Əvvəlcə məlumat verim ki, atam və iki qardaşım hərbiçidir. Hərbiçi ailəsində böyümüşəm. Amma deməzdim ki, bu məni hərbi yola yönəldən səbəb bu olub. Məni bu yola sövq edən əsas səbəb, ölkəmizin müharibə şəraitində olması və dövlətimizə peşəkar zabitlərin gərəkli olması idi. Həmçinin valideynlərimin vətənpərvərliklə bağlı təbliğatları da az rol oynamadı… Gənc çağlarımda, ilk xidmət dövrümdə qəlbimdə bir məqsəd olub: Şəhid olmağım bahasına qalib olmaq, bayrağımızı yüksəkliklərdə dalğalandırmaq.


– Atanız və iki qardaşınız hərbiçidir. Hərbi təhsil alarkən ailəsində hərbiçi olmayan kursantlarla özünüz arasında fərq, belə deyək ki, hər hansısa bir məsuliyyət hiss edirdinizmi?

– Əlbəttə… Maksimum nizam-intizamlı, məsuliyyətli və diqqətli olmalı idim ki, digər yoldaşlara da örnək ola bilim. Axı mən buradan öncə evimizdə 3 zabitin təlim-tərbiyəsini almışam.

– Kəşfiyyatçı kimi xidmətləriniz olub. Müxtəlif zamanlarda müxtəlif nailiyyətlər əldə etmisiniz. Ümumilikdə bir zabit düşmən arxasında olarkən özünü necə və ya kim kimi hiss edir?

– Kəşfiyyatçı olmaq qürur işidir. O hislərin sözlə ifadəsi çox çətindir. Bəlkə də kimsə nəsə deyər, ifadə edə bilər amma mənim üçün çətindir. Bilirsiniz, minalı ərazidə saatlarla gərgin işləmək, düşmənin arxasına keçib cəmi 3 dəqiqəyə tapşırığı yerinə yetirib geri dönməkdən böyük xoşbəxtlik heç nə ilə əvəz oluna bilməz.

– Komandir, aprel döyüşləri zamanı ağır yaralanmısınız. Ümumilikdə həmin döyüşləri necə xatırlayırsınız?

– Bildiyiniz kimi həmin döyüşlər zamanı düşmən qoşunların təmas xəttində ciddi təxribatlara əl atmağa çalışdı. Bölmələrimizin sayıqlığı nəticəsində düşməninin fəaliyyəti əvvəlcədən aşkarlanaraq, əks tədbirlər görüldü… Komandirimin əmri ilə mən də qrupumu qısa müddət ərzində döyüşə hazırlayıb əks-həmlə edərək hərəkətə başladım.

– Hansı istiqamətdən?…

– Mübariz İbrahimovun xidmət etdiyi postdan düşmənin üzərinə getdim. Getməzdən öncə Mübariz İbrahimovun yatdığı otağa girib onun ruhuna ehtiramımı bildirdim, söz verdim. Mən heç vaxt Vətən yolunda şəhid olmaqdan çəkinməmişəm. Öz-özlüyümdə Mübarizə onun kimi sona qədər gedəcəyim sözünü verərək, irəliyə doğru hərəkətə başladım… Çox şükür ki, qrupumda itki olmadı. Verilən tapşırığı vaxtlı-vaxtında yerinə yetirdik.

– Döyüşlər necə və hansı məsafədən gedirdi?

– Yaxın məsafədən gedirdi. Artıq biz onların səngərinə girəndə məsafə daha da azaldı. Düşmən heç bir ciddi müqavimət göstərə bilmirdi. Müqayisə etsək ki, biz onların üzərinə çox az qüvvə ilə atılmışdıq və müəyyən itkilər göz önünə alınmışdı. Ancaq gözlədiyimiz qədər müqavimət görmədik. Onların komandirləri öz əsgərlərini, yaralılarını döyüş meydanında qoyub qaçırdılar.

– Ümumilikdə, öncədən düşmənin qüvvələri qiymətləndirilmişdimi?

– Əlbəttə ki, komandirimiz hər şeyi yüksək peşəkarlıqla qiymətləndirmişdi. Məhz ona görə də düşmənin əks həmlələri və bütün cəhdləri heç nəyi dəyişdirmədi. Əksinə onların nə qədər zəif olduqlarını ortaya qoydu. Mən çəkinmədən deyirəm, aprel döyüşləri zamanı cəbhənin Ağdam, Tərtər, Goranboy istiqamətində əldə edilən uğurlarımızı komandirim, birlik komandiri, general-mayor Hikmət Həsənova borcluyuq. Məhz onun planlamaları, döyüş manevrləri düşməni rəzil vəziyyətə qoydu.

– Cənab mayor, ümumilikdə komandirin öz komandirinə güvəni şəxsi heyət tərkibində psixoloji vəziyyətin yaxşılaşmasına nə qədər təsir edir?

– İstər əsgər, çavuş, gizir, istərsə də zabit olsun. Əgər o öz komandirinin gücünə, savadına bələd olursa və onu sevirsə, bu, döyüş ruhuna birbaşa təsir edir. Belə deyək meydanda 12-ci futbolçu rolunu oynayır. (Gülümsəyir…)

Bundan başqa məsuliyyət də ikiyə vurulur. Artıq sən tapşırıqla yanaşı tapşırığı verən komandirini də düşünürsən…


– Yaralanmağınız necə oldu?

– Düşmən mövqelərini tam ələ keçirdikdən sonra yaxınlığa düşən mərmi partlayışı nəticəsində çox saylı qəlpə yarası aldım. İlk olaraq gözümü gəzdirib uşaqlara baxdım. Hər kəsin sağ-salamat olduğunu görəndən sonra bir az rahatladım. Xeyli qan itirirdim. İlkin tibbi yardım göstəriləndən sonra məni atəş nöqtəsindən götürdülər. Tez-tez huşumu itirirdim. Bir vaxt özümə gəldim ki, M.İbrahimov postundayam. Bundan sonra yaralarımın ağır olduğuna görə məni Bakıya apardılar.

– Yaralı olmağınızın ailənizdən kimin bilməməsini istəyirdiniz?

– Əlbəttə ki, ailəmin bilməməsini istəyirdim. Amma daha pis hal baş vermişdi. Evdəkilərə yanlışlıqla mənim ölüm xəbərimi vermişdilər. Mən müalicə aldıqdan sonra tibb işçilərindən telefon xahiş elədim. İlk olaraq qardaşıma zəng etdim. Ona hospitalda olduğumu və hər şeyin yaxşı olduğunu bildirdim. Daha sonra isə digər ailə üzvlərimlə danışdım… Cəbhədən yaxşı xəbərlərin gəlməsi müalicəmə müsbət təsir edirdi. Bir sözlə şəhid olmaq qismət olmadı. Amma hələ qarşıda bizi daha böyük zəfərlər gözləyir. Mən o döyüşləri səbirsizliklə gözləyirəm. Və tam səmimiyyətimlə deyirəm mən Vətən uğrunda şəhid olmağa hazıram və həmin şərəfli günü hər an gözləyirəm.

– Komandir, maraqlıdır hərəkət etdiyiniz istiqamətdə düşmənin nə qədər canlı qüvvəsi məhv edilmişdi?

– Ümumilikdə həmin istiqamətdə 90-dan artıq erməni hərbiçisi məhv edilmişdi. Amma mən bununla barışmıram. Çünki, onlar nə qədər çox məhv edilsə daha yaxşıdır… Əlbəttə ki, başqasının torpağında səngər qazıb günahsız insanları qətlə yetirən canlılar məhv edilməyə məhkumdur.

– Bir zabit kimi gənclərə tövsiyəniz nədir?

– Vətəni sevsinlər. Yalnız Vətəni… Çünki Vətəni olmayanın heç nəyi olmur…

Elgün Gəncimsoy

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər