Artan yol qəzalarının şok səbəbləri üzə çıxır

1565

Araşdırmalar göstərir ki, yol nəqliyyat hadisələrinin baş verməsində başlıca səbəb sürücülük mədəniyyətinin aşağı olmasıdır

Aparılan araşdırmalar göstərir ki, ötən il yol-nəqliyyat hadisələrinin sayı və həyatını itirmiş insanların sayı baxımından yenə də vəziyyətin qənaətbəxş olmadığını göstərir. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, 2012-ci ildə baş vermiş yol qəzalarında 79 uşaq dünyasını dəyişib, 235-i isə yaralanıb.

Əliyev bildirib ki, hesabat dövründə piyadaların vurulması ilə bağlı 1065 hadisə qeydə alınıb, nəticədə 393 nəfər ölüb, 749 nəfər yaralanıb. Onun sözlərinə görə, Azərbaycanda ötən il baş vermiş 2892 yol qəzasının 874-ü sürət həddinin aşılması ilə baş verən qəzalardır. Bu qəzalarda 397 nəfər ölüb, 792 nəfər yaralanıb.

Qəzaların 757-i ötmə qaydalarının pozulması nəticəsində baş verib, nəticədə 345 nəfər ölüb, 985 nəfər yaralanıb. Ötən il ərzində baş vermiş qəzaların 96-sı sərxoş sürücülər tərəfindən törədilib, nəticədə 42 nəfər ölüb, 105 nəfər yaralanıb. Qeyd edək ki, ümumilikdə 2012-ci ildə baş vermiş yol qəzalarında 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2011-ci ildə Azərbaycanda 2890 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeydə alınan qəzaları doğuran səbəblərin analizi isə ortaya maraqlı faktlar çıxarır. Məlum olur ki, tələfat və ya ağır xəsarətlərlə nəticələnən hadisələr heç də bizim bilmədiyimiz səbəblərdən baş verir. Heç kim, hətta ən təcrübəli sürücü belə yol nəqliyyat hadisəsindən sığortalanmayıb. Lakin sürücüləri daha məsuliyyətli olmağa çağırmaq, ölkədə sürücülük mədəniyyətini inkişaf etdirmək və qanunun tələblərinə riayət etməyin vacibliyini sürücülərə inandırmaqla yollardakı xoşagəlməz vəziyyəti nəzarət altına almaq mümkündür.

Araşdırmalar göstərir ki, yol nəqliyyat hadisələrinin baş verməsində başlıca səbəb sürücülük mədəniyyətinin aşağı olmasıdır. Təhlillər göstərir ki, sürücülər əksər hallarda digər sürücülərə yol vermək istəmirlər. Qarşıda gedən avtomobillə sürət həddinə uyğun ara məsafəsi saxlanılmır. Ötmə əməliyyatı zamanı risqli hərəkətlərə yol verilir. Qarşıdan gələn avtomobil üçün qaçılmaz qəza şəraiti yaradılır. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, qəzaları təcrübəsiz sürücülər törədir. Amma araşdırmalar göstərir ki, qəzaları törədənlərin əksəriyyəti orta nəslin nümayəndələridir. Yəni 30-50 yaş arası olan sürücülər. Bu da bəzi hallarda sürücələrdə özlərinə olan arxayınlıq hissindən irəli gəlir. Amma baş verən hadisələr bu cür arxayınlığın heç də həmişə yaxşı sonluqla nəticələnmədiyni göstərir. Təcrübəli sürücülər sürətlə avtomobil idarə edərkən elə zənn edirlər ki, hər bir manevrə hazırlıqlıdırlar. Amma araşdırmalar bunun tam əksini deyir. Aşdırmalar zamanı o da məlum olub ki, köhnə avtomobillər qəza baş verən zaman sürücü və sərnişinlər daha ağır xəsarət alır. Bu da əsasən Sovet istehsalı olan avtomobillərdə təhlükəsizlik kəmərindən istifadə hallarının az olmasından və təhlükəsizlik yastıqlarının olmamasından irəli gəlir. Qəzaların qarşısını almaq üçün aidiyyatı qurumlar da, vətəndaş da üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidilər. Sürücülər idarə etdikləri avtomobilin özlərinin də, ətraflarındakı digər insanların da qatilinə çevrilə biləcəyi həqiqətini gözardı etməməlidilər.

Ekspertlər bildirir ki, bu gün ölkəmizdə yol mədəniyyətinin formalaşmasına böyük ehtiyac var. Buraya həm sürücülər, həm də piyadalar aiddir. Azərbaycanda yol mədəniyyətinin nə qədər aşağı olduğunu anlamaq üçün İsveçrə ilə kiçik bir müqayisə aparmaq kifayətdir. 9,3 milyon əhalisi olan İsveçrədə 6 milyon maşın və 5 milyon sürücü var. Əhalisinin sayı təxminən İsveçrə ilə eyni olan Azərbaycanda isə 1,2 milyon avtomobil və təxminən bu saya yaxın sürücü var. Bununla belə, il ərzində İsveçrədə yol nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı təxminən 260 nəfərdirsə, ölkəmizdə bu rəqəm mindən çoxdur.

Məlmudur ki, maşını idarə edərkən musiqi dinləmək populyar bir fəaliyyətdir. Musiqinin səsi maşının necə idarə edilməsinə təsir göstərir. Musiqinin növü sürücüyə pozitiv və neqativ təsir göstərə bilər. Araşdırmaların nəticələrinə görə, musiqi sürücünün davranışını dəyişə bilər. Zərb alətləri və ağır metal janrında musiqi sürücüyə aqressiv təsir bağışlaya bilər. Klassik musiqinin təsiri isə bunun tam əksidir. Aqressiv sürücülük daha çox gənclər arasında müşahidə edilir. Musiqinin yüksəkliyi və tempi də əsas faktorlardandır.

İsrail alimlərinin apardığı araşdırmalar musiqinin sürücünün sürəti artırmasına yol açdığını və qəza riskini artırdığını aşkar edib. Ritmik musiqi dinləyənlər 2 dəfə artıq qəzaya düşür. Onlar qırmızı işığı 2 dəfə artıq keçir. Musiqinin səsinin yüksəkliyi sürücünün diqqətini yayındırır. Alimlər maşın idarə edilərkən həzin melodiyaların dinlənməsini məsləhət görür.
Qəzaların baş verməsində sürücülərlə yanaşı, piyadaların da böyük rolu var. Təkcə bir fakta nəzər yetirmək lazımdır ki, yol qəza hadisələrinin təxminən yarısı məhz piyadaların vurulması ilə bağlıdır. Çox təəssüflər olsun ki, bir çox hallarda yolu keçərkən yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər ki, bununla da həm özlərinin, həm də başqalarının həyatını təhlükə qarşısında qoyurlar./xezerxeber.com/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər