ARDNŞ köhnə “zaym” ları geri qaytarır – İqtisadi təhlil

1389

Yəqin ki, sovet dövrünün zayımları yaşlı nəslin yaxşı yadındadır. Sovetlərdən sonra insanların geri qayıtmasını istədiyi çox az şey var: bu az şeylərdən biri elə məhz bu zayımlardır. Dünənə qədər vaxtı ilə banklara qoyulan əmanətlərin qaytarılacağına inanmırdıq. Ancaq qaytarıldı. Hansı şərtlərlə qaytarılması elə də vacib deyil. Əsas odur ki, bu əmanətlər geri qayıtdı. İndi isə sıra zaymlardadır. Yəqin ki, bu dəfə vəziyyət daha yaxşı olacaq . Çünki bu dəfə iş ARDNŞ tərəfindən həyata keçiriləcək.

2013-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkənin qiymətli kağızlar bazarında yerləşdirilməsi üçün 500 milyon manata yaxın məbləğdə korporativ istiqrazların buraxılışını planlaşdırır. ARDNŞ-dən bildirib ki, ölkə daxilində istiqrazların buraxılışı üzrə planlar avroistiqrazların yerləşdirilməsindən yaxşı nəticələrin əldə olunmasından sonra yaranıb. Şirkət Azərbaycan iqtisadiyyatının lokomotividir və istiqrazların buraxılışı ölkənin qiymətli kağızlar bazarının canlanması üçün şərait yaradacaq. Hazırda bu layihələr üzərində işlər gedir.

Məlumata görə, stiqrazların beş illik müddətə buraxılması planlaşdırılır. Yerləşdirmədən əldə olunacaq vəsaitin perspektivli strukturların, o cümlədən “Ümid” qaz-kondensat yatağının inkişafına yönəldilməsi nəzərdə tutulur.

ARDNŞ-in buraxmağı planlaşdırdığı korporativ istiqrazları hər kəs, o cümlədən ölkə vətəndaşları əldə edə bilər.

İnvestisiya məqsədilə maliyyə resurslarının əsas hissəsi qiymətli kağızlar bazarında, əsasən də korporativ qiymətli kağızlar sektorunda formalaşır. Azərbaycanda isə bu gün qiymətli kağızlar bazarının çox hissəsi dövlət qisamüddətli istiqrazlarının payına düşür ki, bu da öz növbəsində maliyyə vasitələrinin lazımi səviyyədə və düzgün yerləşdirilməsini ləngidir.

Hazırda isə Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, korporativ istiqrazlar, veksellər və səhmlər mövcuddur. Lakin ölkəmizdə qiymətli kağızlar bazarı olduqca zəif inkişaf edib. Bunun nəticəsidir ki, geniş əhali kütləsi onun mövcud olmasından belə xəbərsizdir. Qeyd edək ki, Qərb ölkələrində qiymətli kağızlar bazarı yetərincə inkişaf etsə də, Azərbaycanda bu sahədə, hələ ki, lazımi tərəqqi yoxdur. Halbuki, bu bazarın formalaşdırılması üçün ölkəmizin yetərli potensialı var. Ekspertlər qeyd edir ki, bütün dünyada qiymətli kağızlar bazarı yüksək şəkildə inkişaf etsə də və Azərbaycan bu sahədə bazar iqtisadiyyatına daxil olsa da, hələ də böyük problemlər var. Konkret misal kimi vurğulanır ki, ölkəmizdə hər hansı bir şirkətin səhmlərinin qiymətinin artıb-azalması haqda və onun müqabilində səhmdarlara nə qədər dividend verilməsi barədə məlumatlara rast gəlinmir.

Halbuki, xarici ölkələrdə müxtəlif indekslər mövcuddur. Bu indekslər əsasında şirkətlərin səhmlərinin ucuzlaşması və yaxud da artması müəyyən olunur. Bizdə isə baxmayaraq ki, artıq çoxdandır bazar iqtisadiyyatı şəraitində yaşayırıq, qiymətli kağızlar bazarı hələlik formalaşmayıb. Yalnız mətbuatda hansısa bir alış-verişin həyata keçirilməsi barədə məlumatlar eşitmək olar. Onu da bildirək ki, antiinhisar və antiböhran fəaliyyətinin qarşısını almaq üçün də qiymətli kağızlar bazarı təcrübəsindən istifadə olunur.

 

Vəziyyətdən çıxış yolu kimi yaxın perspektivdə Azərbaycanda qiymətli kağızlar bazarı üzrə yeni qanun layihəsi hazırlanacaq. “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” adlı Tvinniq layihəsinin rəhbəri İlona Pyeçiynska-Çyornının sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin təkmilləşdirilməsi işinə Almaniya və Polşadan 80-dən çox mütəxəssis cəlb olunacaq. Onlar 20 ay ərzində həyata keçiriləcək 40 missiya çərçivəsində Azərbaycanda cari qanunvericiliyin Avropa standartlarına uyğunluğunu təhlil edəcək, bunun əsasında yeni qanunun hazırlanması üçün müvafiq məsləhət və dəstək verəcəklər.

 

İqtisadiyyat şöbəsi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər