ARDNŞ-in «Azərikimya» İB-nin kollektivi Quba soyqırım məzarlığını ziyarət etmişdir

735

Martın 31-də – Azərbaycanlıların soyqırımı günündə kimyaçıların böyük bir qrupu Sum­­qayıt şəhər ictimaiyyəti – elm və mədəniyyət, təhsil və idman işçiləri, müəssisə rəh­bərləri, ictimai təşkilatların və res­pub­lika mətbuatının nümayəndələri ilə birgə xalqımızın ən ağır və dəhşətli günlərindən birinin inkaredilməz sübutu olan Quba soyqırım məzarlı­ğını ziyarət etmişdir.

Azərbaycan Milli Məclisinin deputatları Muxtar Babayevin və Leyla Abdul­la­ye­vanın da iştirak etdiyi xatirə səfəri zamanı kimyaçılar və şəhər ictimaiyyətinin nüma­yən­dələri «Azərikimya»nın  avtobuslarında tədbir təşkilatçıları tərəfindən təqdim edilən, keçmiş qanlı günləri tarixi dəqiqliyi ilə əks etdirən müxtəlif ədəbiyyat və qəzetlərlə yol boyu tanış olmuşlar.

Quba soyqırım məzarlığını ziyarət edən sumqayıtlılar 1918-ci ildə orada erməni-quldur dəstələri tərəfindən amansızlıqla qətlə yetirilən soyqırım qurbanlarının xatirəsini sükutla yad etmiş, məzarlıq önünə kimyaçılar və Sumqayıt  sa­kin­ləri adından əklillər qoymuş, gül dəstələri düzmüşlər. Günahsız öldürülənlə­rin, üst-üstə qalanaraq diri-diri basdırılanların ruhlarına dualar oxunmuşdur.

Gördüklərindən təsirlənən tədbir iştirakçıları soyqırım məzarlığını ziyarət etdikdən sonra Sumqayıt Dövlət Universitetinin professoru, Azərbaycanın Əməkdar müəllimi, tarixçi-filosof Həsən Sadıqovun, Sumqayıtın nüfuzlu ziyalısı, şair-dramaturq, Ermənistan-Qarabağ hadisələri ilə bağlı səhnələşdirilmiş bir-neçə pyesin müəllifi, əslən Zəngəzurlu olaraq, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin bilavasitə şahidi olan Əvəz Mahmud Lələdağın və digərlərinin «Böyük Ermənistan» yaratmaq xülyaları və bu məqsədlə törətdikləri saysız-hesabsız qanlı cinayətlər barədə fikir və mülahizə­lərini dinləmişlər.

Daha sonra sumqayıtlılar avtobuslarla qonşu Qusar şəhərinə yola düşmüş, 1918-ci ildə orada erməni-daşnak qoşunları üzərində qələbə çalaraq, «Qanlı dərə»də onların böyük canlı qüvvəsini məhv etmiş Quba və Qusar qəhrəmanlarının şərəfinə ucaldılmış monumenti ziyarət etmiş, onun önünə əklillər və gül dəstələri qoymuşlar.

Monumental qəhrəmanlıq abidəsi önündə Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun da iştirak et­diyi xatirə tədbirində Ulu öndər Heydər Əliyevin xalqı­mızın milli yaddaşını, «qan yad­daşı»nı gücləndirmək, bugünkü və gələcək nəsillərin keç­mi­şimizi unutmamaları, tarixin acı dərslərindən nəticə çıxararaq, Azərbaycanın əldə olunmuş müstəqilliyini və azadlığını əbədi olaraq qoruyub-saxlamaları məqsədilə xüsusi fərmanla 31 mart gününün azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi, Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımı abidəsinin daha əzəmətli şəkildə yenidən qurulması, 20 yanvar şəhidlərinin xatirəsinə Bakının girəcəyində möhtəşəm xatirə-kompleksin yaradılması, ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Qusarda qəhrəmanlıq və mübarizə ruhu aşılayan abidələrin ucaldılması yüksək dəyərləndirilmiş, Quba və Qusar igidlərinin əlbir olaraq 1918-ci ildə «Qanlı dərə»də erməni-daşnak qoşunlarına divan tutmalarından, nəsillərə örnək olan qəhrəmanlıqlarından qürurla, fəxrlə söhbət açılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər