ARDNŞ öz nümayəndəsini artıq Sumqayıta göndərib

834

Şirkətin ekoloji məsələlər üzrə vitse-prezidenti “Azərikimya”da Məcid Kərimovu əvəz edir

Məlum olduğu kimi prezident İlham Əliyevin sərəncamı ilə “Azərikimya” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkərinə (ARDNŞ) birləşdirildi. Artıq bu prosesin praktik olaraq yekunlaşdırılması üçün lazımi işlər həyata keçirilir.

Xatırladaq ki, “Azərikimya” Dövlət Şirkəti dövlət başçısının 1992-ci il, 13 sentyabr tarixli 199 saylı fərmanı ilə yaradılmışdı. Nizamnaməsinə əsasən şirkət Azərbaycanın kimya və neft-kimya sahələrində istehsalat, elmi-istehsalat və kommersiya birliklərini, zavodları, elmi və layihə təşkilatlarını özündə birləşdirən dövlətin elmi-istehsalat və iqtisadi kompleksi idi.

“Azərkimya” şirkəti öz fəaliyyətini Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezident Aparatının rəhbərliyi altında həyata keçirirdi.

Öz fəaliyyət növü üzrə Şirkət Nazirlik hesab olunurdu; onun Prezidenti Nazir statusuna malik idi və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təyin edilirdi

Nizamnamənin 2.1 maddəsinə əsasən, Şirkətin əsas məsələləri-kimya və neft-kimya kompleksinə daxil olan bütün müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, ölkənin neft-kimya və kimya sahələri üzrə inkişaf strategiyasının və konsepsiyasının hazırlanması və həyata keçirilməsi, dünya standartlarına cavab verən ekoloji təmiz texnoloji proseslərin tətbiqini təmin etmək idi.

Təəssüflər olsun ki, “Azərikimya” son illər, xüsusilə Azərbaycan sürətli iqtisadi yüksəlişi dövründə nəinki bu templə lazımınca ayaqlaşa bilmədi, ümumiyyətlə son 2-3 ildə ona bəslənilən ümidləri tamamilə puç etdi. Hər ötən ay şirkətin müəssisələri fəaliyyətini zəiflətməkdə, dövlət büdcəsinə ödənilən vergiləri azaltmaqda davam etdi. Bu vəziyyət hökuməti də ciddi şəkildə narahat edirdi və beləliklə, şirkətlə bağlı hər hansı ciddi addımın atılacağı ehtimal edilirdi. Belə bir ehtimalla “168 saat” da dəfələrlə çıxış etmiş, şirkətin ARDNŞ-yə birləşdiriləcəyi proqnozu üzərində isə xüsusilə dayanmışdı.

Budur, artıq bu birləşdirilmə ilə bağlı lazımi prosedurlar həyata keçirilir. Böyük ehtimalla gözlənilir ki, “Azərikimya”nın idarəçiliyi “köhnə komanda”nın əlindən tamamilə alınacaq və bu işi ARDNŞ prezidenti Rövnəq Abdullayevin şəxsən etimad göstərdiyi “ekip” həyata keçirəcək. Bu, həm də ona görə asan proqnoz gəlir ki, onsuz da uzun illər ərzində “köhnə komanda” bu işi istənilən kimi qura bilməyib. Artıq yeni təyinatlara start verilib. Belə ki, şirkət prezidenti, millət vəkili Məcid Kərimovun kürsüsündə hazırda ARDNŞ-nin ekoloji məsələlər üzrə vitse-prezidenti Muxtar Babayev əyləşir. Rövnəq Abdullayev tərəfindən Sumqayıta göndərilən M.Babayev şirkətdəki vəziyyəti ARDNŞ-nin Sumqayıtdakı müəssisələrlə bağlı planlaşdırdığı layihələrin perspektivlərini, həyata keçirilmə mexanizmlərini gözdən keçirir, eyni zamanda təhvil-təslim prosesinə nəzarət edir.

Keçmiş nazir Məcid Kərimovun isə baş verənlərdən tədirgin olduğu, Londonla sıx təmasları olan millət vəkilinin ölkəni tərk edərək məhz İngiltərəyə yollanmaq istəyində olduğu söylənilir. Mətbuat isə M.Kərimovun həbs olunma riskini də istisna etmir.

Sumqayıtın neft-kimya müəssisələrində isə optimizm hökm sürür. İş yerlərini itirmişlər, eləcə də əməkhaqları yarıbayarı azaldılmış işçilər yeni rəhbərliyin onların ürəyincə olacağına inanırlar. Eyni zamanda bildirilir ki, ARDNŞ-nin Sumqayıtda start verəcəyi layihələr 10 minə qədər yeni iş yerlərinin açılması demək olacaq.

Ümid edək ki, belə də olacaq. Daha işləmək, bir tikə çörək pulu qazanmaq üçün sumqayıtlılar Bakıya yox, ötən əsrin ortalarında olduğu kimi karyera və iş dalınca gənclər məhz Sumqayıta üz tutacaq.

Vüsal Mətləboğlu, 168 saat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər